Daşkənddə “Heydər Əliyevin qələbəsi” kitabının təqdimatı keçirilib

post-img

Azərbaycanın Özbəkistandakı səfirliyinin təşəbbüsü ilə ölkənin tanınmış yazıçısı və publisisti İsmat Kuçiyevin rus dilində çap olunan “Heydər Əliyevin qələbəsi” kitabının Daşkənddə təqdimat mərasimi keçirilib. 

Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mə­dəniyyət Mərkəzinin (AMM) qarşısında­kı abidəsi önünə tər gül-çiçək dəstələri qoyublar. 

Özbəkistan Yazıçılar İttifaqında da­vam edən tədbirdə ölkəmizin Özbəkis­tandakı səfiri Hüseyn Quliyev, səfirliyin əməkdaşları, ölkənin elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçı­lar, jurnalistlər, tələbələr iştirak ediblər.

Tədbir iştirakçıları Özbəkistan Yazıçılar İttifaqı binasının foyesində Heydər Əliyevə həsr olunan kitablardan və AMM-nin nəşrlərindən ibarət sərgi ilə tanış olublar. Sonra Azərbaycan-Özbə­kistan dostluğuna həsr olunmuş qısa­metrajlı videçarx nümayiş etdirilib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, profes­sor Erkin Nuriddinovun moderatorluğu ilə davam edən tədbirdə çıxış edən Özbəkistan Yazıçılar İttifaqının sədri, Xalq şairi Siracəddin Səyyid Heydər Əliyevin Azərbaycanın müstəqilliyi­nin bərpasında, gücləndirilməsində və dövlətçiliyin qorunub saxlanmasındakı rolunu, təzyiqlərə baxmayaraq milli ru­hun, milli şüurun və özünüdərkin dir­çəldilməsində, müstəqil Azərbaycanın beynəlxalq aləmdə layiqli yerini tutması istiqamətində müstəsna xidmətlərini diqqətə çatdırıb. O, ulu öndərin ədə­biyyata, sənətə böyük qiymət verdiyini qeyd edərək daim ədəbiyyat adamları­na qayğı göstərdiyini vurğulayıb. 

Hüseyn Quliyev Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlə­rindən danışıb və onun dövlətçiliyimizin çətin məqamlarında xalqın tələbi ilə ha­kimiyyətə gələrək müstəqilliyimizi xilas etdiyini bildirib. Səfir Azərbaycan xalqı­nın öz böyük oğlunun xatirəsini daim əziz tutduğunu və ulu öndərin siyasə­tinin bu gün də uğurla davam etdiyini vurğulayıb. 

Alim və tərcüməçi Babaxan Məhəm­məd Şərif Heydər Əliyevin hələ SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi zamanda ölkə iqtisadiyyatına, milli və mənəvi dəyərlərə, adət-ənənələrə ver­diyi önəmdən söz açıb, müasir Azər­baycanın indiki vəziyyətə gəlib çatma­sında böyük rolunun olduğunu deyib. 

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin üzvü İsrail Şamsimuxam­medov, jurnalist Boris Babayev, Özbə­kistan Yazıçılar İttifaqının üzvü Sabir Kurbanov və başqaları Heydər Əliyevi dünya şöhrətli siyasi xadim kimi xarak­terizə ediblər. 

Kitabın müəllifi İsmat Kuçiyev Heydər Əliyevin müasir Azərbaycanın qurucusu olduğunu vurğulayaraq, onun gördüyü əvəzolunmaz işlərdən danışıb. O, 1990-cı illərdə Azərbaycanın keçdi­yi çətin zamanlardan söhbət açaraq, məhz Heydər Əliyevin sayəsində ölkə­də sabitlik və inkişafın əldə olunduğunu bildirib. 

 

Qulu KƏNGƏRLİ

Daşkənd



Son xəbərlər