Moskva görüşü – Kremlin canfəşanlığı, Bakının qətiyyəti, İrəvanın təxribatı

post-img

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin mayın 25-də Moskvadakı üçtərəfli görüşü Bakı–İrəvan münasibətlərinin normallaşması üzrə Rusiya formatının uğuru kimi yaddaqalan olmasa da, bu təması tamamilə faydasız adlandırmaq doğru sayılmaz. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putinlə keçirdiyi ikitərəfli görüşdə səsləndirdiyi fikirlərə diqqət yetirək: “...Fürsətdən istifadə edərək, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində səylərinə görə Rusiya tərəfinə minnətdarlığımızı bildirmək istərdim. Biz bu səyləri çox yüksək dəyərləndiririk. Bu gün keçiriləcək üçtərəfli görüşdə Sizin iştirakınız da Azərbaycan və Ermənistanın, nəhayət, sülh razılaşmasına gəlməsinə Rusiya Federasiyasının necə böyük əhəmiyyət verdiyini göstərir. Fikrimcə, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bu yaxınlardakı bəyanatlarından, eləcə də Azərbaycan Respublikasının sahəsini konkret rəqəmlərlə göstərməklə Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq. Çünki, bu, başlıca amil idi ki, biz razılığa gələ bilmirdik”.
Ölkəmizin rəhbəri çox vacib məqama toxunur. Ortada Ermənistanın Azərbaycanın suverenliyini tanıması faktorunun mövcudluğunu qabardır. Bəli, Rusiya formatı çərçivəsindəki danışıqlarda buna rast gəlmək mümkün olmamışdı. Qərb formatında isə bu reallaşdı. Deməli, Moskva vəziyyəti nəzərə alıb davranmalıdır. Davrandımı? Deməzdik ki, davranmadı, ancaq prinsip etibarilə sülhə nəinki yaxınlaşmadı, hətta, ondan uzaq dayandı. 
Təbii ki, Putin Kremlin vaxtilə irəli sürdüyü Qarabağa status məntiqindən də kənar durmağa üstünlük verdi. Ümumən, görüntü baxımından onun şəxsində Kremlin tənzimləməyə önəm verdiyini hiss etdik. Bəs, başqa nə? Suala həm üçtərəfli görüş, həm də dövlətimizin başçısı İlham Əliyevin qonaq qismində qatıldığı Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdəki iclası müstəvisində cavab müəyyənləşdirmək mümkündür. 


***


Onu da hiss etdik ki, Moskva sülh gündəliyi ilə bağlı konkret məqamların müzakirə predmetinə çevrilməsində maraqlıdır. Bu, üçtərəfli görüşə dair Kreml rəhbərinin fikirlərindən aydın görünməkdədir: “Biz növbəti görüşümüzün keçirilməsinə dair təklifə operativ reaksiya verdiyiniz üçün minnətdarıq və ümid edirəm ki, bu, bizim artıq çoxdan danışdığımız bəzi məsələlərin praktik həllində yaxşı müqəddimə olacaq”.
Əlbəttə, iki il yarımdan sonra Rusiyanın hələ müqəddimə məntiqinə sığınması bir o qədər ürəkaçan deyil. Digər tərəfdən, bu müqəddimənin də praktik həll baxımından nə dərəcədə faydalı olacağını söyləmək çətindir. Çünki V.Putin Moskva formatında bir çox məsələlərə dair uğur əldə etməyin mümkünlüyünü vurğulasa da, onun uğur formulunun Ermənistanın destruktiv yanaşmasının və zaman-zaman yaratdığı gərginliyin müqabilində kövrək təsir bağışladığı diqqət çəkməkdədir. 
Gərginlikdən söz düşmüşkən, liderlərin Moskva görüşü, kifayət qədər, gərgin keçdi və belə təəssürat yarandı ki, Rusiyanın dövlət başçısı üçtərəfli görüşə dair yekun açıqlaması ilə vəziyyəti, bir növ, normal məcraya qaytarmaq yolu tutmaqda, mahiyyət etibarilə, öz missiyasını iflas yolundan döndərməyə çalışmaqdadır. O, normallaşma kontekstindəki problemlərin, hər nə qədər texniki xarakter daşıdığını desə də, Ermənistanın baş naziri Nikol Paşinyanın Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdəki iclasında söylədikləri heç də hər şeyin texniki mahiyyət daşımadığını deməyə əsas verməkdədir. Nəzərə alaq ki, bütövlükdə, Cənubi Qafqaz regionunun ictimai rəyində başlıca müzakirə predmetinə çevrilən mövzü Putinin söylədikləri yox, sözügedən iclasda Paşinyanın dövlətimizin başçısının çıxışına verdiyi mənasız replika, ümumən, Azərbaycan və Ermənistan liderlərinin bir-birinə qarşı fikirləri oldu. 


***


Yeri gəlmişkən, iclas zamanı Nikolun söylədikləri Azərbaycan, Rusiya və Ermənistan lidelərinin çoxdan gözlənilən 25 may görüşünə öncədən kölgə saldı. Sanki, bir neçə gün qabaq İrəvanda keçirdiyi mətbuat konfransında Qarabağın Azərbaycana məxsusluğunu bildirən o deyildi. Nəticəyə gəlmək mümkündür ki, Paşinyan Azərbaycan-Ermənistan nizamlanmasının, belə demək mümkünsə, Qərb sektorunda dayananda bir cür olur, Rusiyaya gələndə başqa cür. Bu qeyri-ciddilik son dərəcə təhlükəli tendensiyadır. Əlbəttə, anlayana...
Ermənistan baş naziri bildirdi ki, Azərbaycan Laçın dəhlizində qeyri-qanuni sərhəd nəzarət-buraxılış məntəqəsi qurub. Dövlətimizin başçısı ona ölkəmizin ərazi bütövlüyünü tanıdığını xatırladanda isə sözünə düzəliş edərək dedi ki, Laçın dəhlizində sərhəd məntəqəsinin qurulması üçtərəfli Bəyanata ziddir. 
Bəli, Paşinyan vəziyyəti gərginləşdirən ritorikaya üstünlük verdi. Halbuki buna ehtiyac yox idi. Çünki cənab İlham Əliyev çıxışında ölkəmizin şimaldan cənuba və şərqdən qərbə uzanan nəqliyyat qovşaqlarının mərkəzində yerləşdiyini bildirmiş, mövcud xüsusda Zəngəzur dəhlizinin əhəmiyyətini vurğulamışdı. Paşinyan özünün mənasız məntiqi ilə “Zəngəzur dəhlizi” ifadəsinin Azərbaycanın Ermənistana qarşı ərazi iddiası kimi anladı. 
Əslində, Nikolun söylədikləri bəhanədir. Həm də ona görə bəhanədir ki, Ermənistanın baş nazirinin istinad etdiyi 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yoldan söhbət açılır. Bu yola dövlətimizin başçısı “Zəngəzur dəhlizi” deyir və onun fikri artıq beynəlxalq terminə çevrilib. Bəs, Paşinyan nəyə qarşı çıxır? Prinsipcə, Azərbaycanın ərazi bütövlüyünü tanıyan dövlətin rəhbəri bu sayaq qəbuledilməz ritorikaya baş vurmamalıdır. O zaman düşünək görək, Paşinyanın fikri nədir?
Hesab edirik ki, suala cavabı Rusiya və Ermənistan liderlərinin ikitərəfli görüşündə V.Putinin özü verdi. Deyəsən, Kreml rəhbəri Paşinyanın davamlı şikayətləri fonunda onun söhbəti nəyə gətirdiyinin fərqində idi. Aydın görünürdü ki, Azərbaycanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarını pozması ritorikasına köklənmiş Nikol, əslində, ümumən Rusiyanın sülhyaratma missiyasının əhəmiyyətsizliyini vurğulayır. Putinin məsələyə münasibətindən söz açmazdan əvvəl bildirək ki, erməni baş nazirin belə dəst-xətt götürməsi təsadüf sayılmamalıdır. 


***


Məlumdur ki, Moskva mayın əvvəllərindən aktivləşən Qərb vasitəçiliyinin nəticələr verdiyini görmüşdü. Tez bir zamanda üçtərəfli görüş keçirmək təşəbbüsü də bundan qaynaqlanmışdı. Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun bir neçə gün əvvəlki açıqlamasından isə bu duyulmuşdu ki, Moskva öz missiyasını, Qərb nizamlamasının, bir növ, davamı kimi görür. Yəni, Rusiya dolayısı ilə bildirir ki, Cənubi Qafqaz liderləri dünyanın harasında nə danışıq aparmalarından asılı olmayaraq, əsas nəticəyə Moskvada nail olmalıdırlar. 
Qeyd edək ki, 25 may təmasından əvvəl bir sıra ekspert dairələrinin hədəfində sülh müqaviləsinin dayanacağı, vacib sənədin imzalanacağı vurğulanırdı. Paşinyan isə, görünür, ona Qərbdən gələn direktivlərə adekvat davrandı və faktiki olaraq Rusiyanın sülhyaratma təşəbbüsünü heçə endirmək yolunu tutdu. Bu, həm də onu göstərdi ki, Qərb öz təşəbbüsünə Rusiyanı şərik qoşmaq, beləliklə də, ikincinin siyasi dividend qazanmasına maneçilik törətmək əzmindədir. Paşinyanın Ali Avrasiya İqtisadi Şurasının geniştərkibli iclasındakı təxribatçılığı da bunu rəhbər tutmuşdu. 


***


Putinin ona cavabına gəldikdə, Rusiya lideri Paşinyana ilk növbədə ölkəsinin öz prinsiplərinə sadiqliyini bildirdi. Prinsip isə dəyişməzdir – üçtərəfli Bəyanat: “Laçın dəhlizi ilə bağlı üçtərəfli bəyanatımızla bağlı mövqeyimizi bilirsiniz. Biz bu məsələdə mövqeyimizi heç vaxt dəyişməmişik. Və bilirsiniz ki, həm erməni dostlarımızla, həm də Azərbaycanla müzakirələrdə biz həmişə bu mövqedən çıxış etmişik və indi də ona sadiqik. Hər şey bizim bu üçtərəfli bəyanatımızın ruhuna və hədəfinə uyğun olmalıdır. Bizim buradakı mövqeyimiz dəyişməyib”.
Maraqlıdır, Paşinyan Qərb nizamlanması xətti üzrə gedən danışıqlarda üçtərəfli Bəyanata söykənmir. Elə ki, Rusiyaya gəlir, həmin sənədi “işə salır”. Bu yerdə Putin sözügedən bəyanata sadiqlik bildirməklə hesab edə bilər ki, Nikolun könlünü alacaq. Əslində isə Paşinyanın gözlədiyi də elə budur. Təxminən belə: sən başını üçtərəfli Bəyanatla qat. Deməli, Moskva başını bu bəyanatla qatacaq, Paşinyan sənəd kontektstində mənasız məsələləri gündəmə gətirib etiraz bildirəcək, əslində isə Kremlin Qərbin pozitiv sühyaratma missiyasına şərikliyinə imkan verməyəcək.  
Sonda qeyd edək ki, indiki məqamda Putinin Rusiyanın Qarabağda müharibəyə son qoyduğunu bildirməsi və mövcud xüsusda ayrı-ayrı məqamları yekun nəticəyə aparan pozitiv ab-hava göstəricisi kimi təqdim etməsi heç bir önəm daşımır. Çünki Ermənistan üçün prinsipial yanaşma Azərbaycanın üçtərəfli Bəyanata əməl etməməsidir və buna görə günahkar qismində Rusiyanı görür. Üstəlik, Putin də yeni nə isə demir. O, ümumi ifadələrlə məhdudlaşır. 
Gəlinən yekun nəticə isə budur ki, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasının Moskva seqmenti İrəvanın manipulyasiyaları üçün vaxt qazandırır. Hərçənd bu seqmentin sırf sözügedən məqsədi güddüyünü də demək mümkünsüzdür. Rusiya vaxtı yalnız özü üçün udmaqda maraqlıdır. Hərçənd vaxtın onun əleyhinə işlədiyi də aşkardır. 


Ə.CAHANGİROĞLU, 
“Xalq qəzeti”

Siyasət