Biz elə etməliyik ki, bütün münaqişələr tezliklə öz həllini tapsın. Elə etməliyik ki, insanlar bir-biri ilə xoş, mehriban ünsiyyətdə olsunlar. Bu işdə təkcə siyasətçilərin fəaliyyəti kifayət ola bilməz. Cəmiyyətdə yüksək hörmətə malik olan dini liderlərin sözünə böyük ehtiyac vardır. Bu söz eşidilir. Bu gün Bakıdan səslənən sözlər, verilən bəyanatlar, əlbəttə ki, dünyada da geniş əks-səda yaratmışdır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 26 aprel 2010-cu il
Bəli, 13 il əvvəl Azərbaycan Prezidentinin təşəbbüsü ilə paytaxtımızdakı “Gülüstan” sarayında keçirilmiş Dünya Dini Liderlərinin ikigünlük Bakı Sammitinin çağırışları və qəbul edilən qətnamə bu gün də aktualdır. Çünki bəşəriyyət Üçüncü dünya müharibəsinin astanasındadır. Planetimizin müxtəlif yerlərindəki münaqişə, müharibə və qarşıdurmalar gündən-günə daha da alovlanır.
Öz hegemonluğunu qorumağa və maraqlarını təmin etməyə çalışan qüvvələr “uf!” demədən, bəşər sivilizasiyasını ayaqlar altına atır, xalqların əsrlərdən bəri yaradıb topladığı maddi-mənəvi sərvətlərə qənim kəsilirlər. Heç kəs nə qazanacağını, nəyə nail olacağını bilməsə də, öz hikkəsindən əl çəkmir. Prezident İlham Əliyevin dönə-dönə vurğuladığı kimi, bu dəhşətli proseslərin dayandırılmasının təkcə siyasətçilərin, dövlət başçılarının öhdəsinə buraxılması o qədər də doğru addım deyil. Bu işdə dünyanın dini liderlərinin müxtəlif konfessiya təmsilçilərinin və görkəmli ədəbiyyat, mədəniyyət xadimlərinin xüsusi rolu ola bilər.
Azərbaycan Prezidenti və Heydər Əliyev Fondu bu məqsədlərə özünəməxsus töhfələr vermək üçün bəşər tarixinə düşəcək addımlar atmışlar. Mən Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüş “Bakı prosesi”ni və Dünya Dini Liderlərinin Bakı sammitlərini nəzərdə tuturam. Azərbaycanın belə bir qlobal hərəkatların təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır. Xatırladaq ki, 2018-ci il iyunun 12-də Parisdə Heydər Əliyev Fondu, ölkəmizin Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyimizin təşkilatçılığı ilə “Bakı prosesi”nin 10 illik yubileyi qeyd olunmuşdu.
O zaman siyasi-diplomatik münasibətlərimizin yaxşı olduğu Fransa paytaxtı ilə bağlı bir faktı yada salmışkən, xatırladaq ki, Dünya Dini Liderlərinin Birinci Bakı Sammitində Ermənistan katolikosu II Qaregin də iştirak etmişdi. Katolikos Bakıdan bütün dünyaya çağırış səsləndirmişdi ki, bütün münaqişə və müharibələr sülhlə nəticələnməlidir. İndi həmin Fransa Azərbaycana qarşı tamamilə dəyişilmiş siyasət yürüdür, həmin qaragünlü Qaregin də açıq düşmənçilik toxumları səpməkdən əl çəkmir.
Xatırladaq ki, 13 il əvvəlki Bakı sammitində dünyanın 33 ölkəsindən ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox yüksək səviyyəli nümayəndə iştirak edirdi. Həmçinin bu mötəbər tədbirə 14 nüfuzlu beynəlxalq təşkilatın, eləcə də Rusiya Federasiyasının 11 subyektinin dini rəhbərləri və nümayəndələri də qatılmışdılar.
Prezident İlham Əliyev sammitdəki çıxışında demişdi ki, Azərbaycanda dini və milli dözümlülüyün çox böyük və şərəfli bir tarixi vardır. Biz çox şadıq ki, son vaxtlar Bakıda sivilizasiyalararası dialoqun gücləndirilməsi işinə böyük töhfə verən mötəbər beynəlxalq tədbirlər keçirilir: “Mən şübhə etmirəm ki, bu gözəl görüşün çox gözəl nəticələri olacaq, dinlər, millətlər və ölkələr arasında daha da yaxşı anlaşmanın əldə edilməsinə xidmət göstərəcəkdir. Buna böyük ehtiyac vardır. Bir daha vurğulamaq istəyirəm ki, biz Bakının, Azərbaycanın dinlərarası dialoqun bir növ mərkəzinə çevrilməsinə də çox böyük ümidlərlə baxırıq... Bu, bizim üçün böyük şərəfdir. Dinlərarası dialoqun praktiki nöqteyi-nəzərdən gücləndirilməsi işinə Azərbaycan öz töhfəsini verə bilər, verir və verməyə davam edəcəkdir”.
Dövlət başçımız dəfələrlə xatırladıb ki, biz öz milli və dini dəyərlərimizə sadiqik. Biz gənc nəsli vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə etmək istəyirik və bunu edirik.
Sonda qeyd edək ki, Prezident İlham Əliyev 2019-cu il noyabrın 14-də Bakıda keçirilən Dünya Dini Liderlərinin II Sammitinin açılışında İslam aləminin ən qədim məscidlərindən birinin Azərbaycanda yerləşməsi ilə fəxr etdiyini söyləmişdi: “Şamaxı Cümə məscidi 743-cü ildə inşa edilmişdir, bir neçə il bundan əvvəl əsaslı təmir olunmuşdur. Bu məscid Dərbənd məscidindən sonra Qafqazın ən qədim məscididir. Eyni zamanda, qədim dövlət olan Qafqaz Albaniyasının kilsəsi Azərbaycanın digər tarixi şəhəri – Şəkinin yaxınlığında yerləşir və bu kilsənin qədim tarixi var. Bu, Qafqazın ən qədim kilsələrindən biridir. Bakıda atəşpərəstlik məbədi – Atəşgah yerləşir. Bu da onu göstərir ki, Zərdüştlük dininin Azərbaycanda qədim kökləri vardır. Sonrakı dövrlərdə rus pravoslav kilsələri, sinaqoqlar, katolik kilsəsi inşa edilmişdir. Onu da bildirməliyəm ki, Azərbaycan dövləti tarixi-dini abidələrimizin qorunması və yeni dini məbədlərin inşası istiqamətində səylərini əsirgəmir. Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə bütün dinlərin məbədləri əsaslı şəkildə təmir edilmiş və ya yenidən tikilmişdir. Beləliklə, dinlərarası dialoqun Azərbaycanda qədim tarixi vardır və müasir Azərbaycan dövləti bu ənənələrə sadiqdir”.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”