Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsində edilmiş mühüm dəyişikliklərdən biri bəzi xidmət sahələri üzrə mikro sahibkarların gəlirlərinə 75 faiz vergi güzəştinin müvafiq tələblərlə şərtləndirilmədən tətbiqi ilə bağlıdır.
Dövlət Vergi Xidmətinin məlumatına görə, Vergi Məcəlləsinə 2024-cü ildən qüvvəyə minən dəyişikliyə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə fəaliyyətlərində borc yaranmayan mikro sahibkarların qazancının 75 faizi gəlir vergisindən azad edilib.
Qeyd olunub ki, aparılmış təhlillər nəticəsində bir sıra fiziki şəxslərin əhaliyə deyil, digər vergi ödəyicilərinə xidmət göstərdikləri, buna görə də sadələşdirilmiş verginin ödəyicisi ola bilmədikləri müəyyənləşdirilib.
Bu səbəbdən bəzi xidmət sahələri üzrə fəaliyyət göstərən və illik dövriyyəsinin həcmi xərclər nəzərə alınmadan 45 min manatadək olan mikro sahibkar fiziki şəxslərə münasibətdə gəlirlərinin 75 faizinin hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad olunması ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər edilib.
Həmin fəaliyyətlərə proqram təminatının işlənməsi, layihə-dizayn və dekorasiya, tərcümə, reklam xidmətləri, araşdırma və tədqiqat sahəsində fəaliyyət, elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər, hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahələri üzrə məsləhət xidmətləri, jurnalistika, bazar konyukturunun öyrənilməsi, qiymətləndirmə fəaliyyəti, avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti, turizm bələdçisi kimi xidmətlər aiddir.
Vergi sistemindən danışarkən, bir məqamı da qeyd etmək istərdik. Belə ki, ölkəmizdə dövlət – özəl sektor tərəfdaşlığı çərçivəsində vergi təşviqləri verilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində Vergi Məcəlləsinə edilmiş mühüm dəyişikliklərdən biri dövlət − özəl sektor tərəfdaşlığının və “yaşıl iqtisadiyyat”ın dəstəklənməsi məqsədilə bərpaolunan enerji mənbələrindən istifadə edilməklə elektrik enerjisi istehsalı layihələrinə vergi təşviqlərinin verilməsi ilə bağlıdır.
Bütövlükdə, dövlət–özəl sektor tərəfdaşlığı və elektrik enerjisi istehsalı layihələri çərçivəsində xidmətlərin göstərilməsi, eləcə də həmin xidmətlərlə bağlı zəruri infrastrukturun yaradılması və idarə edilməsi ilə əlaqədar layihələrin icrasına investisiyaların cəlb edilməsi məqsədilə vergi azadolmaları tətbiq olunur. Belə ki, dövlət − özəl sektor tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaşlara, bərpaolunan enerji mənbələrindən istifadə edilməklə elektrik enerjisi istehsalı layihələri üzrə isə istehsalçılara müvafiq müqavilələrdə müəyyənləşdirilmiş müddətdə, lakin 30 ildən çox olmayaraq mənfəət (gəlir), əmlak, torpaq, idxalda əlavə dəyər vergisi üzrə güzəştlər verilir.
Yeri gəlmişkən, ekspertlər hesab edirlər ki, bu istiqamətlərdə vergi təşviqlərinin verilməsi ölkənin investisiya mühitinin bir qədər də təkmilləşdirilməsinə, iqtisadiyyatın ayrı-ayrı sahələrinə cəlb olunmuş özəl investisiyaların dəstəklənməsinə, birbaşa xarici investisiyaların həcminin artırılmasına, o cümlədən dövlət – özəl sektor tərəfdaşlığının və dövlətin satınalma öhdəliyi ilə özəl sektor tərəfindən həyata keçirilən elektrik enerjisi istehsalı layihələrinin dəstəklənməsinə öz töhfəsini verəcək.
XQ