“ASAN xidmət” dünya brendi oldu

post-img

Aprelin 3-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xid­məti idarəsindən bildiriblər ki, qətnaməyə 65 dövlət, o cümlədən ABŞ, Çin, Yaponi­ya, Avropa İttifaqı üzv dövlətləri, Avstra­liya, Kanada, eləcə də Afrika, Asiya və Amerika qitələrini təmsil edən ölkələr həmmüəllif qismində qoşulub.

Qətnamənin irəli sürülməsində məqsəd ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində mühüm nailiyyətlə­rindən olan və Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasına əsaslanan “döv­lət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması” prinsipinin BMT sistemi daxilində təşviq edilməsidir.

Qəbul edilmiş qətnamə səmərəli döv­lət xidmətlərinin bütün insan hüquqları­nın müdafiəsi və təşviqində və BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsində əhəmiyyətini vurğulayır. Rəqəmsal texnologiyaların korrupsiya­nın qarşısının alınması və onunla mü­barizədə oynadığı mühüm rolu ön plana çıxaran qətnamə dövlət xidmətləri sahə­sində uğurlu modellər təsis etmiş BMT üzv ölkələrini öz təcrübələrini digərləri ilə bölüşməyə dəvət edir.

Qətnamə 2015-ci ildə “ASAN xid­mət”in təltif edildiyi “BMT-nin Dövlət Xid­mətləri Mükafatı”nı dövlət xidmətlərinin göstərilməsi sahəsində dünyanın ən nü­fuzlu mükafatı olaraq təsbit edir və BMT qurumlarını və digər beynəlxalq təşkilat­ları müvafiq sahədə mövcud olan uğurlu təcrübələri təşviq etməyə və mükafatlan­dırmağa davam etməyə çağırır.

Qətnamənin yekununda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlı­ğına insan hüquqlarının müdafiəsi və təşviqində və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında dövlət xidmətlərinin oynadığı rol barədə hesa­batın hazırlanması tapşırığı verilir.

Bu qətnamənin yekdilliklə qəbul edil­məsi və ona çoxlu sayda dövlətin həm­müəllif kimi qoşulması, “ASAN xidmət”in təsis olunması və genişləndirilməsi də daxil olmaqla, ölkəmizdə insan hüquq­larının müdafiəsi və korrupsiyaya qarşı mübarizə istiqamətində islahatlara bey­nəlxalq ictimaiyyət tərəfindən göstərilən dəstəyin bariz göstəricisidir. 

“Xalq qəzeti”

Son xəbərlər