Dünən Belarus Prezidenti Aleksandr Lukaşenko xalqa və parlamentə müraciəti zamanı Ukraynada hərbi əməliyyatları dayandırmağı və barışıq elan etməyi təklif edib. Məlumatı TASS verib.
Belarus lideri bildirib: “Yeni eskalasiya başlamadan əvvəl, elə indi dayanmalıyıq. Hərbi əməliyyatların dayandırılmasını, atəşkəs elan olunmasını təklif edirəm. Əgər Qərb barışıqdan öz məqsədləri üçün istifadə etməyə çalışarsa, Rusiya münaqişənin genişlənməsinin qarşısını almaq üçün hərbi sənaye kompleksinin və ordunun bütün gücündən istifadə etməyə borclu olacaq”.
Onun fikrincə, münaqişəni dayandırmağın yeganə yolu ilkin şərt irəli sürmədən danışıqlara başlamaqdır.
O, eyni zamanda, üçüncü dünya müharibəsinin anonsunu verib: “Hazırda üfüqdə olan Üçüncü Dünya müharibəsi nüvə yanğınları ilə nəticələnəcək. Ukrayna sakinlərinin sülhə ehtiyacı var, amma Qərbdə bu istək heç kəsi maraqlandırmır. Hesab edirəm ki, ABŞ müvafiq icazəni verməyincə Ukraynadakı qırğın başa çatmayacaq”.
P.BABAKƏRLİ, “Xalq qəzeti”

