Coğrafi məlumatların  yeni standartları

post-img

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) coğrafi məlumatlara dair yeni dövlət standartlarını qəbul edib. 

AZSTAND-nın məlumatına görə, sözügedən standartlar coğrafi məlumatların toplanılması, saxlanılması, mübadiləsi, idarə edilməsi, modelləşdirilməsi, zamanla əlaqəli dəyişikliklərin izlənilməsi, məlumatların vizualizasiyası, kodlaşdırılması və təqdim olunması prosesləri haqqında qaydaları müəyyən edir. Eyni zamanda,  standartların tətbiqi fərqli qurumlar arasında məlumatların vahid texniki platforma üzərindən istifadəsinə, dövlət qurumları və ictimaiyyət üçün məkan məlumatlarına şəffaf və asan çıxış imkanlarına, habelə rəqəmsal hökumət və rəqəmsal iqtisadiyyat təşəbbüslərinin həyata keçirilməsinə şərait yaradacaq.

Yeni dövlət standartları standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və institut onları təsdiqləyərək Standartlaşdırma üzrə normativ sənədləri Dövlət Fonduna daxil edib.

İqtisadiyyat