Özbəkistanda Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirlər keçirilib

post-img

Daşkənddə ulu öndərin anadan olmasının 100 illiyi ilə bağlı paytaxtdakı Heydər Əliyev parkında ümummilli liderin abidəsi önündə böyük mərasim keçirilib.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, ölkə Senatı sədrinin birinci müavini Sadık Səfayev, xarici işlər naziri Bəxtiyar Səidov, mədəniyyət və turizm naziri Azadbek Nazarbekov, Millətlərarası Münasibətlər və Dostluq Əlaqələri Komitəsinin sədri Rüstəm Kurbanov, Özbəkistanda fəaliyyət göstərən səfirlər, elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak edib. 

Əvvəl mərasim iştirakçıları ulu öndərin parkdakı abidəsi önünə çoxsaylı əklillər və gül dəstələri qoyub, onun xatirəsini ehtiramla yad ediblər. 

Tədbiri Özbəkistan Nazirlər Kabineti nəzdindəki millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri komitəsinin sədri Rüstam Kurbanov açaraq Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən danışıb. O deyib ki, Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin əsası ümummilli lider Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən qoyulub. Bu gün bu səmimi dostluq münasibətləri Azərbaycan və Özbəkistanın dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirilir.

Hüseyn Quliyev bildirib ki, 1960-cı illərdən başlayaraq Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır. Ölkədə təhsilin, infrastrukturun, həmçinin neft və qaz sənayesinin inkişafına mühüm töhfələr verən ulu öndər Heydər Əliyev 1993-cü ildə müstəqilliyinin itirilməsi təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanda hakimiyyətə qayıdaraq ölkəni dərin böhrandan xilas edərək dinamik inkişaf yoluna çıxarıb. Dahi şəxsiyyətin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış və müdrik siyasət nəticəsində Azərbaycanın suverenliyi və müstəqilliyi tam təmin olunub. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikilməsi Heydər Əliyevin neft strategiyasının böyük uğurlarındandır.

Səfir deyib ki, ulu öndərin dövlət təhlükəsizlik orqanlarında, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, nəhayət, müstəqil Azərbaycan Respublikasının Prezidenti vəzifələrində çalışdığı müddətdə Azərbaycanın inkişafı və tərəqqisi istiqamətində göstərdiyi xüsusi xidmətlər heç zaman unudulmayacaq.

Özbəkistan Yazıçılar İttifaqının sədri, Xalq şairi Siracəddin Səyyid Ulu Öndər Heydər Əliyevin hər zaman Özbəkistanla münasibətlərə xüsusi önəm verdiyini bildirib. O, Ulu Öndərin Özbəkistana səfərləri, Uluqbəy adına Özbəkistan Milli Universitetinin fəxri doktoru adına layiq görülməsi haqqında söhbət  açıb, bu böyük siyasətçinin ədəbiyyata, şeirə, sənətə yüksək qiymət verdiyini  diqqətə çatdırıb. 

Mirabad rayonunun Dəmiryolçular məhəllə komitəsinin sədri Mehriban Rəhimova deyib ki, Heydər Əliyev təkcə Azərbaycan xalqı deyil, bütün türk dünyası üçün nadir şəxsiyyət idi, bu böyük siyasətçinin fövqəladə idarəçilik qabiliyyəti olub. Heydər Əliyev nadir, sayılıb seçilən siyasət adamı idi.

Sırdərya vilayətində yaşayan azərbaycanlı şair Əli Nəsirli Heydər Əliyevin ədəbiyyata, mədəniyyətə diqqət və qayğısından danışıb. O deyib ki, Ulu Öndər ədəbiyyatçı ilə ədəbiyyatçı kimi, memarla memartək, rəssamla da məhz rəssam kimi danışırdı. 

Sonra tədbir iştirakçıları paytaxtdakı Müasir İncəsənət Mərkəzində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxıblar.

Özbəkistan Bədii Akademiyasının rəhbəri, akademik Akmal Nur sərgini açıq elan edərək Ulu Öndər Heydər Əliyevin təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında populyar olduğunu bildirib, onun mədəniyyətə, incəsənətə böyük diqqət verdiyini vurğulayıb.

Rüstəm Kurbanov bildirib ki, xaricdəki diasporun təşkilatlanması, Bakıda dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi ideyası məhz Ulu Öndər Heydər Əliyevə məxsusdur. Komitə sədri Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi kimi çətin və şərəfli işin öhdəsindən uğurla gələn Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi iz qoyduğunu söyləyib.

Hüseyn Quliyev ümummilli Lider Heydər Əliyevin istər sovet dövründə, istərsə də müstəqillik illərində Vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışıb. Diplomat dahi şəxsiyyətin həyata keçirdiyi islahatlar nəticəsində ölkədə bütün sahələrdə möhkəm və davamlı inkişafın bərqərar edildiyini vurğulayıb. Səfir Azərbaycanla Özbəkistan arasında əlaqələrin bu səviyyəyə çatmasında Heydər Əliyevin xüsusi xidmətlərinin olduğunu bildirib.

Daşkənd şəhər Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Xasay Abdullayev Ulu Öndər Heydər Əliyevi dünya şöhrətli siyasi xadim, öz xalqının sadiq oğlu və əvəzsiz şəxsiyyət kimi xarakterizə edib.

Qulu Kəngərli 

Daşkənd

Son xəbərlər