Volkov getdi, Lentsov gəldi... Nə dəyişəcək?

post-img

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarına yeni komandan təyin edilib. General-mayor Andrey Volkov vəzifədən kənarlaşdırılıb və onu Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müşaviri, general-polkovnik Aleksandr Lentsov əvəz edib.

Maraqlıdır, Andrey Volkovun yeni – daha ciddi kadrla əvəzlənməsi hansı zərurətdən irəli gəlib? Aleksandr Lentso­vun komandan təyinatı sülhməramlıların fəaliyyətində hansı dəyişikliyə səbəb ola­caq?

“Biznesmen” Volkov və qanlı pullar

Andrey Volkovun Qarabağ bölgəsin­dəki Rusiya sülhməramlılarının koman­danı olduğu dönəmdə bölgədə sülhün və sabitliyin bərqərar olmasına heç bir töhfə vermədiyi, əksinə, erməni separatçıları ilə əlbir olaraq Azərbaycanın sərvətləri­nin talanmasında iştirak etdiyi məlumdur. Təsadüfi deyil ki, “Qızılbulaq” və “Dəmirli yataqlarının ermənilər tərəfindən qanun­suz istismarı məhz Volkovun komandan­lığı dövründə daha da genişlənib. Bu isə Azərbaycan xalqının haqlı olaraq ciddi etirazına səbəb olub. 

Volkovun qanunsuz erməni silahlı dəstələrini Azərbaycan torpaqlarından çıxarmalı olduğu halda, separatçılara açıq himayədarlıq etməsindən qəzəb­lənən azərbaycanlı ekofəallar, qeyri-hö­kumət təşkilatlarının nümayəndələri dəfələrlə onunla görüş tələb ediblər. An­caq Volkov bu müddət ərzində bir dəfə də olsun üzə çıxmayıb, azərbaycanlıların haqlı suallarını cavablandırmağa cəsarə­ti çatmayıb. O, komandan vəzifəsindən azad olunduğu günə qədər separatçılarla həmrəylik nümayiş etdirib.

Genişlənən mina terroru və müharibə hazırlığı

Ermənilərin mina terrorunu genişlən­dirməsi də Volkovun sülhməramlıların komandanı olduğu dönəmə təsadüf edir. Məhz bu dönəmdə separatçılar Azərbay­can ərazisində yüzlərlə yeni mina basdı­rıb, nəticədə həm mülki, həm də hərbçilər arasında tələfatlar yaşanıb. 

Volkov həm də Ermənistandan Xankəndiyə qanunsuz hərbi birləşmələ­rin, o cümlədən, silah-sursatın daşın­masına göz yuman, bir çox hallarda isə məlum prosesin təhlükəsizliyini təmin edən şəxs kimi yadda qalıb. Azərbay­can Respublikasının Müdafiə Nazirliyi­nin rəsmi məlumatlarına nəzər salsaq görərik ki, nazirlik dəfələrlə Ermənistan­dan Xankəndiyə yol alan və separatçı­lara məxsus olan hərbi karvanın Rusiya sülhməramlıları tərəfindən müşayiət edil­diyini bildirib. Bu fakt bir daha sübut edir ki, Volkovun Qarabağ bölgəsindəki mis­siyası sülhdən və təhlükəsizlikdən çox uzaq olub. Bu baxımdan yeganə təsəlli­verici məqam Azərbaycan tərəfinin israrlı və haqlı çağırışlarından sonra Volkovun tutduğu postdan kənarlaşdırılması, onun Aleksandr Lentsovla əvəzlənməsidir. 

Lentsov ümidləri doğruldacaqmı?

Aydındır ki, indiki məqamda Alek­sandr Lentsovun Qarabağ bölgəsindəki sülhməramlıların komandanı vəzifəsinə gətirilməsinin hansısa dəyişikliklərə sə­bəb olacağı haqqında fikir səsləndir­mək tezdir. Volkov kimi Lentsov da özü haqqında düşüncələri öz fəaliyyəti ilə formalaşdıracaq. Lakin istənilən halda Volkovun Aleksandr Lentsovla əvəz­lənməsinin ümidverici dəyişiklik olduğu şübhəsizdir. Bu dəyişiklik, ilk növbədə, rəsmi Moskvanın Azərbaycanın etirazına ciddi yanaşdığını, onunla razılaşmağı zə­ruri saydığını göstərir. 

İkincisi, Volkov hansısa ikinci dərə­cəli, “növbətçi” generalla deyil, hərbçilər arasında böyük nüfuza sahib olan Rusi­yanın Müdafiə nazirinin müşaviri Lent­sovla əvəzlənib. Bu faktın özü Kremlin Qarabağdakı sülhyaratma missiyasına, Azərbaycanın bu missiya ilə bağlı göz­ləntilərinə ciddi yanaşdığını sübut edir. 

Uzun müddət Müdafiə Nazirliyi siste­mində yüksək vəzifələrdə çalışan Lent­sov Volkovdan fərqli olaraq, şəxsi maraq­larının deyil, Rusiyanın hərbi nüfuzunun qeydinə qalıb. Bu isə ümid etməyə imkan verir ki, yeni komandan Rusiyanın, onun 2020-ci ilin 10 noyabr tarixində imzaladı­ğı üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərin icrasına da məsuliyyətlə yanaşacaq, öz missiyasından kənara çıxmayacaq. Məhz belə olacağı təqdir­də Azərbaycan da Rusiya sülhməramlı­larının, onların komandanın fəaliyyətini təqdir edəcək.

Seymur ƏLİYEV

Siyasət