Artıq Finlandiyanın NATO-ya daxil olması üçün bütün maneələr aradan qalxıb. Dünən Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyası bu barədəki protokolu təsdiq edib. Tədbirdə çıxış edən parlamentdəki siyasi partiya nümayəndələri qeyd ediblər ki, Finlandiya və İsveçin alyansa üzvlüyü Rusiyanın Ukraynada xüsusi əməliyyata başlamasından sonra aktuallaşıb. Məlumatı “Anadolu” verib.
Deputatlar bildiriblər ki, Helsinki Madriddə Türkiyə, Finlandiya və İsveç arasında imzalanmış üçtərəfli memorandumdan irəli gələn öhdəliklərinə lazımınca əməl edib. Protokolun təsdiq edilməsi ilə bağlı qanun layihəsinin təsdiqindən sonra sənəd TBMM Sədri Mustafa Şəntop tərəfindən imzalanıb.
Bununla da, Finlandiya Şimali Atlantika alyansına tamhüquqlu üzv qəbul olunmaq üçün hüquqi əsas əldə edib. Qanun layihəsi TBMM-də 276 səslə qəbul edilib.
Litva və Estoniya Türkiyənin qərarını bəyənib. NATO-nun Baş katibi Yens Stoltenberq isə TBMM-ə minnətdarlığını bildirib və deyib ki, Türkiyədəki seçkidən sonra və Vilnüsdəki sammitə qədər İsveçin ratifikasiyasına da nail olmağa çalışacaq.
P.BABAKƏRLİ, “Xalq qəzeti”

