Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə mediasına verdiyi müsahibədə bildirib ki, son 10 ildə Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələr arasında ticarət əlaqələri əhəmiyyətli dərəcədə güclənib. 2024-cü ildə isə qarşılıqlı ticarət dövriyyəsinin həcmi 45 milyard ABŞ dollarını ötüb. Üzv dövlətlərin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafında, energetika, sənaye, kənd təsərrüfatı və rəqəmsallaşma sahələrində əməkdaşlığın güclənməsində rolu da artıb.
Qazaxıstan rəhbəri xatırladıb ki, ölkəsinin 2024-cü ildə – təşkilata sədrliyi dövründə TDT-yə daxil olan dövlətlərlə siyasi, ticarət-iqtisadi, nəqliyyat-logistika, mədəni-humanitar sahələrdə əməkdaşlığın intensivləşdirilməsinə xüsusi diqqət yetirilib. Qazaxıstan TDT-nin sədri kimi “TURKTIME!” devizi ilə çıxış edib. Bu abbreviatura səkkiz prioriteti ifadə edir: Ənənələr (Traditions), Birləşmə (Unification), İslahatlar (Reforms), Bilik (Knowledge), Etimad (Trust), İnvestisiyalar (Investments), Mediasiya (Mediation) və Enerji (Energy). Tokayevin sözlərinə görə, bu prioritetlər TDT ölkələri ilə məhdudlaşmayan bütün türk birliyi tərəfindən maraqla qarşılanıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı rüblük hesabatda isə bildirilir ki, 2024-cü ilin 9 ayı ərzində TDT-yə üzv dövlətlərin birgə ümumi daxili məhsulu, təxminən, 1 trillyon 456 milyard ABŞ dolları təşkil edib ki, bu da eyni dövrdə proqnozlaşdırılan qlobal ÜDM-in (54 trilyon ABŞ dolları), təxminən, 2,7 faizinə bərabərdir. Üzv dövlətlər orta hesabla 4,5 faiz ÜDM artımı nümayiş etdirərək qlobal 3 faiz artımı üstələyiblər.
Ötən ilin 9 ayında qlobal ticarət həcmi, təxminən, 24 trilyon 75 milyard ABŞ dolları qiymətləndirilir. İlin sonuna isə bu göstəricinin 33 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Bu dövrdə TDT üzvlərinin (Türkmənistan və müşahidəçi ölkələr istisna olmaqla) ticarət dövriyyəsi 868 milyard ABŞ dolları olub ki, bu da qlobal ticarət həcminin 3,37 faizini təşkil edir. Xatırladaq ki, Türkmənistan Rusiya, Çin və Özbəkistan kimi əsas tərəfdaşlarla ticarət əlaqələrinə malikdir və təkcə Özbəkistanla ticarət dövriyyəsi hesabat dövründə 867,8 milyon ABŞ dollarına çatıb.
Yeri gəlmişkən, hesabat dövründə Azərbaycan 4,7 faiz ÜDM artımı əldə edib. Sənaye sektorunda isə artım 1,3 faiz olub. Eyni zamanda, 4,89 milyard ABŞ dolları həcmində müsbət ticarət balansı qeydə alınıb. Azərbaycan enerji sektoruna, xüsusən bərpaolunan enerji layihələrinə investisiya yatırmaqla iqtisadiyyatını şaxələndirməyi və neft ixracından asılılığı azaltmağı hədəfləyir.
Türk dövlətləri arasında ticarət dövriyyəsinin 2024-cü ildə 45 milyard ABŞ dollarını keçəcəyi proqnozlaşdırılır ki, bu da iqtisadi əlaqələrin dərinləşdiyini və regiondaxili ticarətin inkişaf etdirilməsi istiqamətində uğurlu səyləri vurğulayır.
TDT üzv dövlətləri qlobal orta göstəricilərlə müqayisədə yüksək iqtisadi artım tempi nümayiş etdirir, kollektiv potensialdan yararlanmaqla innovasiyaları təşviq edir, iqtisadi təsirlərini artırmağı və uzunmüddətli, dayanıqlı rifaha nail olmağı hədəfləyir.
Səhifəni hazırladılar:
Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ
XQ