Böyük Britaniyanın enerji nəhəngi olan BP şirkəti Azərbaycanda həyata keçirdiyi iri neft-qaz layihələri ilə yanaşı, sosial sahələrdə də bir sıra mühüm təşəbbüslərlə çıxış edir.
Şirkət bugünlərdə “Azəri–Çıraq–Günəşli”, “Bakı–Tbilisi–Ceyhan”, “Şahdəniz” və “Cənubi Qafqaz Boru Kəməri” layihələrindəki tərəfdaşları – SOCAR, TPAO, LUKOIL, SGC, NICO, MOL, INPEX, ExxonMobil, ITOCHU, ONGCVidesh, Eni, MVM və TotalEnergies adından 2023-cü ildən dəstəklədiyi təhsil layihəsinin sonuncu mərhələsini uğurla başa çatdırıb. Azərbaycanda startap mühitinin yaxşılaşdırılması və innovasiya ekosisteminin genişləndirilməsi məqsədi daşıyan “Gələcək üçün bacarıqlar” adlı layihə innovasiya, texnologiya, rəqəmsallıq və sahibkarlığın əlçatanlığının təmin edilməsi, eləcə də ölkənin startap ekosisteminə mühüm töhfə sayıla bilər.
Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Türkiyənin “Bilişim Vadisi” ” startap mentorluq şirkəti ilə birlikdə həyata keçirilən 6 aylıq inkubasiya proqramının təqdimatına həsr olunmuş mərasim keçirildi.
Öncə tədbir iştirakçıları təqdimatlar və sərgi stendləri vasitəsilə 10 iştirakçı komandanın ideya və layihələri ilə yaxından tanış oldular. Sonra agentliyin təşəbbüsü ilə yeni əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan Memarlıq və İnşaat Universiteti və Naxçıvan Dövlət Universiteti ilə anlaşma memorandumları imzalandı. Bununla da agentliklə startap layihələri sahəsində əməkdaşlıq edən universitetlərin sayı 14-ə çatdırıldı. Daha sonra layihə çərçivəsində həyata keçirilən tədbirlərdən bəhs edən videoçarx nümayiş etdirildi.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini İdris İsayev, Türkiyənin “Bilişim Vadisi” startap mentorluq şirkətinin icraçı direktoru Erkam Tüzgen və BP-nin Xəzər regionunda vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək gənclərin potensialını artırmaq, innovativ ideyaları dəstəkləmək və bu ideyaların ölkəmizin texnoloji inkişafına töhfə vermək baxımından xüsusi əhəmiyyət daşıyan “Gələcək üçün bacarıqlar” layihəsi ilə bağlı mülahizələrini bölüşdülər.
Qeyd olundu ki, gənclərin qazandıqları biliklərin real təcrübəyə transfer edilməsinə imkan yaradan layihə qarşıya qoyduğu hədəflərə çatmaq üçün uğurlu inkişaf yolu keçib. Azərbaycanın qabaqcıl universitetləri ilə sıx əməkdaşlıq şəraitində reallaşdırılan layihə ölkə ərazisində startap ideyalarını potensial investorlarla əlaqələndirən “TUSİ” inkubasiya proqramı kimi tanınan startap təhsili təşəbbüsünün səmərəliliyinin artırılması fəaliyyətlərini uğurla dəstəkləyib.
Diqqətə çatdırılıb ki, startap təşəbbüslərinin, inkubasiya proseslərinin və investisiyadan əvvəl ümumi hazırlıq işlərinin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş təlim, mentorluq və digər fəaliyyətlərdən ibarət inkubasiya proqramı çoxsaylı ərizəçilər arasından seçilmiş, təxminən, 10 komanda üçün təşkil olunmuş 6 aylıq proqrama Türkiyənin “Bilişim Vadisi” startap mentorluq şirkətinin təcrübəli mentor və ekspertləri rəhbərlik ediblər. Proqram çərçivəsində 8 iştirakçı komandanın layihələrinin təfərrüatlı təqdimatlarından ibarət onlayn televiziya proqramlarına çıxış müxtəlif vasitələr və kanallar üzərindən təmin edilib.
Xatırladaq ki, “İnnovasiyalar Mərkəzi” MMC yerli təhsil təşkilatı tərəfindən həyata keçirilən layihənin ümumi dəyəri
91 min manatdan (təxminən, 53 min 600 ABŞ dollar) artıq olub.