Azərbaycan nümayəndə heyəti Çexiyaya səfər edib

post-img

İqtisadiyyat nazirinin müavini, Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın həmsədri Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çexiyaya səfər edib.

"Xalq qəzeti"nə verilən məlumata görə, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çexiyada sənaye və ticarət nazirinin müavini, həmçinin, müvafiq qurumların və çex şirkətlərinin təmsilçiləri ilə görüşlər keçirib. Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında Qarışıq Komissiyanın 5-ci iclasında, ticarət, investisiya və işgüzar əlaqələrə dair konfransda müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq məsələləri müzakirə olunub.

Çexiyanın sənaye və ticarət nazirinin müavini Petr Tresnak ilə görüşündə ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini vurğulayan Sahib Məmmədov qeyd edib ki, qarşılıqlı səfərlər, keçirilən görüşlər və işgüzar tədbirlər bu baxımdan mühüm rola malikdir. Bildirilib ki, Çexiya ilə iqtisadi-ticarət əməkdaşlığı genişlənir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 3 dəfədən çox artıb. Bununla yanaşı, qarşılıqlı ticarət, investisiya, sənaye, neft-qaz, nəqliyyat-tranzit, turizm və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var.

Tədbirdə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizdə reinteqrasiya və biznesin dirçəldilməsi məqsədilə görülən işlər, investorlara yaradılan imkanlar barədə ətraflı məlumat verilib.

Çexiyanın sənaye və ticarət nazirinin müavini Petr Tresnak ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini bildirib, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

 

 

Son xəbərlər