Sərhədimiz bütövdür...ermənilər isə yapışmağa saman çöpü axtarırlar

post-img

“Möhtərəm Prezident, cənab müzəffər Ali Baş Komandan, məruzə edirəm ki, Sizin tapşırığınıza əsasən, Azərbaycan-Ermənistan dövlət sərhədində, Həkəri çayının üzərindəki körpünün üstündə fəxarət rəmzimiz olan üçrəngli Dövlət bayrağımız dalğalanmaqdadır. Bununla da Vətən sərhədlərinin bütövlüyü təmin olunmuşdur. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!” Bu fikirlər Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının polkovniki, Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərovun sərhəd-buraxılış məntəqəsində bayrağın qaldırılması barədə Prezident İlham Əliyevə məruzəsindəndir. 

Söhbətimiz isə sözügedən məntəqə­nin qurulmasının həm Ermənistan icti­mai rəyindəki, həm də ümumən Cənubi Qafqazda maraqlı olan qüvvələr tərəfin­dən müzakirəsi ilə bağlıdır. Bu baxım­dan bir neçə məqama diqqət çəkmək və beləliklə ölkəmizə qarşı yönəlmiş təzyiqlərin miqyasını vurğulamaq niyyə­tindəyik. Hesab edirik ki, diqqətli oxucu­larımız ölkəmizin hansı qətiyyətli qərarı verdiyini də nəzərdən qaçırmayacaqlar. Onu da nəzərdən qaçırmayacaqlar ki, bu qərar polkovnik B.Ələkbərovun döv­lətimizin başçısına məruzəsində bildir­diyi kimi, Azərbaycanın ərazi bütövlüyü­nün tam şəkildə bərpası deməkdir. 

***

Əvvəla, bildirək ki, dünən Rusiya Prezidenti Vladimir Putinin və Ermə­nistanın baş naziri Nikol Paşinyanın telefon danışığı zamanı regionda sta­billiyin və təhlükəsizliyin təmin edilməsi üçün qarşıda duran məsələlərin həllinə diqqət yetirilib. Mövcud xüsusda Qa­rabağ ətrafında vəziyyət müzakirə olu­nub, həmçinin Laçın yolu kontekstində Rusiya, Ermənistan və Azərbaycan liderləri tərəfindən imzalanmış funda­mental razılaşmaların bütün şərtlərinə ciddi əməl olunmasının vacibliyi bir daha öz təsdiqini tapıb.

***

Bu arada Türkiyə Prezidentinin söz­çüsü İbrahim Kalın da Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-bu­raxılış məntəqəsinin (NBM) quraşdırıl­masına münasibət bildirib. “Qarabağ Azərbaycandır!” deyən İ.Kalın əlavə edib ki, söhbət Azərbaycanın ərazi bü­tövlüyündən gedir və burada fərqli mə­nalar əlavə etmək prosesə töhfə ver­məyəcək. İbrahim bəy onu da bildirib ki, Xankəndi və onun ətrafında yaşayan ermənilərlə bağlı Azərbaycanın verdiyi bir çox təminatlar da ciddi qarşılanmalı­dır: “Onların həyat və əmlakları ilə bağlı Azərbaycan bir təhlükəsizlik modeli tək­lif edib ki, biz bunu sülh prosesinin əsas sütunlarından hesab edirik”.

***

Qeyd edək ki, Azərbaycanın La­çın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsi qurması ilə bağlı məsələ Er­mənistanın xarici işlər naziri Ararat Mir­zoyanın Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşündə də müzakirəyə çıxarılıb. Mirzoyan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyana­tın müddəalarına uyğun olaraq, Laçın yolunun rejimin bərpası istiqamətində Ermənistanın müttəfiqləri və tərəfdaşla­rı tərəfindən müvafiq cavabın və təsirli addımların atılmasının zəruriliyini vur­ğulayıb.

***

Avropa İttifaqının Xarici işlər və təh­lükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin açıqlamasına diqqət yetirək. Borrell özünün “Twitter” səhifə­sindəki paylaşımında bildirib ki, Qara­bağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi vacib­dir. “Azərbaycanın birtərəfli qaydada Laçın dəhlizi boyunca nəzarət-buraxılış məntəqəsi yaratması Aİ-nin gərginliyi azaltmaq və problemləri dialoq yolu ilə həll etmək çağırışlarına ziddir”, - deyən ali nümayəndənin sözlərinə görə, təm­sil olunduğu qurum Qafqazda sülhün və sabitliyin təşviqinə davam edəcək. 

***

ABŞ Dövlət Departamenti Laçın dəhlizində nəzarət-buraxılış məntəqə­sinin yaradılmasından bərk narahatdır. Bunu özünün ənənəvi brifinqində quru­mun mətbuat katibinin müavini Vedant Patel deyib: “Bu, sülh prosesinə etima­dın yaradılması səylərini sarsıdır və biz hesab edirik ki, Laçın dəhlizi ilə insanla­rın və malların sərbəst və açıq hərəkəti olmalıdır. Baş məsləhətçi Bono, katibin köməkçisi Hoqan, dövlət katibi – biz bü­tün bunlarda iştirak edəcəyik”.

***

Azərbaycan tərəfdən gərginliyin də­rinləşməsi həyəcan doğurur. Bu barədə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen də özünün “Twitter” mikrobloqunda Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqə­si yerləşdirməsini şərh edərkən yazıb. “Əgər Bakı beynəlxalq öhdəliklərinə və Beynəlxalq Ədalət Məhkəməsinin məc­buri qərarlarına məhəl qoymamaqda davam edərsə, bunun siyasi və iqtisadi nəticələri olmalıdır”, – deyə Rasmussen yazıb.

***

Bildirdiyimiz kimi, Azərbaycanın La­çın-Xankəndi yolunda sərhəd-nəzarət-buraxılış məntəqəsi qurması Ermə­nistan mediasının da gündəmini zəbt edib. Məsələn, “Hraparak” qəzeti yazır: Baxmayaraq ki, tezliklə bölgəni tərk etməlidir, amma aprelin 24-də Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovun iştirakı ilə Laçın dəhlizində Həkəri körpüsünün açılması ilə bağlı danışıqlar davam et­dirilib. Nəşrin bildirdiyinə görə, ruslar danışıqları ayrıca aparıblar. “Əksinə, dünən Azərbaycan Laçın dəhlizində “Diqqət, siz Azərbaycan Respublika­sının ərazisinə daxil olursunuz” plaka­tını yerləşdirib” kimi fikirlərə yer verən “Hraparak” Rusiya sülhməramlılarının Azərbaycana maneçilik yaratmamasına diqqət çəkib. 

Qəzet onu da vurğulayıb ki, Qa­rabağdakı separatçı rejim, ümumən, bölgənin erməni əhalisi azərbaycanlı­ların keçid məntəqəsi ideyasından əl çəkməyəcəyinə əmindir: “Rusların nail olmağa çalışacaqları yeganə şey odur ki, keçid məntəqəsində təkcə azərbay­canlılar deyil, həm də Rusiya sülhmə­ramlıları yerləşdirilsin. Qeyd edək ki, rəsmi Bakı Laçında keçid məntəqəsinin yaradılmasının qanuniliyini, beynəlxalq hüquq normalarına uyğunluğunu, Er­mənistanın Praqa və Soçidə Azərbay­canın ərazi bütövlüyünü tanıdığını bə­yan edib”.

***

Digər erməni qəzeti “Joqovurd” da həmin mövzuya yer ayırıb, ancaq bir qədər fərqli rakursdan. Qəzet yazıb ki, İrəvan şəhər rəhbərliyinə qarşıdan gələn sentyabr seçkiləri ərəfəsində ha­kim “Vətəndaş sazişi” bloku seçkiqa­bağı həyəcan içərisindədir. Seçkilərə hələ dörd ay qalsa da, blok öz namizədi Tiqran Avinyanın seçki kampaniyası­na köklənib və indiki halda Ermənis­tanın və Qarabağın üzləşdiyi ən ciddi təhlükəsizlik problemləri arxa plana keçib. Bir qədər təfsilatı ilə yanaşsaq, “Vətəndaş sazişi”nin üzvləri İrəvanda öz hakimiyyətini saxlamaq məsələsi ilə məşğuldurlar və bunun üçün bütün resurslardan istifadə edilir. “Quruma yaxın mənbələrin sözlərinə görə, baş nazir Nikol Paşinyan təşkilati işlərdə, kifayət qədər, fəal iştirak edir və prose­si şəxsən əlaqələndirir. Yeri gəlmişkən, “Vətəndaş sazişi”ndəkilər, qələbələrinə, demək olar 100 faiz əmindirlər, hazır­da daha çox sarsıdıcı qələbənin təmin edilməsi istiqamətində işlər aparılır”, - deyə “Joqovurd” duruma aydınlıq gətir­məyə çalışıb.

***

“Qolos Armenii” qəzeti isə materi­alında Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin fikirləri yer alıb. Qəzet daimi nümayəndəmizin İrəvan qarşısında qoyduğu səkkiz tələ­bi xatırladıb və onları münasibətlərin tam normallaşması üçün şərt adlandı­rıb. Y.Əliyevin fikirlərinə ultimatum kimi yanaşan nəşr mövcud xüsusda Ermə­nistanın üzərinə beynəlxalq öhdəliklərə əməl etmək, öz silahlı qüvvələrini və qa­nunsuz silahlı birləşmələrini Azərbay­can ərazisindən, tamamilə, çıxartmaq, Azərbaycanın hələ də işğal altında olan səkkiz sərhəd kəndini qaytarmaq, əra­zi iddialarını, qanunsuz fəaliyyətləri və dezinformasiyaları dayandırmaq və on­dan çəkinmək, mina terroruna son qoy­maq, münaqişə zamanı itkin düşmüş bir neçə min azərbaycanlının taleyinə aydınlıq gətirmək, Azərbaycana dəymiş ziyanı ödəmək, sülh müqaviləsinin bağ­lanması və iki dövlət arasında sərhədin delimitasiyası üzrə xoş niyyətlə danı­şıqlar aparmaq tələblərinin qoyulduğu­nu xatırladıb.

***

Sonda onu da bildirək ki, reaksi­yaların necəliyindən asılı olmayaraq, Azərbaycan öz mövqeyində qətidir. Ermənipərəst fikirlərə gəldikdə isə on­lar suveren Azərbaycan ərazisi olan Qarabağdakı separatçılığın son çır­pıntılarından başqa bir şey deyil. Həm diqqətə çatdırdıqlarımız, həm də digər anti-Azərbaycan ritorikasına əsaslan­mış fikirlər onu da göstərir ki, erməni separatizmi sanki, saman çöpündən yapışıb. Əlbəttə, bu yapışma onu üm­mansız dəryada boğulmaqdan xilas edə bilməyəcəkdir. 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət