“Heydər Əliyev və iqtisadi islahatlar”

post-img

Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri üçün “Heydər Əliyev və iqtisadi islahatlar” mövzusunda seminar keçirilib.
Seminarda iştirakçılar ümummilli liderin həyata keçirdiyi iqtisadi siyasət və bunun Azərbaycanın müstəqil dövlət kimi güclənməsində həlledici rolu barədə məlumatlandırılıblar. Ənənəvi və “onlayn” media təmsilçilərinin iştirak etdikləri tədbirdə nazirliyin iqtisadi siyasət şöbəsinin əməkdaşı Fəridə Əhmədova və nazirliyin tabeliyindəki İqtisadi Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Şükür Quliyev mövzu ilə bağlı çıxış edərək ümummilli liderin ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi iqtisadi siyasətin müxtəlif aspektləri, aparılan nəticəyönümlü islahatlar və bunun Azərbaycanın müstəqil dövlət kimi güclənməsində, qüdrətinin artmasında həlledici rolu barədə iştirakçıları məlumat veriblər.
Vurğulanıb ki, milli iqtisadiyyatın formalaşmasında, bazar iqtisadiyyatının ölkəmizdə bərqərar olmasında Heydər Əliyevin misilsiz xidmətləri olub. İqtisadi məsələlərin mahiyyətini dərindən dərk edən ulu öndər bu sahədə qabaqcıl dünya təcrübəsinin  Azərbaycanda tətbiqinə böyük əhəmiyyət verirdi. Dahi şəxsiyyət neft strategiyasının uğurla həyata keçirilməsindən əlavə, sənayenin müxtəlif sahələrini, xüsusilə qabaqcıl texnika və texnologiyalar əsasında müxtəlif sektorların inkişafını diqqət mərkəzində saxlayırdı. 
Özəlləşdirmənin, torpaq islahatlarının həyata keçirilməsində, sahibkarlığın inkişafında və milli sahibkarlar təbəqəsinin formalaşmasında ümummilli liderin islahatları əsaslı zəmin yaradıb. 
Bu gün ulu öndərin inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çevik və qətiyyətli, uzaqgörən iqtisadi siyasəti sayəsində qazanılan uğurlar daha da möhkəmləndirilir. Dövlət başçısının rəhbərliyi ilə dayanıqlı və davamlı inkişaf edən, dünyada mövqeyi möhkəmlənən, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz daha böyük uğurlara doğru inamla irəliləyir. Özünəməxsus milli inkişaf modeli ilə tanınan Azərbaycan hazırda inkişafının keyfiyyətcə yeni və yüksək inkişaf mərhələsini yaşayır. Ulu öndərin memarı olduğu müasir Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artması, kosmosa rabitə peyki çıxaran dövlətlər sırasına daxil olması, ölkəmizin xaricə investisiya yatıran dövlətə çevrilməsi son illərdə qazanılan uğurların yalnız bir hissəsidir.
Beləliklə, siyasi və iqtisadi baxımdan sabit, davamlı və dayanıqlı tərəqqi yolu ilə irəliləyən Azərbaycanın bugünkü uğurları Heydər Əliyev siyasətinin, bu siyasətin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsinin məntiqi nəticəsidir. Bu inkişaf kursu isə Azərbaycanı daha böyük zəfərlərə, möhtəşəm qələbələrə aparır.
Seminarda media nümayəndələrinin sualları cavablandırılıb, həmçinin, dahi şəxsiyyətin həyat və fəaliyyətinə həsr edilən film nümayiş etdirilib.


“Xalq qəzeti”

İqtisadiyyat