Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən aprelin 23-də ölkəmizin suveren ərazisində, Ermənistanla sərhəddə – Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsi yaradılması ciddi beynəlxalq rezonans doğurub. Bu addımın atılması Azərbaycanın bədxahlarının narahatlığı ilə qarşılanıb. Ölkəmizin uğuruna sevinənlər isə bunu Azərbaycanın öz sərhədlərinə sahib çıxması, suverenliyini bütün ərazilərində bərqərar etməsinin təntənəsi kimi dəyərləndiriblər. Region dövlətləri kimi onların media subyektləri də olaya ciddi reaksiya veriblər.
Onlardan daha çox maraq doğuranı Rusiyanın nüfuzlu “Kommersant” qəzetində dərc olunmuş məqalədir. Öncə onu qeyd edək ki, məqaləyə maraqlı sərlövhə seçilib. Rus dilində “Ermənistan fakt qarşısında qoyuldu” sərlövhəli məqalə diqqəti cəlb edir. Qeyd edilir ki, Bakı Qarabağ məsələsinin öz xeyrinə yekun həlli istiqamətində kəskin addım atıb: “Bakının Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsinin yaratması o deməkdir ki, Azərbaycan hərb-çiləri hazırda logistikaya tam nəzarət edirlər. İrəvan buna əsəbləşməkdən başqa, ortaya nəsə qoya bilmir. Rusiya isə tərəflər arasında dialoqun zəruriliyindən danışmağa üstünlük verir ki, bu da Azərbaycanın güclü mövqeyindən çıxış edir”.
Bildirilir ki, Laçın yolu 2020-ci il müharibəsindən sonra hələ də Bakının nəzarətində olmayan kiçik ərazini Ermənistanla birləşdirən yeganə yoldur: “Azərbaycan Qarabağ məsələsini həll olunmuş hesab edir. Bakının nöqteyi-nəzərindən detalları – Azərbaycan ərazisində yaşayan erməni əhalinin hüquqları məsələsini həll etmək lazımdır. Bu, Azərbaycan tərəfinin 2020-ci il müharibəsində tam qələbəyə yaxınlaşdıran enerjili addımlar atmasına mane olmur. Qarabağ üzərində tam nəzarət yaratmaq isə müharibədə mütləq qələbə qazanılması deməkdir”.
Məqalədə sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılmasına Ermənistan XİN-in qəzəbli reaksiya verdiyi bildirilir, ABŞ Dövlət Departamentinin və Fransanın xarici siyasət idarəsinin mövqeyini açıqladığı qeyd olunur. Lakin bu açıqlamaların Bakıya xüsusi təsir etmədiyi vurğulanır. Qəzet yazır ki, Azərbaycan tərəfi öz hərəkətlərini qanuni adlandırıb. “Azərbaycanın Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratmaq qərarı qanunidir və beynəlxalq hüququn bütün normalarına uyğundur. Üstəlik, Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Buna əsaslanaraq, Ermənistan Azərbaycanın öz ərazisinə giriş-çıxışa nəzarət etmək hüququna hörmət etməli və onu qəbul etməlidir”, – deyə Azərbaycan XİN-dən bildirilib. Eyni zamanda, Azərbaycan Ermənistanı yoldan qanunsuz olaraq silah və sursat daşınmasında, eləcə də Ermənistan hərbçilərinin Qarabağda rotasiyası üçün istifadə etməkdə ittiham edib. Orada “etnik təmizləmə” hazırlamaq ittihamları absurd adlandırılıb.
Yazıda Ermənistanın baş naziri Nikol Paşinyanın sərhəd nəzarət-buraxılış məntəqəsi ilə bağlı indiyədək açıqlama vermədiyi vurğulanıb. Bu isə Ermənistan daxilində ayrıca qıcıqlanmaya səbəb olub. Müxalifət yaranmış vəziyyətə görə ölkə rəhbərliyini təqsirkar adlandırıb. Parlamentdəki “Şərəfim var” müxalifət fraksiyasından olan deputat Tiqran Abramyan “Kommersant”a müsahibəsində hər şeydə birmənalı olaraq Ermənistan rəhbərliyini suçlayıb: “Paşinyan keçən həftə sadə, anlaşılan dildə Azərbaycana “yaşıl işıq” yandırdı. O, faktiki olaraq yalnız Ermənistana aid məsələlərə cavabdeh olduğunu deyir. Buna görə də Bakı əməliyyatın Azərbaycanın suveren ərazisində həyata keçirildiyini vurğulayır. Ermənistanın hakim rejimi üçün də bura Azərbaycandır”.
Qəzetin Rusiyanın adı açıqlanmayan, regiondakı vəziyyətlə tanış olan dövlət qurumundakı həmsöhbəti orada cərəyan edən hadisələrin inkişafını mahiyyətcə qanunauyğun adlandırıb. Onun sözlərinə görə, Bakı 2020-ci ilin noyabrında üçtərəfli Bəyanatın imzalanmasından bəri Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası məsələsinin, o cümlədən kommunikasiyaların (ölkənin Qərb rayonları ilə Naxçıvan arasında əlaqə yaradılması kimi fundamental aspekt daxil olmaqla) açılmamasından narazıdır: “Azərbaycanın geri çəkilməyəcəyi aydın idi. Bakı sərhəd nəzarət-buraxılış məntəqəsi ilə bağlı məsələni uzun müddət qaldırıb, razılaşma əldə etmək istəyib. Hər dəfə mövzu müzakirədən çıxarılırdı. Nəticədə, onlar sadəcə olaraq, fakt qarşısında qoyduqları məsələyə getdilər”.
Qəzetin gəldiyi yekun nəticə bundan ibarətdir ki, sərhəd nəzarət-buraxılış məntəqəsi ilə bağlı vəziyyət Azərbaycanın öz maraqlarını güc yolu ilə həyata keçirməyə qadir olduğunun sübutudur: “İrəvanın beynəlxalq ictimaiyyətə bəyanat və müraciətlər ünvanlamaqdan başqa Azərbaycana cavab verəcək heç nəyi yoxdur. Böyük oyunçuların isə vəziyyətlə bağlı narahatlıqları ritual ifadələrlə məhdudlaşır”.
Göründüyü kimi, Azərbaycanın Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsi yaratmaqla bağlı atdığı addım Rusiya mediasında da anlayışla qarşılanıb. Bu mövqe ölkəmizin beynəlxalq mövqelərinin güclənməsinin, Azərbaycan həqiqətlərinin təsdiqini tapmasının növbəti sübutudur. Bununla rəsmi Bakının illərlə apardığı informasiya-təbliğat işinin də nəticə verdiyini deyə bilərik. Rusiyanın nüfuzlu qəzetində belə bir məqalənin dərc olunması göstərir ki, Ermənistan üzərində mövqeyimiz hərbi-siyasi, iqtisadi nöqteyi-nəzərdən olduğu kimi, informasiya-təbliğat baxımından da kifayət qədər güclüdür.
İlyas HÜSEYNOV,
politoloq
– Azərbaycanın Laçın-Xankəndi yolunda sərhəd nəzarət-buraxılış məntəqəsi yaratması, ölkəmizin Vətən müharibəsindən sonra qazandığı diplomatik, strateji üstünlüklər sırasındadır. Bununla müqayisə oluna biləcək digər hadisə Ermənistanın Azərbaycanın suverenliyini Praqa, eləcə də Soçi görüşündə tanımasıdır. Gözlənilirdi ki, Rusiya məntəqənin yaradılmasına açıq yanaşmayacaq, hətta onu dəstəkləməyəcək. Hətta Sergey Lavrovun Bakıya səfəri çərçivəsində də bu məsələyə diqqət ayrılmış və müəyyən xəbərdarlıqlar edilmişdi. Lakin Azərbycan məhz təhlükəsizlik aspektlərini nəzərə alaraq, sərhəd nəzarət-buraxılış məntəqəsini formalaşdırdı. Bu addım Qarabağdakı etnik erməni əhalinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının bir mərhələsi kimi də qiymətləndirilə bilər.
Azərbaycanın qətiyyəti, siyasi iradəsi, prinsipiallığı da ortadadır. Bu, həm də regionda sülhə xidmət edən amil kimi qarşılanmalıdır. Digər tərəfdən, sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması etnik ermənilərin infrastruktur, humanitar, inteqrasiya problemlərinin həlli üçün çox önəmli alətə çevrilə bilər. Bu addım heç bir vəchlə regionda gərginliyi artırmaq, birgə bəyanatın tələblərinə əməl etməmək və Azərbaycanın birtərəfli qaydada güc tətbiq etməklə reallığı dəyişmək istəyi kimi interpretasiya oluna bilməz.
Səxavət HƏMİD, “Xalq qəzeti”