Baş nazir III Avrasiya Konqresi müzakirələrində

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 9-da Rusiya Federasiyasının Soçi şəhərində III Avrasiya Konqresinin plenar iclasında qonaq qismində iştirak edib.

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən verilən məlumata görə, plenar iclasda çıxış edən Ə.Əsədov vurğula­yıb ki, hazırkı mərhələdə bəşəriyyətin qarşılaşdığı iqlim dəyişikliyi, qlobal is­tiləşmə, logistika zəncirlərinin pozulma­sı, istehsal resurslarının və nəqliyyat tariflərinin bahalaşması kimi təhdidlər fonunda ərzaq təhlükəsizliyinin təmin olunmasının vacibliyi dünyanın bütün ölkələri üçün görünməmiş səviyyəyə çatıb. 

Diqqətə çatdırılıb ki, bununla əlaqə­dar ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı Azərbaycan Prezi­denti tərəfindən iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi müəyyən olunub. Baş nazirin sözlərinə görə, 2023-cü ildə dövlət büdcəsində ərzaq təhlükəsizliyinin təminatına ayrılan xərclər təxminən 40 faiz artırılıb. 

Plenar iclasın iştirakçıları Azərbay­canda inflyasiyaya qarşı görülən tədbir­lər barədə də məlumatlandırılıb. 

“Nazirlər Kabineti inflyasiyanın işgü­zar fəallığa və əhalinin sosial rifahına təsirlərini minimallaşdırmaq məqsədilə ötən ilin fevralında “Azərbaycan Res­publikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncam verib”, - deyə Ə.Əsədov vurğulayıb. 

Baş nazir Azərbaycanda aqrar sek­torun inkişafı istiqamətində həyata keçi­rilən irimiqyaslı Dövlət proqramlarından da söhbət açıb. Qeyd olunub ki, əsasən kənd təsərrüfatı məhsullarının istehsalı­nın həcminin artırılması üzrə işlər görü­lür, aqrar sektora dövlət dəstəyi sistemi təkmilləşdirilir. Görülən işlər nəticəsində Azərbaycanda 2022-ci ildə kənd təsər­rüfatı istehsalının həcmi 3,4 faiz artıb. Cari ilin yanvar-may aylarında isə kənd təsərrüfatı məhsullarının istehsalı 5,2 faiz artıb.

“Aqrar sənaye kompleksi məhsulla­rının həm əkini, həm də yığımını əhatə edən fermerlərə müxtəlif subsidiyaların verilməsi mexanizmi səmərəli işləyir”, - deyə Ə.Əsədov bildirib. 

Vurğulanıb ki, əsas ərzaq mallarının ehtiyatlarının yaradılması istiqamətində də ciddi iş aparılır və bunun nəticəsində hökumət əhalini zəruri ərzaq məhsulları ilə təmin etməyə nail olub. Qeyd olunub ki, dövlət başçısının tapşırığı ilə 2022-ci ilin iyul ayında Nazirlər Kabineti buğda ilə özünü təminetmə səviyyəsinin ar­tırılması və yerli istehsalçılara dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar Sərəncam verib.

Dövlət Taxıl Fondu ehtiyatlarının ar­tırılması və ərzaq təminatının formalaş­dırılması üzrə paralel tədbirlər görülür. “Məhz bu məqsədlə 2021-ci ilin oktyab­rında Azərbaycan Prezidenti tərəfindən Dövlət Ehtiyatları Agentliyi yaradılıb. Cari ilin yanvarında hökumət Dövlət Taxıl Fondunun ehtiyatları üçün idxal olunan taxıl və taxılın emalı məhsulla­rını gömrük rüsumundan azad edib”, - deyə Baş nazir diqqətə çatdırıb. 

O bildirib ki, Azərbaycan ərzaq təh­lükəsizliyinin təmin olunmasına kömək məqsədilə bundan sonra da Avrasiya İqtisadi Birliyinin tərəfdaş üzvləri ilə əməkdaşlığı genişləndirməyə, öz təcrü­bəsini bölüşməyə hazırdır. 

“Xalq qəzeti”

Son xəbərlər