Moskva görüşünün əks-sədası

post-img

Mayın 25-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanın üçtərəfli Zirvə görüşünə Hayastandan müxtəlif reaksiyalar verilib. Haylar bu görüşün onlar üçün uğursuz keçdiyini bildiriblər.
Görüşə ilk münasibət bildirənlərdən biri Demokratik Alternativ Partiyasının sədri Suren Surenyants olub. O, “Facebook” sosial şəbəkəsindəki hesabında yazıb: “Təəssüratım kədərlidir. İlham Əliyev Nikol Paşinyandan “Qarabağ Azərbaycandır” ifadəsini deməyi tələb edib. Paşinyan isə Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazi bütövlüyünün tanınmasından danışmaq üçün Moskvaya tələsib. Azərbaycan lideri iki ölkənin sərhədinin şərti olduğunu deyir. Paşinyan “kadastr şəhadətnaməsi” tipli axmaq bəyanatla onun sözlərini tamamlayır. Paşinyan bu bəyanatı ilə faktiki olaraq Ermənistan ərazilərinin Azərbaycan tərəfindən tutulmasını qanuniləşdirir. Və nəhayət, əgər Paşinyan deyirsə ki, Ermənistanın “kadastr şəhadətnaməsi” yoxdur, o zaman KTMT-dən Ermənistan ərazisinə təcavüzü (?) pisləməyi necə tələb edir?”.  

Politoloq Stepan Danielyan bildirib ki, istənilən hökumət iki komponentdən ibarət legitimliyə malik olmalıdır – xarici və daxili. O, qeyd edib ki, hökumət ya öz xalqının etimadını qazanır, ona arxalanaraq xarici dünya ilə münasibət qurur, ya da hakimiyyətini qorumaq üçün xarici aktorlara arxalanır və onların köməyi ilə xalqını sıxışdırır: “Eyni zamanda, ikinci variantda xalqına qarşı xarici qüvvələrdən istifadə etmək üçün milli maraqlarının ziyanına güzəştə getməli olur. Bu gün Ermənistanda ikinci variantdır. İndiki hakimiyyət bizim milli maraqlarımızı güzəştə gedir və xarici aktorların dəstəyini alır. Bunun üçün isə cəmiyyətin parçalanmasını təmin etməlidir. Təsadüfi deyil ki, bu hakimiyyətin təbliğatçılarının bütün tezisləri xarici siyasət üzərində qurulub: biz kimi himayədar seçirik və kimə güzəştə gedirik?”.
Politoloq Armen Ayvazyan Moskva görüşü ilə bağlı gəldiyi qənaəti belə ümumiləşdirib: “Nikol Paşinyan İlham Əliyevin də qonaq qismində iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurasının iclasında hamının gözü önündə Ermənistan Respublikası hakimiyyət orqanlarının Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını bir daha rəsmən bəyan etdi. Paşinyan görüşdə Laçın (ermənilər bu gözəl diyarımızın adına “Berdzor” yarlığı yapışdırıblar) yolunun bağlanması (?) ilə bağlı bir-­iki qeyri-­adekvat söz deyə bildi. Həm də özlüyündə danışan faktları təqdim etmədən. Məsələn, “blokada”dan əvvəl “Artsax”a nə qədər insan və mal daxil olub və indi vəziyyət necədir? Paşinyana sanki qadağa qoyulmuşdu və onun nəinki Bakıda “qanunsuz olaraq saxlanılan erməni əsirlər”, hətta Ermənistan ərazisinin Azərbaycan tərəfindən davam edən “işğalı” barədə bir söz deməyə cəsarəti çatmadı. Ermənistanın mərhələli şəkildə bölünməsi siyasəti Vaşinqton, Moskva, Ankara və Bakı arasında razılaşdırılıb və ya razılaşdırılır. Növbəti mərhələdə “Artsax”dan ermənilərin çıxarılması və Ermənistanın cənuba və şimala gedən strateji yollarının kəsilməsi planlaşdırılır. Paşinyan xuntasına “Artsax”ın ermənisizləşdirilməsi problemini həll etmək və Ermənistanın cənubuna və şimalına gedən strateji yolları mümkün qədər rəvan və minimum itki ilə Azərbaycanın nəzarətinə vermək tapşırılıb. Bu fəlakətli proses erməni xalqından gizli saxlanılır. Hakimiyyət xalqın sayıqlığını daim səngidir, eyni zamanda, ardıcıl və məqsədyönlü şəkildə ermənilərin müqavimət ruhunu öldürür. Əgər Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsi ilə qismən təsbit olunmuş xalqımızın mövcudluğu üçün həyati tələbləri bütöv bir xalq kimi təsdiqləməyə, təşkil etməyə və yenidən başlamağa vaxtımız olmasa, onda biz Ermənistan dövlətinin labüd məhvinin, Vətəndən tam məhrumiyyətin və qismən türkləşmənin şahidi olacağıq”.


***


Bu arada Hayastanın ilk xarici işlər naziri, “İrs” partiyasının rəhbəri Raffi Ovannisyan dilə gəlib. O, mayın 26-da jurnalistlərə açıqlamasında deyib: “Bunu sülh müqaviləsi adlandırıb-adlandırmamaqdan asılı olmayaraq, bu adam (Nikol Paşinyanı nəzərdə tutur – S.H.) hər şeyi təslim edəcək və müharibə gətirəcək. Bəs müharibə zamanı biz özümüzü qorumaq üçün nə edirik? Bizi bu fəlakətə hazırlamaq üçün dövlət qurumları tərəfindən hansı təşkilati işlər aparılır?
Onun sözlərinə görə, beş il əvvəl “məxməri inqilab” zamanı erməni xalqı layiqli yüksəliş yaşayıb və bu, əvvəlki illərin səhvlərinə, əvvəlki hakimiyyətin davranışlarına cavab idi. Təəssüf hissi ilə qeyd edib ki, xalqın mübarizəsi özəlləşdirilib və bir nəfərin mülkiyyətinə çevrilib. Ovannisyan bildirib ki, bu adam hakimiyyət əldə etmək, ondan həzz almaq və ola bilsin müəyyən proqramlar rellaşdırmaq məqsədi güdürdü: “Biz beş ildən sonra görünməmiş tənəzzül yaşayırıq, dövlətçiliyi öz əlimizlə itirmək təhlükəsi realdır. Əgər biz birlikdə heç nəyi dəyişməsək, o zaman ölkəmizi “soyqırımı” proqramının icrasına təhvil verəcəyik. Nikol Paşinyan Ermənistanın suveren ərazilərini şüurlu şəkildə təhvil verən, insanları qəsdən ölümə sürükləyən və konstitusiyanı pozan cinayətlərini artıq açıq şəkildə etiraf edir”.
Ovannisyan əlavə edir ki, Paşinyan artıq legitimliyini itirib: “Onun könüllü getməyə cəsarəti və ləyaqəti çatmır, dövlət orqanları isə tədbir görmür. Baş verənlər dövlətə, millətə, vətəndaşa xəyanətdir. Onlar Ermənistanı “soyqırımı” ilə hədələyən (?) düşmənlərə təslim etmək istəyirlər. Bunu etməklə, bu şəxs özü də “soyqırımı”nın iştirakçısına çevrilir. Xalq mütləq meydanlara çıxmalıdır, bu gün kollektiv məsuliyyətə ehtiyacımız var, bunun sayəsində biz mövcud vəziyyəti dəyişə bilərik”.
“İrs” partiyasının rəhbəri qeyd edib ki, yaranmış vəziyyətdə dövlət orqanları tədbirlər görməli, kütləvi iğtişaşların qarşısını almaq üçün hakimiyyətin dinc yolla keçidini təmin etməlidir: “Əgər belə deyilsə, o zaman xalq vətəni öz əlinə almalıdır. Dəyişikliklər ona görə lazımdır ki, biz Ermənistanı itiririk, qarşıda bizi müharibə gözləyir”.
***
Erməni siyasi ekspertlərin və partiya sədrlərinin Moskva görüşünə münasibətini şərh edən Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov bildirib ki, onların yanaşması həm nəzəri, həm də regionda yaranmış yeni reallıqlar nöqteyi-nəzərindən əsassızdır: “Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanımağa hazırlaşsalar da, erməni elitasının bir hissəsi sülh müqaviləsinin bağlanmasının mümkünsüzlüyünü əsaslandırmağa çalışır. Onlar Ermənistan qanunvericiliyinin, guya, Paşinyana Azərbaycanın ərazi bütövlüyünü tanımasını qadağan etməsi ilə bağlı düzgün olmayan ­iddialar irəli sürürlər. 
1990-cı il avqustun 23-də Ermənistan Müstəqillik Bəyannaməsini qəbul edib. Bəyannamədə Ermənistan SSR Ali Sovetinin 1 dekabr 1989-cu il tarixli aktında Qarabağın Ermənistanın tərkibində hesab edilməsinə istinad var. Öz növbəsində, 1995-ci il Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad olunub. Konstitusiyanın preambulasında dolayısı ilə 1989-cu il aktına istinad edildiyinə görə, Ermənistan isteblişmentinin bir hissəsi Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı sülh sazişinin Konstitusiyaya zidd olduğunu iddia edir. Paşinyan vaxt udmaq üçün Konstitusiyaya düzəlişlər edilməsi məsələsini qaldıra bilər, amma reallıqda buna ehtiyac yoxdur”.
Fərhad Məmmədovun sözlərinə görə, məsələ ondadır ki, Ermənistanın digər aktorlarla imzaladığı bütün fundamental sazişlər ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur: “Beynəlxalq qanunlara görə, Ermənistanın ərazisi 29,8 min kvadratkilometrdir. Ermənistanın Rusiya ilə ikitərəfli müdafiə sazişlərində, 1992-ci il Kollektiv Təhlükəsizlik Müqaviləsində, eləcə də digər dövlətlərlə imzalanmış bütün müqavilələrdə Ermənistanın ərazisi 29,8 min kvadratkilometr nəzərdə tutulur. Əgər bütün bu sazişlər Konstitusiya Məhkəməsi tərəfindən Ermənistan Konstitusiyasına uyğun olaraq təsdiq edilibsə, o zaman Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı sülh sazişi də Ermənistan Konstitusiyasına zidd ola bilməz. Əks halda, istisnasız olaraq, bütün mühüm beynəlxalq müqavilələr də Konstitusiyaya zidd elan edilməlidir. Bu mənada, Paşinyana Azərbaycanın ərazi bütövlüyünü tanımağa heç nə mane olmur”.


Səxavət HƏMİD, 
“Xalq qəzeti”



Siyasət