Hayastanda narkobiznesə siyasi fiqurlar nəzarət edirmiş

post-img

Xəbər verdiyimiz kimi, banan idxal edən şirkətlərdən biri Ermənistana çəkisi 1 ton olan narkotik maddə – kokain keçirərkən ifşa olunub. Məlum olay Ermənistan cəmiyyətində, eyni zamanda, bu dövlətin parlamentində müzakirəyə, bəzi hallarda isə ciddi gərginliyə səbəb olub. 
Qeyd edək ki, Ermənistanda narkotik tranziti və ticarətinin geniş yer aldığı bundan öncə də məlum idi. Lakin sözügedən fakt bu dövriyyənin miqyası ilə yanaşı, onun ciddi siyasi qüvvələr tərəfindən himayə edildiyini də ortaya çıxarmış oldu.  
Hadisə ilə bağlı məlumat verən Ermənistanın baş naziri Nikol Paşinyan faktı təsdiqləməklə yanaşı, qeyd edib ki, narkotiki ölkəyə keçirən şirkət “Respublika” partiyasından olan sabiq deputat Miqran Poqosyana məxsusdur. Baş nazir qeyd edib ki, artıq Milli Təhlükəsizlik Xidməti məlum cinayətlə bağlı ilk həbsini həyata keçirib və araşdırmalar davam edir. 


***


1 tonluq kokainin ələ keçirilməsi və bu narkotikin ölkəyə sabiq deputat Miqran Poqosyana məxsus şirkət tərəfindən gətirilməsi Ermənistanda narkotik mafiyasının başında mühüm siyasi fiqurların dayandığını göstərir. Bu fakt sübut edir ki, Ermənistan siyasi elitasında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər var və onların əsas gəlir mənbəyi “ağ ölüm”dəndir. 
Bu, Ermənistanda bəzi deputatlar tərəfindən də təsdiqlənməkdədir. Nümunə üçün qeyd edək ki, Ermənistan parlamentinin müxalif deputatı Andranik Tevanyan bir neçə gün öncə mətbuata verdiyi açıqlamada deyib: “Ermənistan hökuməti narkotik mafiyasına çevrilib və bunlarla bağlı əsaslı şübhələrimiz var. Düşünmürəm ki, Ermənistanda bir milyard dollarlıq dövriyyəni təmin edə biləcək kimsə var. Hakimiyyətlə heç bir əlaqəsi olmayan kimsə belə riskli addımı ata bilməz”.
Deputat Ermənistanın gömrük sistemini də tənqid edib, baş verənlərə görə onların da məsuliyyət daşıdığnı bildirib.
Xatırladaq ki, mayın 17-də İtaliya mediasında Ermənistanın narkotiklərin qanunsuz tranzitindəki rolu ilə bağlı konkret faktlara söykənən məlumat yer almışdı. Məlumatda bildirilirdi ki, yerli limanların birində 78 tonluq banan yüklərinin arasında gizlədilən və çəkisi 2,7 ton olan kokain aşkar edilib. İşin ən maraqlı tərəfi isə İtaliyada aşkar edilən bu kokainin öncə Ekvadordan Ermənistana gətirildiyi, daha sonra Ermənistan üzərindən Avropaya nəql olunmasıdır. 
İtaliya mediasının gündəmə gətirdiyi bu məlumat narkotik maddələrin qanunsuz yollarla Avropaya daşınmasında Ermənistanın mühüm rol oynadığını göstərir.


***


Ermənistanda 1 ton kokainin hüquq-mühafizə orqanları tərəfindən aşkarlanması faktı, eləcə də bu ölkənin narkotranzit əhəmiyyəti ilə bağlı dünya mediasında yer alan informasiyalar ölkənin dünyanı sadəcə yalanları ilə deyil, həm də narkotiklə zəhərlədiyini isbatlayır. Qeyd edək ki, hələ 2011-ci ildə Almaniyanın “Bild” nəşrində narkotik vasitələrin Avropaya daşınmasında Ermənistanın rolundan bəhs edən geniş məqalə yer almış, həmin məqalədə ermənilərin işğaldakı Azərbaycan torpaqlarından da öz məkirli məqsədləri üçün istifadə etdiyi qeyd olunmuşdu. 2000-ci illərin əvvəllərindən bugünə qədər Qərb mediasında bu qəbildən olan yüzlərlə məqalə yayımlanıb ki, bu da Ermənistanın bütün Avropa üçün ciddi təhlükə mənbəyi olduğunu göstərir. Bütün bunlar onu söyləməyə əsas verir ki, ölkədə dövlət səviyyəsində həyata keçirilən narkotik biznesinə qarşı mübarizədə dünya ictimaiyyəti öz səylərini birləşdirməli, İrəvanın “ağ ölüm” siyasətinin qarşısını hamılıqla almalıdır.


Seymur ƏLİYEV

Siyasət