Küllənmiş ocağı körükləyənlər

post-img

SSRİ adlı qırmızı imperiyanın dağılması prosesinə “xeyir-duasını” vermiş Qarabağ münaqişəsinin həllini şərtləndirən sülh müqaviləsinin imzalanmasını uzatmağa meyilli görünən Moskva tarixin arxivinə gömülmüş həmin ittifaq dövlətinə olan nostaljisini nümayiş etdirməkdən çəkinmədi. Rusiyanın vasitəçiliyi ilə baş tutan, faktiki fiaskoya uğradığı kəskinliklə söylənilə biləcək üçtərəfli sülh danışıqlarının 25 may raundu daha çox gündəlikdəki ana mövzuya dəxli olmayan ismarıclar, çağırışlar və jestlərlə yadda qaldı. 


Qonaqdan “ailə üzvünə” diplomatiya dərsi  


Əslində, Kremlin Azərbaycan və Ermənistan arasında sülhyaratma missiyasına uyğun düzənlədiyi danışıqlarla eyni gündə Avrasiya İqtisadi İttifaqına üzv dövlət  başçılarının sammitinin təşkil olunması ilk baxışdan təsadüfi sayıla bilər. Amma bu tədbirlərin eyni məkanda və zamanda çulğaşması iki görüş-hadisə arasında müəyyən bağların olduğunu deməyə əsas verir. Elə iqtisadi-ticari mövzuda gedən Aİİ Şurasının “dəyirmi masa” arxasındakı müzakirələrində qurumun üzvü Ermənistanın baş naziri ilə toplantıya qonaq qismində dəvət olunmuş Azərbaycan Prezidenti İlham Əliyev arasında Laçın yolundakı sərhəd nəzarət-buraxılış məntəqəsi ilə bağlı gərgin dialoqun özü bəzi ehtimallara yol açır. Amma gəlin, həmin dialoqda Aİİ ailəsinin üzvünə – Nikol Paşinyana qonağın – İlham Əliyevin verdiyi diplomatiya dərsinə diqqət yetirək: “Dəhliz” sözü kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və bu terminologiya ilə tanış olan ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdi. Laçın-Xankəndi yolu açıqdır, sərhəddə bütün beynəlxalq normalara uyğun nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir”.
Aİİ Sammitinin mötəbər qonağının diplomatik eyhamlarından nəticə çıxarmayan Hayastanın baş naziri daha aydın və sərt cavab eşitməli oldu. Dövlət başçımız ona bir daha xatırlatdı ki, Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları yoxdur və bu cür ittihamlar absurddur: “Bunu təsəvvür etmək üçün güclü fantaziyaya malik olmaq lazımdır”.
Erməniliyindən heç cür əl çəkə bilməyən, bu səbəbdən verdiyi vədindən, dediyi sözündən qaçan Paşinyanın növbəti cığalllığı gözlənilən idi.    


Tokayevdən SSRİ ­nostaljisinə kəskin reaksiya 


“Burada Sovet İttifaqının keçmiş respublikalarıdır. Biz vahid xalqlar ailəsində yaşamışıq və əfsuslar olsun ki, burada bizim xeyli ziddiyyətlərimiz var, silahlı münaqişələrə gedib çıxır. Rusiyada da məlum istiqamətdə eynisi baş verir. Buna görə də bütün bunlar olduqca həssasdır, bütün bunlar insan faciələri ilə bağlıdır. Biz hamımız maraqlıyıq ki, bütün bu problemlər həll olunsun...”. 
V.Putin problemlərin necə, hansı yolla həllindən danışmasa da, işarəni haralara vurduğu aydın idi. Bu işarənən altında nəyin gizləndiyi Aİİ-nin Zirvə toplantısında iştirak edən keçmiş Sovet İttifaqının subyektlərinin indiki liderlərinin hamısı yaxşı bilirdilər. Amma “çağırışa” reaksiya bir eks-subyektin – Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dilindən səsləndi.    
Çıxışında Avrasiya İqtisadi İttifaqının daxilində Rusiya və Belarusun timsalında müttəfiq dövlətin mövcudluğuna diqqəti çəkən Prezident Tokayev bunu dünya siyasi tarixində özünəməxsus fenomen adlandırdı. Qazaxıstan Prezidentinin Rusiya liderinin problemlərdən danışarkən SSRİ dönəmini xatırlamasına reaksiyası isə maraqlı və kəskin oldu: “Vahid siyasi, hüquqi, hərbi, iqtisadi, valyuta, mədəni, humanitar məkana, İttifaq hökumətinə, ittifaq parlamentinə malik iki ölkə – bir dövlət. Üzr istəyirəm, hətta, nüvə silahı hər ikisinə aiddir. Amma inteqrasiyanın Qazaxıstanın və Qırğızıstanın təklif etdiyi başqa bir səviyəsi də var və bu reallıqla hamımız hesablaşmalıyıq. Bu şərtlər daxilində necə işləyəcəyik? Bu, konseptual sualıdır”.   
Bununla kifayətlənməyən Qazaxıstan lideri Aİİ-nin Sammitindən bir gün sonra mətbuat katibi Ruslan Jeldibayın dili ilə Astananın bu məsələyə yanaşmasını konkretləşdirdi: “Qazaxıstan hər hansı İttifaq dövlətini yaratmaq, yaxud ora daxil olmaq niyyətində deyil. Aİİ-nin çərçivəsindən kənara çıxmaq onun məqsəd və prinsiplərinin, təşkilatın nizamnamə sənədlərində göstərilən vəzifələrin pozulması deməkdir”. Kifayət qədər aydın və sərrast reaksiyadır.    


Erməni revanşizminin ­qarşısına sədd çəkilməlidir


Ortada danılmaz bir həqiqət var və onun üzünə dik baxmalıyıq. Bəli, erməni milləti hələ də 44 günlük müharibədəki məğlubiyyəti milli alçalma faktı kimi yaşayır. Bu hiss onlara rahatlıq vermir. Və bu hissin gətirdiyi yorğunluq, qorxu, təsəvvür etdikləri ilə reallıq arasındakı dərin uçurum, yeni nəsil üçün isə zülmət perspektivin əmələ gətirdiyi dəhşətli apatiya onları küçəyə çıxıb “miatsum!” bağırmaq istəyinin qarşısını kəsir. Bunları yazanda erməni cəmiyyətinin böyük kəsiminin bu gün üzləşdiyi və anladığı gerçəkiliyi nəzərdə tuturuq. 
Amma üstü küllənmiş kimi görünən erməninin şovinizm, millətçilik, revanşizm ocağının sabah yenidən alovlanmayacağına bu gün heç kəs təminat verə bilməz. Həm də bu səbəbdən sayıqlığı itirməməliyik. Yaxın taktikamız Qarabağımızda qalmış, daha doğrusu, qalmağa qərar vermiş bir ovuc erməninin reinteqrasiyası, gələcəyə strateji planımız isə erməni revanşizminin qarşısına keçilməz sədd çəkməkdir. Çünki erməni ləyaqətli yox, etibarsız düşməndir.
Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında özünü əsas vasitəçi kimi aparan Moskva bu dəfə də Bakının ümidlərini doğrulda bilmədi. Bunu Rusiya liderinin özü də etiraf etməli oldu və bir həftədən sonra iki ölkənin baş nazirlərinin iştirakı ilə yenidən görüşməyi təklif etdi: “Biz bir həftədən sonra görüş barədə razılığa gəldik. Bu gün cümə axşamıdır. Ermənistan, yaxud Azərbaycan nümayəndə heyətlərinin hər hansı təklifi varmı? Çünki həmkarlar bu barədə öz aralarında razılaşmalıdırlar. Bir həftədən sonra normaldır?”.

Tərəflər onunla razılaşdılar. Qarşıdakı cümə axşamı iyunun 1-nə təsadüf edir. İntəhası, bu halda tarix heç də təsadüfən seçilməyib. Axı, iyunun 1-də Kişinyovda Aİ Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan, Ermənistan, Fransa və Almaniya liderlərinin dördtərəfli görüşü planlaşdırılıb. Bu tarixin seçilməsi görəsən təsadüfidirmi?  

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

Bundan sonra SSRİ-nin bərpasına inananların siyasətdə yeri yoxdur. Bunun üçün edilən cəhdlər də faydasız və mənasızdır. Rusiya-Belarus ittifaq dövlətindən savayı heç kəs buna yaxın durmur. Həmin iclasda Qazaxıstan Prezidenti Tokayev Putini birmənalı olaraq başa saldı ki, bu məsələdə münasibətləri aydınlaşdırmaq lazımdır. Yəni Avrasiya İqtisadi İttifaqındakı ölkələri vahid formatda daha sıx birləşdirmək kimi ideya heç də Qazaxıstanın, eləcə də digərlərinin maraqlarına uyğun deyil. 
Azərbaycana gəldikdə isə, Prezident İlham Əliyev oradakı iclasdan əvvəl də bəyan etmişdi ki, Bakı dövlətüstü idarəetmə strukturuna malik qurumlarda iştirak etmək niyyətində deyil. Çünki biz Qoşulmama Hərəkatının üzvüyük, o cümlədən Avropa İttifaqında, Avrasiya İqtisadi Birliyində iştirakımız planlaşdırılmır. Yəni ölkələrlə ikitərəfli müqavilələr əsasında münasibətləri inkişaf etdirir. Amma, bu, heç də o demək deyil ki, Bakı Aİİ tipli qurumların toplantılarında müşahidəçi qismində iştirakdan boyun qaçıracaq. Bu qurumun daxilində gömrük, ticarət sahələrində müəyyən qaydalar işləyir və Azərbaycanın Ermənistandan başqa, buradakı ölkələrlə qarşılıqlı iqtisadi əməkdaşlığı var. Və Aİİ-də qəbul edilən qərarlar bizim ikitərəfli əlaqələrimizə öz təsirini göstərə bilərsə, təbii ki, bu qurumun işində iştirak etmək, lazım gələndə təkliflər vermək müsbət haldır. Sadəcə, Azərbaycan bu məsələdə nə boynuna öhdəlik götürüb, nə də müstəqil siyasətinə məhdudiyyət qoyacaq.           


İmran BƏDİRXANLI, 
“Xalq qəzeti”



Siyasət