Bayrağımız Həkəri çayının üzərində dalğalanır

post-img

Azərbaycanın Ermənistanla şərti sərhədində - Laçın yolunda, Həkəri çayının üzərində qurulan sərhəd nəzarət-buraxılış məntəqəsində dünəndən etibarən üçrəngli bayrağımız dalğalanır. 

Azərbaycan Bayrağının qaldırılması mərasimində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları iştirak ediblər. Bu münasibətlə DSX-nin polkovniki, Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov Azərbaycanın Prezidenti, Ali Baş Koman­dan İlham Əliyevə məruzə edib:

“Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan! Məruzə edirəm ki, tapşı­rığınıza uyğun olaraq, Azərbaycan–Ermə­nistan dövlət sərhədində – Həkəri çayı­nın üzərindəki körpünün üstündə fəxarət rəmzimiz olan üçrəngli dövlət bayrağımız dalğalanmaqdadır. Bununla da Vətən sər­hədlərinin bütövlüyü təmin olunmuşdur. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Ko­mandan! Qarabağ Azərbaycandır!”

Onu da qeyd edək ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınma­sının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sər­həddə Laçın-Xankəndi yolunun girişində nəzarət-buraxılış məntəqəsinin qurulma­sına adekvat olaraq, aprelin 23-ü saat 12:00-da Azərbaycan DSX-nın bölmələri ölkəmizin suveren ərazisində, Ermənis­tan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsi yaratmışlar.

Bu barədə Rusiya sülhməramlı kon­tingentinin və Rusiya–Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilmişdir. 

“Xalq qəzeti”





Son xəbərlər