Dünən Milli Məclisin Sədri Sahibə Qafarova Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma ilə görüşüb.
Ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olduğunu deyən S.Qafarova bu müddətdə əməkdaşlığın dinamik inkişafını və strateji tərəfdaşlıq səviyyəsinə çatdığını qeyd edib. Bildirib ki, münasibətlərimizin inkişafında dövlət başçılarımızın qarşılıqlı səfərlərinin, keçirdikləri görüşlərin və imzalanan sənədlərin xüsusi rolu var. Prezident İlham Əliyevin bu il yanvarın 30-da Macarıstana rəsmi səfəri çərçivəsində strateji tərəfdaşlıq haqqında imzalanmış ikinci sənəd olan Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Birgə Bəyannamə əməkdaşlığımızı yeni səviyyəyə qaldırıb.
Söhbət zamanı parlamentlərarası əlaqələrdən danışan Sahibə xanım 2021-ci ildə Macarıstana rəsmi səfərini və orada keçirdiyi görüşləri xatırladıb və bu səfərin qanunvericilik orqanlarımız arasında münasibətlərin daha da genişlənməsinə töhfə verdiyini diqqətə çatdırıb. O, həmçinin bildirib ki, hər iki ölkənin parlamentindəki qarşılıqlı dostluq qrupları qanunverici orqanlar arasında körpü rolunu oynayır.
S.Qafarova Azərbaycanın 2020-ci ildə öz ərazilərini erməni işğalından azad etməsindən sonra bölgədəki mövcud vəziyyət barədə də məlumat verib.
Görüşə görə təşəkkürünü bildirən Tamaş Torma müasir dünyada parlament diplomatiyasının əhəmiyyətinin getdikcə artdığını vurğulayıb. O, qeyd edib ki, dost və strateji tərəfdaş münasibətlərinə malik olan Macarıstan və Azərbaycan parlamentlərində fəaliyyət göstərən dostluq qrupları əlaqələrimizin inkişafı baxımından çox iş görürlər. Səfir bildirib ki, deputatlarımız beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq edir, ölkələrimizin maraqları baxımından bir-birinə dəstək verirlər. Macarıstanın müşahidəçi statusuna sahib olduğu Türk Dövlətləri Təşkilatı çərçivəsində artan əməkdaşlıq ölkələrimizin mövqelərinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ə.BƏDƏLOV, “Xalq qəzeti”


