Ölkəmizdə dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində tütün sahələrinin sığortalanmasına başlanılıb. Aqrar Sığorta Fondunun məlumatına görə, sığorta haqqına tətbiq edilən 50 faizlik dövlət subsidiyası sayəsində fermerlər cüzi məbləğ ödəməklə tütün əkinlərini sığorta edə bilərlər.
Belə ki, Şəki – Zaqatala regionunda 1000 manatlıq tütün məhsulunun sığorta haqqı 64 manat təşkil edir, bu məbləğin yarısı dövlət tərəfindən qarşılanır, fermer isə 32 manat ödəməklə məhsulunu sığortalaya bilər. Lənkəran – Astara iqtisadi rayonunda isə 1000 manatlıq tütün məhsulunun sığortası fermerə cəmi 12 manata başa gəlir.
Bütövlükdə isə, fermerlər təklif olunan sığorta zərfləri, təminat verilən risklər barədə ətraflı məlumatla Aqrar Sığorta Fondunun rəsmi səhifəsindən (asf.gov.az) tanış ola bilərlər.
Yeri gəlmişkən, 2024-cü ildə ölkədə 5 min 931 ton tütün istehsal olunub ki, bu da əvvəlki ilin istehsal həcmindən 671 ton və ya 12 faiz çoxdur.