“Şərqi-Rus” qəzetinin 120 illiyi qeyd olundu

post-img

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ümumi tarix kafedrası və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Şərqi-Rus” qəzetinin (1903-1905) nəşrə başlamasının 120 illiyinə həsr olunmuş elmi seminar keçirildi.

“Xalq qəzeti” xəbər verir ki, ADPU-nun müəllim və tələbələrinin, muzey əməkdaşlarının iştirak etdikləri seminarda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı dosent Əli Fərhadovun “Məhəmməd ağa Şahtaxtlının yaradıcılığında milli-dini məsələlər” mövzusunda məruzəsi dinlənilib.

Ə.Fərhadov fotoslayd vasitəsilə “Şərqi-Rus” qəzeti, onun təsisçisi və redaktoru olmuş M.Şahtaxtlının (1846-1931) həyat və yaradıcılığı, onun milli, dini və dünyəvi maarifçilikdə rolu, Əhməd bəy Ağaoğlu və digər ziyalılarla əlaqələri haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, 1903-cü ildən Tiflisdə Azərbaycan dilində həftədə üç dəfə çıxmış ictmai-siyasi, iqtisadi, elmi, ədəbi qəzet olan “Şərqi-rus” 1891-ci ildə “Kəşkül” qəzeti bağlandıqdan sonra Tiflisdə nəşr olunan ilk Azərbaycan dilli qəzet olub. Qəzet o dövrün tanınmış ziyalılarının əsas tribunalarından birinə çevrilib və mətbuat tariximizdə xüsusi yer tutub. F.Köçərli, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Ə.Rəsulzadə, M.S.Ordubadi, M.Ə.Sabir, Ə.Qəmküsar A.Sur, və başqaları qəzetlə əməkdaşlıq edib. Mirzə Cəlilin “Poçt” qutusu hekayəsi də ilk dəfə bu qəzetdə dərc olunub.

Anar Əli,
“Xalq qəzeti”

Son xəbərlər