Son illər özünün davamlı inkişaf modelini yaratmağa nail olmuş Azərbaycan Respublikası 2025-ci ilə yüksək iqtisadi göstəricilərlə qədəm qoyub. Təkcə onu qeyd etmək kifayətdir ki, yola saldığımız 2024-cü ildə ölkəmizdə ümumi daxili məhsul istehsalı 4 faizdən çox artıb. İl ərzində qeyri-neft sektorunda 6 faizdən, qeyri-neft sənaye sahəsində isə 7 faizdən çox artım qeydə alınıb.
Ölkə Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində 2024-cü ilin əvvəlində qarşıya qoyulmuş bütün məsələlərin öz həllini tapdığını vurğulayaraq il ərzində ölkəmizin inamla inkişaf etdiyini, iqtisadiyyatda müsbət dinamikanın qeydə alındığını, hərbi gücümüzün artdığını diqqətə çatdırıb: “Biz öz valyuta ehtiyatlarımızı artırmışıq və hazırda 72 milyard dollardan çox valyuta ehtiyatlarımız var. Eyni zamanda, xarici borcumuzu da azaltmışıq və bu gün Azərbaycanın xarici borcu cəmi 5,2 milyard dollardır. Yəni, başqa sözlə desək, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. İndi əgər bu rəqəmlərə yaxın olan rəqəm hər hansı bir inkişaf etmiş ölkədə varsa, onu mənə göstərsinlər. Bütün bu işləri görməklə yanaşı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, hərbi gücümüzün artırılması, sosial layihələrin icra edilməsi ilə yanaşı, biz bax, bu önəmli makroiqtisadi rəqəmləri əldə etmişik. Həm borcumuzu azaltmışıq, həm ehtiyatlarımızı artırmışıq və bu, imkan verir ki, biz geniş sosial proqramlar icra edək”.
Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər dünyanın əksər dövlətləri, eləcə də bir sıra beynəlxalq təşkilatlar tərəfindən bəyənilir, təqdir edilir. Təsadüfi deyil ki, hazırda tanınmış reytinq agentlikləri də ölkəmizin gələcək iqtisadi inkişafı ilə bağlı nikbin, ümidverici fikirlər səsləndirir, əvvəlki proqnozlarını mütəmadi olaraq yeniləyirlər.
“Trading Economics” beynəlxalq iqtisadi statistika portalının ölkəmizlə bağlı səsləndirdiyi fikirlər də bu baxımdan maraq doğurur. Qurum bugünlərdə Azərbaycanın 2025-ci il üzrə iqtisadi artım proqnozunu yeniləyib. Belə ki, portal cari ildə ölkəmizdə real ümumi daxili məhsulun artım proqnozunu 3,5-4 faiz civarında müəyyənləşdirib. Portal bu ilin ilk rübündə ölkə üzrə iqtisadi artımın 3,5 faiz, ikinci və üçüncü rüblərdə 4 faiz, dördüncü rübdə isə yenidən 3,5 faiz olacağını proqnozlaşdırıb. Xatırladaq ki, nüfuzlu beynəlxalq iqtisadi statistika portalı olan “Trading Economics” ötən ilin ikinci rübündə Azərbaycanda iqtisadi artımın 3,4 faizə qədər yüksələcəyini, ilin sonuncu rübündə isə 1,5 faizə qədər enəcəyini proqnozlaşdırmışdı. Bununla belə, Azərbaycanın Dövlət Statistika Komitəsinin açıqlamasına görə, 2024-cü ilin yanvar-noyabr aylarında ölkədə iqtisadi artım 4,1 faiz təşkil edib.
Eyni zamanda, “Trading Economics” 2025-ci il üzrə Azərbaycanın inflyasiya proqnozunu da yeniləyib. Belə ki, portal bu il üçün ölkəmizdə inflyasiyanı 4-4,5 faiz civarında müəyyənləşdirib. Qurum analitiklərinin qənaətinə görə, cari ilin birinci rübündə ölkə üzrə inflyasiya 4,5 faiz təşkil edəcək. Bu göstərici sonrakı iki rübdə müvafiq olaraq 4,2 faiz və 4 faizə qədər azalacaq. İlin son rübündə isə yenidən 4,2 faizə yüksələcək.
Adı çəkilən beynəlxalq iqtisadi statistika portalı 2024-cü ildə ölkəmizdə orta illik inflyasiyanı 5 faiz səviyyəsində proqnozlaşdırmışdı. Bununla yanaşı, iqtisadi nəşr rüblər üzrə proqnozlarını da açıqlamışdı. Belə ki, ölkəmizdə birinci rübdə orta illik inflyasiyanın 1,8 faiz, ikinci rübün sonuna 4,4 faiz, üçüncü rübün sonuna 5,3 faiz, dördüncü rübün sonuna isə 5 faiz səviyyəsində olacağı bildirilmişdi.
Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin açıqlamasına görə, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 102 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 101 faiz, qeyri-qida məhsulları üzrə 101,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 103,8 faiz təşkil edib. İl ərzində ayrı-ayrı qida məhsullarından daha çox artım uzun düyünün, yulaf yarmasının, mal ətinin, balıq konservlərinin, qatığın, pendirin, kəsmiyin, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, bananın, üzümün, qozun, fındığın, şabalıdın, ağ kələmin, göyərtinin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, sarımsağın, soğanın, kartofun, qara və yaşıl çayın, azalma isə təzə balığın, limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kivinin, süfrə çuğundurunun, yerkökünün qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Bununla yanaşı, qeyri-qida mallarına aid olan geyimlərin, inşaat materiallarının, mebellərin, zərgərlik məmulatlarının qiymətlərində artım, mobil telefon, noutbuk və məişət cihazlarının qiymətlərində isə əksinə, azalma qeydə alınıb. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
“Trading Economics” beynəlxalq iqtisadi statistika portalı Azərbaycan Mərkəzi Bankının 2025-ci ildə uçot faiz dərəcəsi ilə bağlı proqnoz verib. Qurumun analitikləri bu qənaətdədirlər ki, bank cari ildə uçot faiz dərəcəsini 5 faizədək endirə bilər. Portalın qlobal makro modelləri və analitiklərin gözləntilərinə əsasən, Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin birinci rübündəki qərarlarında uçot dərəcəsini sabit saxlayacaq. “Bununla belə, ikinci rübdə uçot dərəcəsi 6,75 faiz, üçüncü rübdə isə 6,5 faizə endiriləcək. Ekonometrik modellərimizə əsasən, uzunmüddətli perspektivdə, 2025-ci ilin sonuna Azərbaycanda uçot dərəcəsinin 5 faiz civarında olacağını proqnozlaşdırırıq”, – deyə nəşrin analitikləri bildiriblər.
Səhifəni hazırladılar:
Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ
XQ