“Yaşıl kart”ın əhatə dairəsi genişlənir

post-img

Bu sistemlə 50 mindən çox müqavilə rəsmiləşdirilib

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) “Yaşıl kart” sistemi ilə ixtisaslaşdırılmış təşkilat funksiyalarını uğurla davam etdirib. İSB-nin bu barədə yaydığı məlumata görə, 2024-cü ildə qurum “Yaşıl kart” sistemi çərçivəsində 50 min 207 müvafiq müqavilə rəsmiləşdirib. Ümumilikdə, 7 milyon 215 min 431 manat sığorta haqqı toplanıb.

Bu müqavilələrin 40 min 38-i Azərbaycanda qeydiyyatdan keçən nəqliyyat vasitələri üzrə olub və 2 milyon 507 min 573 manat sığorta haqqı yığılıb. Xaricdə – Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçən nəqliyyat vasitələri üzrə 10 min 169 “Yaşıl kart” müqaviləsi rəsmiləşdirilərək 4 milyon 707 min 858 manat sığorta haqqı toplanıb. Həmçinin 2024-cü ildə Azərbaycan “Yaşıl kart” sahiblərinin təqsiri səbəbindən Rusiya, Türkiyə, Latviya, Polşa, Belarus, Rumıniya, Estoniya, Niderland və Belçikada, ümumilikdə, 314 yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr üzrə 1 milyon 226 min 847 manat sığorta ödənişi həyata keçirilib. Bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi 3907 manat olub.

Ötən il Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçən nəqliyyat vasitələrinin iştirakı ilə xarici ölkələrdə baş vermiş 154 hadisə üzrə 1 milyon 280 min 397 manat sığorta ödənişi həyata keçirilib. Bir hadisə üzrə orta sığorta ödənişi 8314 manat olub. Ümumilikdə, ötən il “Yaşıl kart” sistemi çərçivəsində xarici ölkələrdə baş vermiş 468 yol-nəqliyyat hadisəsi üzrə 2 milyon 507 min 244 manat sığorta ödənişi həyata keçirilib.

2024-cü ildə Türkiyə, Ukrayna, Rusiya, Çexiya, Moldova, Macarıstan və Polşada qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin ölkəmizdə törətdiyi 49 yol-nəqliyyat hadisəsinə görə, ümumilikdə, 96 min 667 manat sığorta ödənişi edilib.

Xatırladaq ki, İSB “Yaşıl kart” sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə Beynəlxalq “Yaşıl kart” Sistemində Azərbaycanı təmsil edir. 2023-cü ildən etibarən Gürcüstan və Qazaxıstan Respublikasında qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə Azərbaycan “yaşıl” kartlarının satılması həyata keçirilir.

 

İqtisadiyyat