Bu ilin yanvar ayında Azərbaycanın magistral neft kəmərləri ilə 2 milyon 731,4 min ton neft nəql edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2025-ci ilin ilk ayının göstəricisinə nisbətən 14,9 faiz azdır.
Ötən dövr ərzində nəqletmənin 77,3 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Bu kəmər vasitəsilə ötən il 2 milyon 112 min ton neft ötürülüb. Bu, 2025-ci ilin eyni ayı ilə müqayisədə 8,9 faiz azdır. Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,8 faizini və ya 1 milyon 748,4 min tonunu Azərbaycanda hasil edilən neft, 17,2 faizini və ya 363,6 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib. BTC kəməri ilə nəql edilmiş Azərbaycan neftinin həcmi 9,2 faiz, Türkmənistan və Qazaxıstandan daxil olan neftin həcmi isə 7,4 faiz azalıb.
Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.
AÇG-də bp (30,37 faiz), SOCAR (31,65 faiz), “MOL Group” (9,57 faiz) INPEX (9,31 faiz), “ExxonMobil” (6,79 faiz), TPAO (5,73 faiz), ITOCHU (3,65 faiz), “ONGC Videsh Limited” (OVL) (2,92 faiz) pay sahibidir.
XQ

