Azərbaycan və Litva Respublikası strateji tərəfdaş ölkələrdir

post-img

Azərbaycan Avropa İttifaqına üzv olan bir sıra dövlətlərlə strateji tərəfdaşlıq haqqında müqavilə imzalamışdır. Ölkəmizin Avropa İttifaqına üzv olan Litva Respublikası ilə sıx siyasi əlaqələri mövcuddur və strateji tərəfdaş dövlətlərik. Bu siyasi əlaqələr digər sahələrdə də əməkdaşlığa böyük təkan verir.

Prezident İlham Əliyevin bugünlərdə Litvaya rəsmi səfəri zamanı bir sıra sənədlər imzalandı. Mətbuata bəyanatla çıxış edən ölkə başçımız Azərbaycan-Litva əlaqələrinin inkişaf etməsin, Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyi töhfələr, ölkəmizdə yaradılmış nəqliyyat və logistika infrastrukturları barədə məlumat verdi.

Dövlət başçısının Litvaya səfəri, iki dövlət arasında bir sıra sahələri əhatə edən sənədlərin imzalanması və Vilnüsdə Azərbaycan-Litva biznes forumunun keçirilməsi iqtisadi və siyasi əlaqələri daha da genişləndirəcək. Litva ilə ikitərəfli əməkdaşlıq Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud əlaqələrə də öz müsbət təsirini göstərməkdədir. Azərbaycan və Litva bərpa olunan enerji sahəsində çox ciddi və paralel işlər aparır. 

Azərbaycan Şimal-Cənub, Şərq-Qərb marşrut xətlərinin qovşağında yerləşdiyindən ölkəmizdə şaxələndirilmiş böyük nəqliyyat və logistika infrastrukturu yaradılmışdır ki, bunun sayəsində də Azərbaycan ərazisindən keçən yüklərin həcmi hər il artmaqdadır. Xəzər dənizini, Cənubi Qafqazı, Baltik dənizi ölkələrilə birləşdirən nəqliyyat marşurutunu da reallaşdırmaq üçün bütün imkanlar mövcuddur. Hər iki dövlət bu marşrut xəttinin yaradılması və fəaliyyəti istiqamətində birgə işlər aparır. 

Vilnüsdə keçirilən Azərbaycan-Litva biznes forumunda Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq, bununla yanaşı ölkəmizdə bərpa olunan enerjinin Avropa ölkələrinə ixracı  barədə də çıxış etdi. Həm Azərbaycanda, həm də Litvada keçirilən biznes forumlarında Azərbaycan və Litva Prezidentlərinin iştirak etməsi iki ölkənin biznes mühitinə və sahibkarlar arasında əlaqələrə verilən diqqətin nümunəsidir. İki dövlət arasında yaradılmış birgə komissiya iqtisadi-ticari əlaqələrin yaradılmasına və gələcəkdə  imkanların dəyərləndirilməsinə böyük təkan verəcək.

Kamilə ƏLİYEVA, 
Milli Məclisin deputatı, professor

Son xəbərlər