Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzində (ATM) kənd təsərrüfatında elektron ticarətin inkişafı ilə bağlı Qazaxıstandan gəlmiş nümayəndə heyəti ilə görüş keçirilib.
Mərkəzdən XQ-yə bildirilib ki, görüşdə Mərkəzin direktor müavini Namiq Şalbuzov, Diaqnostika və strateji planlaşdırma bölməsinin əməkdaşı Müşfiqə Məmmədova, Qazaxıstan tərəfdən isə Margulan Universitetinin elmi işlər üzrə prorektoru, iqtisad elmləri doktoru, professor Esengeldin Bauyrjan, Buketov Universitetinin İdarəetmə kafedrasının müdiri, fəlsəfə doktoru Aidos Abayev və Turan-Astana Universitetinin doktorantı Azamat Janseytov iştirak edib.
Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Qazaxıstanın kənd təsərrüfatında elektron ticarətin inkişafının stimullaşdırılması üçün iqtisadi mexanizmlər” adlı layihə çərçivəsində baş tutan görüşdə Namiq Şalbuzov Aqrar Tədqiqatlar Mərkəzi haqda geniş məlumat verib, Mərkəzin həm aqrar sahədə dövlət siyasətinin həyata keçirilməsində, həm də bu sahədə elmi tədqiqat işlərinin aparılmasında, tədqiqatçıların yetişdirilməsində rolundan danışıb.
Qonaqlar da təmsil etdikləri qurumlar və həyata keçirilən layihə haqda məlumat verib. Bildirilib ki, layihənin məqsədi Qazaxıstanın kənd təsərrüfatı sektorunda elektron ticarətin fəallaşdırılmasına və inkişafına kömək edəcək iqtisadi mexanizmləri, beynəlxalq təcrübələri öyrənmək və inkişaf etdirməkdir. Burada əsas ideya qabaqcıl texnologiyalardan və iqtisadi stimullardan istifadə etməklə rəqəmsal platformalar vasitəsilə kənd təsərrüfatı məhsullarının ticarətini genişləndirməkdən ibarətdir.
Görüşdə bu mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, Aqrar Tədqiqatlar Mərkəzində yaradılan və artıq 10 ilə yaxındır fəaliyyət göstərən “Kənd Təsərrüfatı üzrə Elektron Qiymət İnformasiya Sistemi” haqda məlumat verilib.
Həmçinin görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, birgə elmi tədqiqat işlərinin yerinə yetirilməsi, akademik heyətin təhsil və təcrübə mübadiləsi, elmi nailiyyətlərin bölüşülməsi, birgə elmi layihələrin icrası və digər məsələlərlə bağlı fikirlər bölüşülüb.