Şimali Kipr Türk Respublikasının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Ufuk Arca Turqaner “Xalq qəzeti”ndə olub.
Qonağı salamlayan baş redaktor Əflatun Amaşov bildirib ki, Azərbaycan mediası, o cümlədən, rəhbərlik etdiyi qəzet ŞKTR ilə bağlı mövzulara daim maraq göstərir. Bu maraq ortaq türk dəyərlərindən və mədəni irsə bağlılıqdan irəli gəlir.
Ölkəmizin jurnalistləri ilə ŞKTR-də fəaliyyət göstərən media orqanlarının təmsilçilərinin təmaslarından söz açan Ə.Amaşov mövcud istiqamətdə etibarlıəməkdaşlıq mühitinin mövcudluğunuvurğulayıb. Baş redaktor qonağa, həmçinin, son 7 ayda “Xalq qəzeti”ndə yaradıcılıq mühitinin gücləndirilməsinə yönələn tədbirlər barədə məlumat verib, redaksiyada yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində aparılan işlərdən söz açıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən Şimali Kipr Türk Respublikasının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Ufuk Turqaner rəhbərlik etdiyi diplomatik missiya ilə Azərbaycan mediasının əlaqələrinin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. O, həmçinin, Azərbaycan jurnalistlərinin türk dünyası ilə bağlı proseslərə həssas yanaşmasından, ŞKTR-ə rəğbətdən məmnunluğunu dilə gətirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə əlaqədar fikir mübadiləsi aparılıb.
R.AMİN

