Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 12-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
***
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti dünən Şəhidlər xiyabanını ziyarət edib.
Qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüblər.
Həmçinin “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Sonra Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə əklil qoyulub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzülüb.
Numan Kurtulmuş “Türk şəhidliyi” abidəsinin xatirə kitabına ürək sözlərini yazıb.