Bu həftə dörd oyunumuz var

post-img

Bu həftə Avropa miqyaslı turnirlərdə Azərbaycanın ən yaxşı klublarının iştirakı ilə keçiriləcək oyunlarla zəngin olacaq. Zarafat deyil, futbol pərəstişkarlarımız “Qarabağ”, “Sabah”, “Neftçi” və “Qəbələ”nin üst-üstə səkkiz məsul görüşünün həyəcanını yaşayacaqlar. 

UEFA Çempionlar Liqası turnirinin birinci təsnifat mərhələsində Cəbəllü­tariqin “Viktoriya” səddini iki qələbə ilə keçən (səfərdə 2:1, evdə 4:0) ölkəmizin 1 nömrəli klubu “Qarabağ” ikinci raun­dun qapısını taybatay açmışdır. Bu dəfə isə Qurban Qurbanovun komandasının rəqibi yaxşı futbol ənənələrinə malik ölkə təmsilçisidir. Təbii ki, Azərbaycan çem­pionu kimi, Polşanın “Rakuv” komanda­sı da qitənin ən nüfuzlu klub turnirində mümkün qədər uzağa getmək əzmində­dir. Kimin ustalığının və iddialarının üstün olduğu meydançada kəskin rəqabətin ye­kununda məlum olacaq.

Rəqiblər ikinci təsnifat mərhələsinin startında polyakların arenasında “müna­sibətləri aydınlaşdıracaqlar”. İyulun 26-na təyin edilmiş “Rakuv”—“Qarabağ” gö­rüşünü isveçrəli hakimlər briqadası idarə edəcək. Avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək cavab matçında isə ədaləti Almaniya Futbol Federasiya­sını təmsil edən hakimlər heyəti qoruya­caq.

Burada Çempionlar Liqasından Kon­frans Liqasına keçid alıb, əvvəlcə so­nuncu milli çempionatımızın gümüş mü­kafatçısı “Sabah”dan danışaq. Rusiyalı mütəxəssis Murad Musayev bu koman­danın “sükanı arxasına” keçdikdən sonra kollektiv cəmi bir il ərzində tam dəyişib, mükəmməl oyunu ilə təkcə öz azarkeşlə­rinin deyil, Azərbaycanın bütün futbol icti­maiyyətinin rəğbətini qazanmışdır. Qarşı­sına ciddi məqsədlər qoymuş “Sabah”ın daha işıqlı gələcəyinə inam böyükdür.

Buna baxmayaraq, Latviyanın RŞF komandası ilə oyunlarda çox diqqətli ol­maq lazımdır. Əks-təqdirdə, Latviya klu­bu birinci mərhələdə Şimali Makedoniya­nın “Makedoniya” komandasının “başına açdığı oyunu “ (1:0 və 4:1) təkrarlaya bilər. Deməli, qarşımızdakı özünə böyük hörmət tələb edən komandadır. Onun hələ ötən il Konfrans Liqasının qrup mər­hələsində oynaması çox şeydən xəbər verir.

Rəqiblər iyulun 26-da Riqada, avqus­tun 3-də isə Bakıda qarşılaşacaqlar. UEFA Latviya paytaxtında oyunu çexiyalı hakimlərə etibar etmişdir.

“Jelezniçar”(Sarayevo) – “Neftçi”. Qardaş şəhərlərin təmsilçiləri. Azərbay­can paytaxtı ilə Bosniya və Herseqovina­nın baş şəhərinin təxminən yarım əsrdir ki, qardaş şəhərlər olduğunu xatırlat­mağa, bəlkə də, ehtiyac yoxdur. Bu iki gözəl şəhərin əlaqələrinin ildən-ilə daha da möhkəmlənəcəyinə inamımızı ifadə edərək, onların futbolçularına iyulun 27-də Sarayevoda, avqustun 3-də isə Bakı­da dərin məzmunlu oyun arzulayaq.

Həmçinin xatırladaq ki, əgər bakılılar “konfransa” rumıniyalı yeni baş məşq­çiləri Adrian Mutunun rəhbərliyi ilə ikinci mərhələdən başlayırlarsa, birinci raund­dan mübarizəyə qoşulan “Jelezniçar” bu yarış çərçivəsində artıq ilk qələbə sevin­cini yaşamışdır. Bosniyalılar Belarusun “Dinamo” (Minsk) komandasını turnirlə vidalaşmağa məcbur etmişlər. İndi isə onlar ilk müvəffəqiyyəti daha da inkişaf etdirməyə çalışacaqlar. Amma mərhələni kimin keçəcəyini proqnozlaşdırmaq çə­tindir.

Nəhayət, “Qəbələ” – “Omoniya” (Kipr) rəqabəti haqqında. “Qarabağ”, “Sabah” və “Neftçi”dəki dostlarından fərqli olaraq, “Qəbələ” futbolçuları ilk görüşdə rəqibi öz azarkeşləri qarşısında qəbul edəcək­lər. Ötən mövsümdə onları Azərbaycan Kuboku ilə sevindirmiş, Premyer Liqada da kifayət qədər yüksək dördüncü yerə sahib olmuş Elmar Baxşıyevin komanda­sı futbol dairələrində özü haqqında yaxşı təəssürat yaratmış “Omoniya”nı iyulun 27-də Qəbələ şəhər stadionunda sınağa çəkəcək. Bundan bir həftə sonra isə özü səfər görüşündə ciddi imtahan verəcək.

Beləliklə, top meydanın mərkəzində­dir. Və nə qədər ki, oyunlar başlamayıb, bütün rəqiblərin imkanları bərabərdir. Yəni heç kim uğursuzluğu ağlına belə gə­tirmir, hamı mərhələ keçməyə ümid edir. Kimin ümidinin doğrulacağı isə başqa məsələdir…

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman