Ümummilli lider, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyev Azərbaycana bir qərinəlik rəhbərliyi dövründə kütləyə ünvanlanan sözə, sözə ictimai dəyər verən yaradıcı adamlara rəğbəti, ehtiramı və diqqəti ilə daha bir mükəmməl lider örnəyi yaradıb. Ulu öndər Azərbaycanın tərəqqisinə, tanıdılmasına xidmət edən sözü milli tribunadan xalqa və dünyaya xitab kimi dəyərləndirirdi. Bunu mən də bir jurnalist olaraq əyani müşahidə eləmişəm və ulu öndərin səfər və görüşlərindən aldığım təəssüratı bu gün də qəlbimdə heç zaman silinməyəcək duyğular kimi yaşatmaqdayam.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk vaxtlardan ölkənin sosial-iqtisadi və mədəni inkişafı ilə bağlı sovetlər birliyində heç vaxt görünməmiş, müşahidə edilməmiş islahatlara start vermişdi. Azərbaycan aqrar ölkədən elmin, sənayenin, mədəniyyət və incəsənətin əsil sıçrayış dövrünə qədəm qoymuşdu. Pambıqçılıq, üzümçülük, baramaçılıq və digər kənd təsərrüfatı sahələrinin inkişafı İttifaq göstəricilərini xeyli qabaqlamış, əhalinin sosial rifahı, dolanışıq tərzi digər respublikalarda olduğundan xeyli fərqlənməyə başlamışdı.
Bütün bunlar isə Heydər Əliyevin rəhbərlik məharətinin, idarəçilik metodlarını işlək vəziyyətə gətirmək bacarığının məntiqi nəticəsi idi. O, vaxtaşırı Azərbaycanın sıravi əmək adamları, mütəxəssisləri, təsərrüfat və partiya – sovet rəhbərləri ilə görüşür, yerlərdə görülən işlərlə əyani tanış olur, məsləhət və tövsiyələrini verirdi. Ötən əsrin 70-ci illərinin ifadəsi ilə desək, regionlarda keçirilən zona müşavirələrində Azərbaycan Dövlət Teleradiosunun gənc reportyoru kimi iştirak etdiyim günləri indi də əziz xatirə kimi ürəyimdə yaşadıram.
Bu müşavirələr bəzən gecə yarısınadək uzanırdı, amma vaxtın necə keçməsini ölkə rəhbəri də, iştirakçılar və biz jurnalistlər də qətiyyən hiss eləmirdik. Heydər Əliyev ölkənin taleyüklü problemlərindən elə canıyananlıqla, ustalıqla, səriştəli tərzdə danışırdı, saysız-hesabsız fakt və rəqəmləri müqayisəli şəkildə elə çatdırırdı ki, onun yaddaşına, sadə, anlaşıqlı, amma güclü məntiqlə süslənmiş nitqinə heyran olmaya bilmirdik. O, adi kolxozçunu da, raykom katibini və naziri də diqqətlə dinləyir, sorğu-suala çəkirdi və axırda bəlkə də heç kimin görmədiyi məqamları elə həssaslıqla diqqətə çatdırırdı ki, sonradan heç bir müzakirəyə yer qalmırdı.
O vaxtların çəkiliş texnologiyaları, təbii ki, indiki kimi yüksək səviyyəli deyildi və televiziya operatorları bəzən olduqca çətin situasiyalarla üzləşməli olurdular. Heydər Əliyev belə məqamlarda, xüsusən də operatorların çəkilib dolmuş kassetləri dəyişdiyi zaman öz nitqində məzmunca elə məharətli dəyişmələr edirdi ki, sonradan rejissor və redaktorlar çıxışı efirə hazırlamaqda əziyyət çəkməsinlər. Lakin bunu salonda oturanlar qətiyyən hiss eləmirdilər, belə “protokoldankənar” anlaşmalar böyük, uzaqgörən kişinin sözə, sənətə, jurnalistikaya olan etibarından, dost münasibətindən qaynaqlanırdı. Onun müşahidə radiusundan heç nəyin heç zaman kənarda qalmadığını biz jurnalistlər yaxşı bilirdik.
Heydər Əliyev çiynində kamera gəzdirən, əlində mikrafon və bloknot olan insanlara əsl dost, dövrün salnaməsini yaradan insanlar kimi yanaşır, tədbirlərdən sonra düzənlənən çay süfrəsində onları bir qayda olaraq lap yaxınlığında əyləşdirərdi. 1980-ci ilin aprelində Heydər Əliyev Azərbaycanın bir qrup yaradıcı ziyalısını və qələm adamlarını da özü ilə Naxçıvan Muxtar Respublikasına səfərə aparmışdı. Azərbaycan Teleradiosundan gedənlər arasında əslən naxçıvanlı olan Hidayət Səfərli və bu sətirlərin müəllifi də vardı. Səfərimiz dörd gün çəkdi. Bu müddətdə Heydər Əliyev və onu müşayiət edən şəxslər muxtar respublikanın bütün rayonlarında oldular.
Şahbuzda, Batabatda və EA-nın Rəsədxanasında səmimi görüşlər keçirildi. Heydər Əliyevi gül-çiçəklə, duz-çörəklə qarşılayan naxçıvanlılar onun gəlişindən sonra bu diyarın daha da abadlaşacağına, çiçəklənəcəyinə ümidvar olduqlarını dilə gətirirdilər. Ordubadlı gənc qızın öz nişanlısı üçün minik maşını barədə xahişini Heydər Əliyev olduqca səmimi qarşılamış, əlavə olaraq öz adından bu sadə və dilavər qıza cehizlik mebel ayrılmasına da göstəriş vermişdi. Bəlkə də bu, indi kimin üçünsə adi görünə bilər, amma Azərbaycan rəhbərinin, Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizədin bu cür mehribanlığı və ülfəti o vaxtların yaddaqalan hadisələrindən biri idi.
Naxçıvan səfəri barədə televiziya və radio reportajlarını diqqətlə izləyən və dinləyən Heydər Əliyev elə ertəsi gün öz fikrini və qənaətini çatdırır, təşəkkürünü bildirirdi. Tənqidi qeydlərinə növbəti reportajımızda necə əməl etməyimizi də xüsusi vurğulayırdı. Onun mülahizə və təklifləri hər birimizin “qulağında bir sırğa” rolunu oynayırdı. Elə şəxsən mənim jurnalistlik fəaliyyətimdə ulu öndərin tövsiyələri sanki bir məhək daşına çevrilmişdi.
Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə gələndən sonra da bu böyük şəxsiyyətin keçirdiyi görüşlərdə, mətbuat konfranslarında AzTV-nin əməkdaşı kimi iştirak etmiş, ondan müsahibələr almışam. Maraqlı və sevindirici hal o idi ki, uzun illərdən sonra da vaxtilə onun tədbirlərini işiqlandıran hər kəsi tanıyır, salamlaşır, əhvalımızı soruşurdu. Bir-bir hamımızla görüşür, əllərimizi ata nəvazişi ilə sıxırdı. Bu cür yanaşma, belə təmas isə köksündə özü boyda ürək gəzdirən böyük şəxsiyyətlərə xas olan əlamətdir.
Hələ ötən əsrin 70-ci illərində tələbə ikən yolumuz Qarabağa düşəndə mütləq Şuşaya da qalxardıq. Azərbaycanın fəxri sayılan söz-sənət adamları ilə Cıdır düzündə yarımca saatlıq gəzinti, İsa bulağının başında samovar çayı içməyimiz, Üzeyir bəyin, Bülbülün ev muzeylərinə, Cümə Məscidinə baş çəkməyimiz bizi nə qədər də zənginləşdirərdi. Dəfələrlə Azərbaycanın tanınmış ziyalıları, o zamanın söz-sənət xiridarları Xudu Məmmədovun, Şahmar Əkbərzadənin, Zeynal Məmmədovun dəvəti ilə Şuşanı qarış-qarış gəzmiş, dolaşmış, amma doymamışdıq, yorulmamışdıq.
...1982-ci il yanvar ayının 14-də Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində iştirak etmək üçün Şuşaya gedən media nümayəndələri sırasına telejurnalist kimi düşmək lap ürəyimdən idi. AzTV-nin çəkiliş qrupunda iki kinooperator vardı: Rüstəm Zülalov ve Sergey İşxanov. Xankəndidə qatardan düşəndə ermənilərin Sergeyi duz-buz kimi "yalamaları" indi də gözümün qabağındadır. Bizimlə isə candərdi görüşdülər. Bir-iki saatı bu şəhərdə necə keçirdiyimizi təsəvvür etməzsiniz. Sanki, Azərbaycandan minlərlə kilometr uzaqlarda, düşmənlər arasında idik.
Ermənilərin buz kimi donuq sifətləri qəlbimizi üşüdürdü. Şuşada isə əhvalımız tamam dəyişdi. Şəhər sakinləri, rayon rəhbərləri bizi doğmaları, əzizləri kimi bağırlarına basdılar, "xoş gəldin" elədilər. Sergeylə də yaxın adamları kimi görüşdülər, hal-əhval tutdular. Qəribəsi bu idi ki, operatorumuz burada ozünü sudan çıxmış balıq kimi hiss edirdi. Gözləri yol çəkir, özünü qəribə aparırdı. Əlbəttə, "Miatsum"a hələ altı il qalsa da, azacıq müşahidə ermənilərin içindən üzünə vuran hissləri duymağa imkan verirdi.
Şuşaya əvvəlcədən gələn qonaqlar, jurnalistlər, dövlət məmurları Azərbaycanın rəhbəri Heydər Əliyevi Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində böyük sevinclə qarşıladılar. Qarlı-şaxtalı gün olsa da, hamının üzündə bir sevinc, nur, qəlbində hərarət vardı. Paytaxtdan gələn adlı-sanlı qələm sahibləri, Şuşa camaatı, televiziya və qəzet müxbirləri xalqın böyük oğlunu səmimiyyətlə, qayğı ilə əhatələmişdilər. Heydər Əliyev mərasimdə geniş nitq söylədi, Vaqif yaradıcılığını, fəaliyyət göstərdiyi dövrü ətraflı təhlil etdi, şairin misralarını əzbər söylədi.
Məqbərənin açılış mərasimindən sonra Şuşadakı doqquzmərtəbəli mehmanxananın restoranında böyük ziyafət verildi. Heydər Əliyev adəti üzrə jurnalistləri lap yaxınlığında əyləşdirmisdi. Dediklərini tam aydınlığı və dəqiqliyi ilə eşidirdik. Dağlıq Qarabağın rəhbəri Boris Kevorkova tutduğu iradlar da yaxşı yadımdadır. Heydər Əliyev onu Xankəndidə rastlaşdığı erməni dilində yazılmış lövhə və reklamlara, hətta məclisdə gördüyü mineral suların, içki şüşələrinin üstündəki yazılara görə əməlli-başIı məzəmmət etdi. Bildirdi ki, bu yazılar, ilk növbədə, dövlət dili olan Azərbaycan dilində yazılmalıdır. Yəqin ki, böyük şəxsiyyətin qarşısında Borisin hansı hisslər keçirdiyini, necə utanıb-qızardığını təsəvvür etmək o qədər də çətin deyil.
Şuşa səfərimiz Vaqifin məqbərəsinin açılışı barədə telereportaj hazırlamaqla məhdudlaşmamışdı. İki gün də əlavə bu şəhərdə qalmış, müxtəlif mövzulu materiallar işləmişdik. O illərdə dövlət televiziyasının Dağlıq Qarabağ üzrə təmsilçisi olan Raqub Mustafayev bu işdə bizə yaxından kömək göstərmişdi. Raqub müəllim bizi Şuşanın tarix-mədəniyyət abidələrinə, sənaye müəssisələrinə, təhsil ocaqlarına aparmış, nüfuzlu simalarla tanış etmiş, maraqlı videosüjetlərin hazırlanmasına şərait yaratmışdı. Onu da deyim ki, Sergey İşxanov "xəstəliyi" ucbatından bizi vaxtından əvvəl tərk etmiş, Xankəndiyə, sonra da Bakıya yola düşmüşdü.
Lap sonralar iş elə gətirdi ki, mən 2021-ci il avqustun axırlarında Vaqifin məqbərəsinin Heydər Əliyev Fondunun dəstəyi ilə bərpasından sonra açılış mərasiminə dəvət aldım – bu dəfə ulu öndərin layiqli davamçısı olan cənab İlham Əliyevin bu mərasimdəki nitqini əyani dinləmək mənə də qismət oldu. Təbii ki, bir ömür çərçivəsində bu cür təsadüflərin doğurduğu izaholunmaz duyğuları yaşamağın ayrı cür hüsnü var.
Ulu öndərimizlə bağlı xatirələrin işığında yaşamaq və istisinə qızınmaq isə əsl xoşbəxtlikdir.
Akif CABBARLI,
yazıçı-publisist, Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının redaktoru