Media və ailə problemləri

post-img

Bu mövzu peşəkarlıq, həssaslıq və məsuliyyət tələb edir

Dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" və Azərbaycan milli mətbuatının yaranmasının 150 illik yubileyi münasibətilə “Ailə, qadın və uşaq məsələləri media müstəvisində: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirildi. Toplantıda medianın sosial institut kimi rolu, onun etik sərhədləri və yeni kommunikasiya texnologiyalarının doğurduğu çağırışlar müzakirə edildi.

Məclisdə qeyd edildi ki, müasir medianın ictimai təsir gücü artdıqca, ailə, qadın və uşaq məsələlərinin təqdimatı da daha incə peşəkarlıq və məsuliyyət tələb edir. Cəmiyyətin dəyərlər sisteminə yön verən informasiya siyasətində bu mövzuların işlənmə tərzi yalnız sosial deyil, həm də mənəvi məsuliyyət daşıyır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd etdi ki, Azərbaycanda məişət zorakılığına qarşı mübarizə istiqamətində mühüm addımlar atılıb, gender bərabərliyi üzrə 2025-2027-ci illər üçün Milli Fəaliyyət Planı" da hazırlanıb və müvafiq qurumlarla razılaşdırıldıqdan sonra hökumətə təqdim edilib. Hazırda həmin planın qəbulunu gözləyirik. Bu gün İslam ölkələri yaxın qohum nikahlarının qarşısının alınması istiqamətində Azərbaycan təcrübəsi ilə maraqlanırlar. Qanunvericilikdə yaxın qohumlar arasında nikahların qarşısının alınmasına yönəlmiş dəyişikliklər minilliklərə söykənən bir mənfi adətin aradan qaldırılması idi. Bu nailiyyətlə qürur duyuruq.

Komitə sədri söylədi ki, şəhid ailələrinin sosial dəstək sisteminin gücləndirilməsi çərçivəsində hazırda 34 şəhid xanımı ali təhsil almaq imkanı əldə edib və bu, Komitənin dəstəyi ilə reallaşıb. Ali təhsil üçün yaradılan bu imkanlar çərçivəsində şəhid ailələrinin üzvlərinin gələcəkdə ölkənin inkişafına töhfə vermələri məqsədilə həm maliyyə, həm də inzibati dəstək mexanizmləri təmin edilir. Yeni hüquqi bazanın formalaşması nəticəsində ailə, qadın və uşaqlara yönəlmiş islahatlar sürətlə davam edir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu vurğuladı ki, gənclər arasında ailə dəyərlərinin, milli ənənələrin, mənəvi məsuliyyət hissinin təşviqinə yönəlmiş informasiya məhsullarının hazırlanması vacibdir. Azərbaycan cəmiyyətində ailə institutunun möhkəmləndirilməsi, qadınların sosial fəallığının artırılması və uşaqların sağlam mənəvi mühitdə böyüməsi üçün aparılan işlər dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə medianın düzgün və obyektiv fəaliyyət göstərməsi, həm maarifləndirici, həm də təbliğat xarakterli materialların hazırlanması mühüm əhəmiyyət daşıyır. Biz bu sahədə yeni yanaşmalara, innovativ media layihələrinə ehtiyac duyuruq. Müasir dövrdə medianın üzərinə düşən əsas vəzifələrdən biri də bu ictimai və siyasi şüurun yönünü düzgün müəyyənləşdirməkdir. Mediamız milli gündəm yaratmağı bacarmalıdır.

Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid qeyd etdi ki, informasiya bolluğu içində dərinlik itir, peşəkar analizə ehtiyac isə artır. Dünya dəyişir, media yenilənir, daha çox rəqəmsallaşma və konkretləşməyə doğru gedir. Artıq jurnalistikanın klassik janrları reportaj, müsahibə, şərh və araşdırma yazıları əvvəlki qədər ön planda deyil. Onların yerini daha qısa, sürətli və bəzən səthi xəbərlər tutur. Peşəkar jurnalistikanın qarşısında duran əsas vəzifə bu xaotik prosesi arxada qoymaq və yenidən etibarlı, düşünülmüş sözün dəyərini bərpa etməkdir.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rektoru Almaz Mahmud söylədi ki, xüsusilə ailə və uşaq mövzuları kimi həssas məsələlərdə jurnalistlərin etik standartlara əməl etməsi son dərəcə vacibdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu istiqamətdə kifayət qədər dərin və peşəkar tədqiqatlar aparır. Onların hesabatları heç də Avropa standartlarından geri qalmır, hətta bəzi məqamlarda daha praktik yanaşma nümayiş etdirir. Problem budur ki, araşdırmalar mediada kifayət qədər istifadə olunmur. Bu sahədə ixtisaslaşma vacib şərtdir. Jurnalist kiber təhlükələr, onlayn zorakılıq və sosial medianın etik tərəfləri haqqında kifayət qədər bilik sahibi olmalıdır.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu vurğuladı ki, etik qaydaları pozan xəbər nə qədər diqqət cəlb etsə də, o, cəmiyyətin etibarını itirir. Jurnalistin əsas istinad nöqtəsi peşə etikası normaları olmalıdır. Xüsusilə ailə institutu və uşaqlarla bağlı mövzulara toxunarkən bu normalara əməl etmək zəruridir. Bu, sadəcə, peşə tələbi deyil, jurnalistikanın “qırmızı xətti”dir. Buna görə də jurnalistin səhv etməyə haqqı yoxdur. Hər söz, hər fakt, hər dəyərləndirmə ictimai rəyin formalaşmasında rol oynayır.

Fidan ƏLİYEVA
XQ





Sosial həyat