Horadiz – Ağbənd dəmiryol xətti üzrə layihələndirmə işləri tamamlanıb. Dəmir yolunun inşası ilə bağlı işlərin isə 60 faizi yerinə yetirilib. Bununla yanaşı, layihə çərçivəsində tunellərdən birinin tikintisi başa çatdırılıb. Hazırda ikinci tuneldə qazıntı işləri aparılıb. Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.
Qeyd olunub ki, ümumilikdə, Horadiz – Ağbənd dəmir yolu xətti boyunca yerli mühəndislərin layihələndirməsi əsasında 300-dən çox süni mühəndis qurğusu, 40-dan çox körpü, tunel, su ötürücüsü və qalereya tikilir. Ümumi uzunluğu 110,4 kilometr olan dəmir yolunun əsas komponentlərinə 771 metrlik dəmiryol körpüsü, ölkənin 1071 metrlik ən uzun dəmiryol tuneli və müstəqillik tariximizdə ilk qalereya (dəmir yolunu daş uçqunlarından qoruyan mühafizə örtüyü) daxildir
Xatırladaq ki, Horadiz – Ağbənd dəmir yolu xətti Naxçıvanla birbaşa nəqliyyat bağlantısına və Şərq – Qərb istiqamətində yükdaşımalar üçün yeni marşrutun təmin edilməsinə imkan yaradacaq.