2026-cı ildə Azərbaycanın fiskal siyasəti neft gəlirlərindən asılılığın tədricən azaldılmasına yönəlmiş mühafizəkar yanaşma əsasında həyata keçiriləcək. Bu barədə “Fitch Solutions” agentliyinin ölkəmizlə bağlı proqnozunda bildirilib.
Qurumun məlumatına əsasən, bu il Azərbaycanda qeyri-neft büdcə gəlirləri iki rəqəmli templə artacaq və ümumi büdcə gəlirlərinin 57 faizindən çoxunu təşkil edəcək. Bu, fiskal strukturun şaxələndirilməsi və uzunmüddətli dayanıqlılığın gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir. Eyni zamanda, Dövlət Neft Fondundan büdcəyə transfertlərin 11 faiz azaldılması nəzərdə tutulur ki, bu da neft gəlirlərindən asılılığın tədricən azaldılmasına xidmət edir.
Agentliyin hesabatında, həmçinin qeyd olunur ki, 2026-cı ildə büdcə kəsiri ÜDM-in, təxminən, 1,9 faizi səviyyəsində proqnozlaşdırılır və bu göstərici əvvəlki ilin səviyyəsinə yaxın olacaq. Gəlir və xərclərin illik artımı isə, təxminən, 0,7 faiz səviyyəsində məhdudlaşdırılacaq ki, bu da qeyri-müəyyən qlobal enerji bazarı şəraitində fiskal intizamın qorunmasına yönəlib.
Bununla yanaşı, müdafiə xərclərinin yüksək səviyyədə qalacağı bildirilir. Qurumun qiymətləndirməsinə görə, 2026-cı ildə müdafiə xərcləri artım tempini qoruyacaq və büdcədə əhəmiyyətli paya malik olacaq. Bütövlükdə isə, “Fitch Solutions” hesab edir ki, qeyri-neft gəlirlərinin artması və transfertlərin azalması uzunmüddətli fiskal sabitliyin gücləndirilməsi baxımından müsbət siqnaldır.
Qeyd edək ki, “Fitch Solutions” agentliyi 1913-cü ildə ABŞ-ın Nyu-York şəhərində yaradılmış “Fitch Group”un bölməsi kimi formalaşdırılıb. 2008-ci ildə fəaliyyətə başlamış qurum, əsasən, maliyyə bazarları üçün analitik məlumatlar, kredit riski həlləri və makroiqtisadi proqnozlar təqdim edir.
XQ

