Əlaqələndirmə Qərargahının Laçın şəhərində növbəti iclası keçirilib

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, iyunun 9-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə qərargahın Laçın şəhərində növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan Samir Nu­riyev 1993-cü ildə xalqın tələbi ilə haki­miyyətə qayıtmış ümummilli lider HeydərƏliyevin müdrik siyasəti və qətiyyətli iradəsi sayəsində dövlətimizin məhv olmaq təhlükəsindən xilas edildiyini, müstəqilliyimizin möhkəmləndirildiyini, ölkəmizin ardıcıl inkişaf yoluna qədəm qoyduğunu bildirib. Samir Nuriyev vur­ğulayıb ki, ulu öndər bütün qüvvəsini və xalqımızın potensialını vahid amal - tor­paqlarımızın işğaldan azad olunması və məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün səfərbər etdi. Ümum­milli liderin layiqli davamçısı Prezident İlham Əliyevin düşünülmüş və prinsi­pial siyasəti nəticəsində Azərbayca­nın sürətli və hərtərəfli inkişafı təmin olundu, Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyuldu və ərazi bütöv­lüyümüz bərpa edildi. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə geniş­miqyaslı yenidənqurma və bərpa işləri aparılır, artıq məcburi köçkünlər doğma yurdlarına qayıtmağa başlayıblar.

Əlaqələndirmə Qərargahının rəh­bəri Azərbaycan Respublikası Prezi­dentinin 2023-cü ilin may ayı ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfərlər edərək bir çox ya­şayış məntəqələrinin təməllərini qoydu­ğunu, infrastruktur və digər obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etdiyini, yenidənqurma və tikin­ti işləri ilə yerlərdə tanış olduğunu və müvafiq tapşırıqlar verdiyini bildirib. Qeyd edilib ki, çoxşaxəli və irimiqyaslı layihələrin reallaşdırılması dövlətimi­zin başçısının işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi ilə bağlı müəy­yən etdiyi sistemli, ardıcıl yol xəritəsinə və strateji xəttə uyğun şəkildə, sürətlə icra olunmaqdadır. Həyata keçirilən la­yihələr çərçivəsində işlərin miqyası ge­nişləndiyinə görə, yerlərdə işin planlı və əlaqəli şəkildə aparılması, o cümlədən bütün aidiyyəti qurumların sıx əməkdaş­lıq mühitində fəaliyyətinin təmin edilmə­si, habelə vaxt və keyfiyyət amillərinin uzlaşdırılması məsələlərinə diqqətin ar­tırılması zəruridir.

Sonra Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı verdiyi tap­şırıqların icrası istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçi­vəsində 2023-cü il ərzində icrası davam etdirilən və həyata keçirilməsi nəzərdə tutulan işlərə dair məruzələr dinlənilib, müzakirələr aparılıb.

Azərbaycan Respublikası Preziden­tinin xüsusi nümayəndələri iclasın gün­dəliyinə daxil olan məsələlərin yerlərdə əlaqələndirilməsi, müvafiq ərazilər üzrə görülən işlərin icra dinamikası və qar­şıda duran vəzifələr barədə məlumat veriblər.

İclasda Azərbaycan Prezidenti tərə­findən qərargah qarşında qoyulmuş vəzifələrin tam şəkildə icrası və müəy­yən edilmiş strateji xəttə uyğun həlli məsələləri müzakirə olunub.

Daha sonra qərargahın üzvləri La­çın şəhərində Aqro və Sənaye Parkında görülən işlər, Heydər Əliyev küçəsinin yenidənqurma konsepti ilə tanış olub, 1 Dekabr küçəsində yaşayış məhəlləsinə baxış keçiriblər. Onlara Həkəri çayının sahilində salınan “Laçın bulvarı”nda aparılan işlərlə bağlı məlumat verilib.

Qərargahın üzvləri Laçın rayonunun Zabux kəndinə səfər edərək, burada zəruri infrastrukturun yaradılması və kəndə qayıdacaq əhalinin rahat həyat şəraitinin təmin edilməsi istiqamətin­də aparılan genişmiqyaslı işlərlə tanış olublar.

Səfərin yekununda Samir Nuriyev qarşıda duran məsələlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün aidiyyəti orqanların rəhbərlərinə zəruri tapşırıqları çatdırıb.

“Xalq qəzeti”



Son xəbərlər