Heydər Əliyev Mərkəzində “Dirçəliş. Başlanğıc” kitabının təqdimat mərasimi

post-img

İyunun 9-da Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə hazırlanan və ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Dirçəliş. Başlanğıc” kitabının təqdimat mərasimi keçirilib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildi­rib. Vurğulanıb ki, ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin sal­maqla yanaşı, xalqımızın mədəni irsinə də ağır zərbə vurub: “Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində şəhər və kəndlərin infrastruk­turunu tamamilə məhv edib. İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abi­dələri də məhv edilib”.

H.Mikayıllı vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliye­vin rəhbərliyi ilə düşmən üzərində parlaq Qələbə qazandı. Bununla da doğma tor­paqlarımızdan didərgin düşmüş keçmiş məcburi köçkünlər öz yurdlarına qayıtma­ğa başlayıblar.

“PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Niyaz İsmayılov uzun müddət işğal altında qalan torpaqlarımıza artıq qayıdışın başladığını vurğulayıb. “Azərbaycan mədəniyyətinin tanıdılması üçün bir çox işlər görürük. Mənfur düşmənin vəhşiliklərinin unudul­maması üçün belə kitabların nəşr olunma­sı olduqca təqdirəlayiqdir”, - deyə N.İsma­yılov bildirib.

Tədbirdə “İRS” Nəşriyyat Evinin kol­lektivi adından çıxış edən fotoqraf Sergey Kivrin, yazıçı-publisist Andrey Vasilyev, Azərbaycan Milli Elmlər Akademiyası­nın prezidenti, akademik İsa Həbibbəyli, “İRS” və “Azerbaijan Airlines” jurnallarının baş redaktoru Musa Mərcanlı çıxışlarında işğaldan azad edilmiş Şərqi Zəngəzurda və Qarabağda iki il ərzində aparılan ti­kinti-quruculuq işlərinin kitabda müfəssəl şəkildə təqdim olunduğunu vurğulayıblar. Çıxışlarda Qarabağ və Şərqi Zəngəzurun tezliklə Azərbaycanın ən gözəl, firavan və çiçəklənən guşələrinə çevriləcəyinə əmin­liklərini ifadə ediblər. 

“İRS” silsiləsi çərçivəsində sayca 21-ci nəşr olan “Dirçəliş. Başlanğıc” kitabı ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

“Xalq qəzeti”

Mədəniyyət