Avropa İttifaqı Rusiyanın “Böyük İyirmilik”dən (G-20) çıxarılmasının əleyhinədir. Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib. Xəbəri TASS verib.
Məlumata görə, Jozep Borrel Moskva ilə diplomatik münasibətlərdə, azacıq da olsa, irəliləyiş nəzərə çarpdığını qeyd edib. Ali nümayəndə bunu G-20 ölkələri xarici işlər nazirlərinin Dehlidə keçirilmiş iclasında müşahidə edib. Onun sözlərinə görə, Rusiya XİN rəhbəri Sergey Lavrov əvvəlki görüşdən fərqli olaraq, Qərb dövlətləri Rusiyanı tənqid edən zaman zalda qalıb və dözüm nümayiş etdirib. Amma keçən il Bali sammitində Rusiya tənqid olunarkən Lavrov yığıncağı tərk etmişdi.
Aİ diplomatiyası rəhbərinin fikrincə, bu, kiçik, amma vacib irəliləyişdir: “Biz danışmağa davam etməliyik, yaxud danışmasaq, heç olmasa dinləməliyik”.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”