Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol

post-img

“Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda ikinci beynəlxalq humanitar konfrans işini mayın 26-da Bakıda davam etdirib.


Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
Sonra konfransın ötən gün Ağdamda keçirilmiş açılış mərasimi ilə bağlı videoçarx nümayiş olunub.
BMT-nin Minalardan Təmizləmə Xidmətinin (UNMAS) direktoru İlene Kohn beynəlxalq konfransın iştirakçılarına onlayn müraciət edib. Bildirib ki, BMT ölkələrin minalardan təmizlənməsinə, minaların yayılmasının qarşısının alınmasını təşviq etməyə davam edəcək. “Azərbaycan hökuməti, ANAMA minaların təmizlənməsi istiqamətində əhəmiyyətli işlər görür. ANAMA həm də digər ölkələrlə təcrübəsini bölüşür ki, bu da çox vacibdir”, - deyə İlene Kohn diqqətə çatdırıb.
“Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühn videomüraciətində Azərbaycana səfəri çərçivəsində minalardan əziyyət çəkmiş insanların, qadınların acı hekayələrini eşitdiyini, onları dinlədiyini vurğulayıb: “Biz minalanmış əraziləri bağlara çevirməliyik. Bu gün 60-a yaxın ölkə 100 milyona yaxın mina və partlamamış sursatla çirklənib. Azərbaycan da bu ölkələrdən biridir. Azərbaycanın ərazilərində 1 milyona yaxın mina və partlamamış sursat basdırılıb. Biz minaları təmizləmək və yenilərinin basdırılmasının qarşısını almaq üçün birgə işləməliyik. Biz insanlıq üçün birləşməliyik”.
Konfransın ilk sessiyası “Milli mülkiyyət və beynəlxalq dəstək – bunun üçün ən uyğun tarazlıq axtarışında olmaq” mövzusuna həsr olunub.
Çıxışlarda bildirilib ki, Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Mina problemi ölkələrin inkişafı üçün maneə yaradır. Minaların təmizlənməsi insanların elektrik, su təchizatı problemlərinin aradan qaldırılmasına kömək edəcək.
Tədbirdə, həmçinin ANAMA-nın 1998-ci ildən etibarən fəaliyyəti, bu sahədə qazandığı nailiyyətlər və təmizləmə işlərinin aparılması haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, 147 min hektar ərazi minalarla çirklənib. Minalar arasında ən çox rast gəlinən Ermənistanda istehsal olunan qara plastik minalardır. Azərbaycan hökumətinin, ANAMA-nın əsas məqsədlərindən biri dünya icmaları ilə bir araya gələrək təcrübə mübadiləsi aparmaq, səmərəli minatəmizləmə siyasəti ortaya qoymaq və əməkdaşlığı gücləndirməkdir.
“Minasız dünyaya nail olmaq üçün qlobal tərəfdaşlıq” mövzusunda ikinci sessiyada Azərbaycanın qlobal səviyyədə humanitar minatəmizləmə prosesinə verdiyi töhfələrdən danışılıb. Diqqətə çatdırılıb ki, ərazilərin yenidən bərpası üçün minatəmizləmə prosesi çox vacibdir. Minatəmizləmə yalnız bundan əziyyət çəkən ölkələrin məsuliyyəti olmamalıdır. Eyni zamanda, digər ölkələr, beynəlxalq ictimaiyyət, qarşı tərəf bu məsuliyyəti bölüşməli, minadan əziyyət çəkən ölkəyə yardım etməlidir.
Həmçinin tədbirdə Ottava Konvensiyasının vacibliyi vurğulanıb. Bildirilib ki, bu Konvensiya həm də Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə də minalardan azad dünyaya nail olmaq üçün əsas mexanizmlərdən biridir.
Tədbirin “Minaların və müharibənin partlayıcı qalıqlarının insan təhlükəsizliyinə təsiri” mövzusunda növbəti sessiyasında çıxış edənlər bildiriblər ki, minaların təmizlənməsi böyük məbləğdə vəsait tələb edir. Dünya ölkələri minatəmizləmə ilə bağlı effektiv siyasət ortaya qoymalı və mina qurbanlarına yardım üçün layihələr təşkil etməlidir.
Konfransın sonunda bəyannamə qəbul olunub.
Sonra BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev bu bəyannamənin qəbulunun əhəmiyyətini vurğulayıb. O, beynəlxalq konfransın təşkilinə görə ANAMA-ya və BMT-nin Azərbaycandakı nümayəndəliyinə təşəkkür edib və bildirib ki, konfrans çərçivəsində vacib və maraqlı müzakirələr aparılıb.
A.Zuyev mina təhlükəsinin qarşısının alınmasında beynəlxalq həmrəyliyin vacibliyini qeyd edib.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyinin rəhbərinin müavini Sultan Hacıyev deyib ki, konfrans ötən il 30 mart - 1 aprel tarixlərində “Humanitar Minatəmizləmə və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda keçirilmiş beynəlxalq konfransın davamıdır. O, konfransda 51 ölkəni təmsil edən rəsmi şəxslərin iştirakının dostluq şəbəkəsinin yaranmasına kömək etdiyini deyib.
Qeyd edək ki, konfransın birinci günü mayın 25-də Ağdamda keçirilib və qonaqlar panel müzakirələrdə iştirak ediblər. Ağdama səfər çərçivəsində iştirakçılar bərpa-quruculuq planları ilə tanış olub, mina partlayışları nəticəsində zərərçəkmiş amputant futbolçuların oyununu izləyiblər. Onlar, həmçinin ANAMA-nın fəaliyyət göstərdiyi minatəmizləmə sahəsinə səfər edib, minaların partlayış yolu ilə zərərsizləşdirilməsinin şahidi olublar.



Siyasət