İrəvan Teatrında Ulu öndərin işıqlı obrazı

post-img

Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərə diqqəti hər zaman ölkəmizdə hamıya örnək olub. Mədəniyyət və incəsənətimizin böyük hamisi olan görkəmli şəxsiyyət teatr sənətinə xüsusilə yüksək qiymət verib: “Teatr müqəddəs yerdir. İnsanların mənəvi cəhətdən formalaşmasında teatr həmişə çox böyük rol oynamışdır”. 

Ulu öndər teatra, premyeralara get­məyə həmişə vaxt tapıb və adəti üzrə, ta­maşalar bitdikdən sonra səhnə arxasına keçərək yaradıcı heyətlə söhbətlər edib, fikirlərini bildirib. Ömrünün son günlərinə qədər bu ənənəni davam etdirən Heydər Əliyev teatr sənətinin məna və mahiyyə­tini, onun insanların duyğu və düşüncələ­rinə dərin təsirini, tərbiyəvi əhəmiyyə­tini, ideya-estetik keyfiyyətini dərindən duyması ilə seçilirdi; bu sənətin təcrübi və nəzəri əsaslarına yaxşı bələd idi. 

Həmsöhbətimiz sənətşünaslıq üzrə fəlsəfə doktoru, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teat­rının direktoru və aktyoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyevdir. O, böyük qədirbilənliklə bildirdi ki, Ümummilli lider ömrünün sonuna qə­dər Azərbaycan incəsənətinin, o cüm­lədən, Azərbaycan teatrının inkişafı üçün əlindən gələni əsirgəməyib: 

– Məhz ulu öndərin diqqəti sayəsin­də müstəqillik dövründə Azərbaycan teatrı böyük inkişaf yolu keçərək, ide­ya-məzmun cəhətdən xeyli zənginləşib, milli-vətənpərvərlik yönümlü tamaşalar ərsəyə gəlib. Heydər Əliyev ölkə mədə­niyyətinə yeni ruh bəxş etməklə yanaşı, öz şəxsiyyəti, dövlətçilik uğrunda müba­rizəsi ilə də milli məfkurəni, bədii-estetik düşüncəni yeniləşdirib və zənginləşdirib. Təsadüfi deyil ki, ulu öndər İrəvan teat­rında hazırlanmış tamaşaların baş qəh­rəmanı sayılır. 2009-cu ildə bu teatrın səhnəsində dramaturq Aqşin Babayevin “Xilaskar” və 2013-cü ildə mənim yaz­dığım “Qurtuluş dastanı”, 2016-cı ildə Hidayətin “Burdan min atlı keçdi” əsər­lərində ümummilli liderin bədii obrazı yaradılıb. Beləliklə də, milli teatr tariximiz Heydər Əliyev obrazını onun adına və əzəmətinə layiq bir şəkildə canlandır­maqla ən şərəfli missiyanı həyata keçir­miş olub. 

Xatırladaq ki, İftixar Piriyevin ifasın­da görkəmli şəxsiyyətin obrazı özünün mükəmməl bədii ifadəsini tapıb. 2011-ci ildə Beyləqan şəhərində premyerası gerçəkləşdirilən və baş qəhrəman olaraq Heydər Əliyev dühasının canlandırıldığı “İşıqlı, nurlu sabah” adlı mənzum tarixi dastanı da böyük maraqla qarşılanıb. Mədəniyyət Nazirliyinin dəstəyi ilə ger­çəkləşdirilən bu tamaşanın həm mətn müəllifi, həm də quruluşçu rejissoru İf­tixar Piriyev olub. 

Milli-vətənpərvərlik mövzusunun qa­barıq ifadə olunduğu tamaşalardan biri də İftixar Piriyevin qələmə aldığı iki his­səli “Qurtuluş dastanı” tarixi dramıdır. Əsərdəki hadisələr qısa bir dövrü əhatə edir. Lakin burada böyük tarixi proseslə­rin gedişi və nəticələri – sovet imperiyası­nın çökməsi, milli özünüdərkin inkişafı və bunun nəticəsi olaraq müstəqillik ideyala­rının meydana çıxması, parlaması, döv­lətçilik ənənələrimizin dirçəldilməsi üçün möhkəm ideya zəmininin formalaşması öz dolğun, inandırıcı bədii ifadəsini tapıb.

İftixar Piriyev bildirdi ki, səhnə mexanizminin fırlanan olması tama­şanın yaradıcılarına imkan verir ki, ha­disələrin coşqun dönəmini, şəkillərin gah Moskva, gah da Bakıda cərəyan etdiyini hərlənən tərtibat üzərində bə­dii baxımdan daha effektli şəkildə təq­dim edə bilsinlər. 

– Tamaşa Moskva mühiti ilə başla­nır, arxa plandakı qırmızı rəngli Kreml (daha dəqiq desək, Spasskaya qülləsi) görünür, qüllə zənglərinin səsi eşidilir. Orada əsas iştirakçılar – Heydər Əliyev­lə Mixail Qorbaçov üz-üzə gəlir və bədii tərtibatın tam əhatə olunması üçün düz­gün əlbisə-kostyum həlli özünü qabarıq göstərir. Obrazların kostyumları düzgün seçilərək reallığı – qəhrəmanların cəmiy­yətdəki nüfuz və mövqeyini, eyni zaman­da daxili aləmini olduğu kimi göstərir. Hər baxımdan ulu öndərin obrazı xeyli üstün təsir bağışlayır.

Beləcə, tamaşaçı rəğbəti istər-istəməz Heydər Əliyev obrazının üzə­rində cəmləşir. Daha mütənasib, effektli geyim tərzi, şax duruş, səmimiyyət ifadə edən üz cizgiləri bu rəğbəti şərtləndi­rir. Digər obraz isə Mixail Qorbaçovdur. Heydər Əliyevi gözü götürməyən, onun nüfuzuna həsəd aparan Qorbaçov öz “rəqibini” istefaya göndərməklə ondan qurtulmaq, rahat olmaq istəyir. Obrazın mənfi xisləti bir çox xüsusiyyətlərdə – kostyumun, rəsmi olsa belə, bir qədər yöndəmsiz təsir bağışlamasında, ikibaşlı danışıq tərzində, hətta başındakı qırmı­zımtıl ləkədə də özünü büruzə verir.

Əminik ki, bundan sonra da teatrları­mız ulu öndərə həsr olunmuş mövzulara geniş yer verəcək və biz böyük şəxsiy­yətin əzəmətli obrazının aşıladığı dərslər sayəsində yeni-yeni uğurlar qazanaca­ğıq. 

Əlavə edək ki, “Burdan min atlı keçdi” tamaşası da mükəmməl səhnə həlli ilə yaddaşlarda qalıb. Əsər bir sıra teatrın səhnəsində oynanılıb. İrəvan və Sumqa­yıt teatr kollektivləri təmsilçilərinin çıxış etdiyi tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmovdur. Burada ta­rixən Qərbi Azərbaycanda yaşamış soy­daşlarımızın taleyi fonunda Ümummilli li­derin yorulmaz fəaliyyəti işıqlandırılır. Ulu öndərin bədii obrazının ehtiva etdiyi milli məfkurə, Vətən, torpaq və xalq sevgisi, dövlətçilik prinsipləri təcəssüm etdirilir.

Onu da qeyd edək ki, istedadlı akt­yor, yazar, bacarıqlı teatr təşkilatçısı olan İftixar Piriyev Heydər Əliyevə həsr olun­muş “Böyük Turanın himni”, türk, rus, in­gilis, alman, fransız, italyan, ispan, ərəb, fars dillərinə tərcümə olunmuş “Müstəqil vətənin memarı” poemaları, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin anadan olmasının 50 illiyi müna­sibətilə yazdığı və tamaşaya hazırladığı “İşıqlı, nurlu sabah” və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsçüsü olduğu “Xoca­lıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində yazaraq səh­nələşdirdiyi “Soyqırımı tarixinin dastanı” mənzum pyesləri kitab şəklində bir çox dildə oxuculara təqdim edilib. 

Onu da xatırladaq ki, İftixar Piriyev 1999-cu ildə ümummilli lider Heydər Əli­yevin Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının fəaliyyətini gücləndirmək məqsədilə verdiyi tapşırığa əsasən ölkə­mizin Mədəniyyət Nazirliyi tərəfindən iki il müddətinə Gürcüstanın paytaxtına ezam olunmuşdur. 2000-ci ildən isə C.Cabbar­lı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına rəhbərlik edir. Bir çox səhnə uğurları olub. Ulu öndərin obrazını ya­ratmasını isə həyatının ən böyük sevinci, dəyəri sayır.

Türkiyənin Niğdə şəhərində çıxışımız vardı, – deyə o, daha bir fərəhli hadisəni xatırladı. – Tamaşadan sonra şəhər va­lisi Gümrüz Bədər oradakı “Qızıl alma” parkının adını dəyişdirərək Heydər Əli­yev parkı adlandıracağını bildirdi. Çox keçmədən bununla bağlı rəsmi protoko­lun surətini bizə təqdim etdi. Üstəlik də məndən xahiş etdi ki, ulu öndərin nəzər­də tutulan heykəlinin qoyulacağı yeri se­çim. Bir də Niğdə şəhərinə yolum düşsə, ilk növbədə məhz həmin parka gedəcək, ulu öndərin abidəsini ziyarət edəcəyəm.

Qeyd edək ki, “Heydər Əliyev İli” ilə əlaqədar Mədəniyyət Nazirliyinin təşəb­büsü və dəstəyi ilə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı­nın “Nurlu ömrün anları” tamaşası Oğuz, Bərdə, Masallı, Salyan, Sabirabad, Bilə­suvar, Tərtər, Ağcabədi, İmişli, Balakən, Göyçay, Şamaxı rayonlarında, Gəncə, Sumqayıt və Şirvan şəhərlərində nü­mayiş olunub. Tamaşa İftixar Piriyevin “Müstəqil Vətənin Memarı” poemasının əsasında səhnələşdirilib. Bu əsər də Ümummilli liderin həyat yolu və fəaliy­yətinin ən vacib anlarından bəhs edir.

– Yolumuz Heydər Əliyev yoludur, – deyən müsahibimiz bunun hər bir sənət­çinin üzərinə böyük məsuliyyət qoydu­ğunu vurğuladı. – Gələcəyə addımlayan gənclərimizi “Böyük Turanın Himni”, “Müstəqil Vətənin Memarı”, “Nurlu ömrün anları”, “İşıqlı, nurlu sabah”, “Azərbay­can bayrağı”, “Qalx ayağa, Azərbaycan!” “Qurtuluş dastan”, “Qurtuluşa gedən yol” adlı poema və səhnə əsərlərimlə məhz bu işıqlı yolun qədrini bilməyə çağırı­ram. Bu yolu bizə böyük siyasi xadim, Qurtuluş Gününün qəhrəmanı, Azərbay­can xalqının əsl milli qəhrəmanı ölməz Heydər Əliyev bəxş edib.

Ə.DOSTƏLİ, “Xalq qəzeti”

Mədəniyyət