Çin ABŞ-dan Tayvana silah satışını dayandırmağı tələb edib. Bu barədə Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tan Kefey məlumat verib. Xəbəri “İzvestiya.ru” yayıb.
Kefey bəyan edib: “ABŞ-ın hərəkətləri Çinin daxili işlərinə kobud müdaxilədir, “vahid Çin” prinsipini və ABŞ-ÇXR birgə kommünikelərini ciddi şəkildə pozur”.
Onun sözlərinə görə, Çin bununla bağlı Vaşinqtona sərt narazılığını çatdırıb və ABŞ-ın Tayvana F-16 qırıcıları üçün sursatların və digər hərbi avadanlıqların satılması üzrə 600 milyon dollarlıq mümkün sövdələşməni bəyənməsini tənqid edib.
Nazirlik rəsmisi onu da bildirib ki, Çinin xalq-azadlıq ordusu düşməni tam gücü ilə qarşılamağa, Tayvanın müstəqilliyinə çalışan qüvvələrin təxribatlarına cavab verməyə, eləcə də ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumağa həmişə hazırdır.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”