Özəl bölmə Qarabağın dirçəlişinə töhfəsini artırır
İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsi Şuşa şəhərində Xankəndi, Şuşa və Xocalıda fəaliyyət göstərən sahibkarlarla görüş keçirib.
Qurumdan bildirilib ki, mikro və kiçik sahibkarlıq subyektlərinin iştirak etdikləri görüşdə işğaldan azad olunmuş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi məqsədilə həyata keçirilən layihələr, tətbiq edilən vergitutmanın xüsusiyyətləri, o cümlədən rezidentlərə verilən vergi və gömrük güzəşt və azadolmaları, kreditlərin dövlət zəmanəti ilə gerçəkləşdirilməsi, kredit faizlərinin subsidiyalaşdırılması barədə məlumat verilib.
Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov işğaldan azad olunmuş ərazilərdə sahibkarlığın inkişafı istiqamətində dövlətin atdığı addımlar, işğaldan azad olunmuş ərazilərdə rezident statusu alan sahibkarlara şamil olunan vergi güzəştləri və Vergi Məcəlləsinə edilən dəyişikliklər barədə danışıb. Qeyd olunub ki, dayanıqlı iş yerləri üç mənbədən formalaşır. Bu mənbələr dövlət müəssisələrinin yaradılması, özünəməşğulluq və özəl sektordur. Bu baxımdan özəl sektorun inkişafı çox önəmli məsələdir.
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin üzvü Emin Şirinov təmsil etdiyi qurumun sahibkarlıq subyektlərinə göstərdiyi maliyyə dəstəyi barədə məlumat verib. O, bu ilin 9 ayında qurumun 4116 sahibkarlıq subyektinin investisiya layihəsinə 167,6 milyon manat güzəştli kredit ayırdığını bildirib: “Ümumilikdə işğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən 10 sahibkarlıq subyektinin layihələri 23,8 milyon manat güzəştli kreditlərlə dəstəklənib. Bununla yanaşı, zəmanət subsidiya mexanizmi çərçivəsində işğalçıdan xilas olunan ərazilərdə kredit tələbi 17,7 milyon manat olan 8 layihəyə 14 milyon manat məbləğində dövlət zəmanəti verilib”.
Görüş zamanı sahibkarlıq subyektlərinin qeydiyyat məsələsinə toxunulub, rezident statusunun əldə edilməsinin önəmi vurğulanıb və sahibkarları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Qarabağda özəl sektorun inkişafının diqqətdə saxlanılması yeni iş yerlərinin açılmasını sürətləndirir. Azərbaycanın işğaldan azad olunan ərazilərində fəaliyyət göstərmək üçün müraciət edən sahibkarların sayının artıq 3 mini keçməsi də bunun bariz ifadəsidir. Müraciətlərin yarıdan çoxu investisiya yönümlüdür.
Hazırda fəaliyyət göstərən 219 layihənin 89-u Qarabağda, 130-u isə Şərqi Zəngəzur iqtisadi rayonunda reallaşdırılır. Bütün layihələr gerçəkləşdirildikdən sonra 1879 şəxsin işlə təmin ediləcəyi nəzərdə tutulur. İşğaldan azad edilən ərazilərdə sahibkarların daha səmərəli fəaliyyətləri üçün müəyyən güzəştlər yaradılıb. Məsələn, bir sıra iş adamlarının (rezidentlərin) maliyyə çıxışı artıq həll edilib. Onlara hökumət tərəfindən 500 milyon manat həcmində kredit portfeli təqdim olunub. Həmin kreditlərin 450 milyon manatına dövlət zəmanəti verilib.
Bu ərazilərdə fəaliyyət göstərən hər bir sahibkara 1 kreditin məbləği 5 milyon manatı keçməmək şərtilə dövlət zəmanəti əsasında ayrılır. Həmin kreditlər 7 il müddətinə ayrılır. Burada kredit faizlərinin subsidiyalaşdırılmasına əsas məsələ kimi yanaşılır, kreditlərin 10 faizə qədəri dövlət tərəfindən subsidiyalaşdırılır.
Bundan əlavə, sahibkarlıq fəaliyyəti üçün qoyulan investisiyanın əsas hissəsini təşkil edən kreditlərlə bağlı dövlət dəstəyi də artıq müəyyənləşdirilib. Azad olunan ərazilərdə fəaliyyət göstərən sahibkarlara kreditlər verilməsini dəstəkləmək məqsədilə Azərbaycan Prezidentinin 2023-cü il 9 yanvar tarixli fərmanı ilə təsdiqlənən “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” və ona əlavə olunmuş “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” qəbul olunub.
Bu qayda Qarabağ və Şərqi Zəngəzur regionunda fəaliyyət göstərən biznes subyektlərinə verilən kreditlər üçün dövlət zəmanəti və alınan kreditlərin faizlərinin subsidiyalaşdırılması şərtlərini müəyyən edir. Dövlət zəmanəti ilə alınmış kreditlərdə zamin rolu Maliyyə Nazirliyinin üzərinə düşür. İşğaldan azad olunan ərazilərdə tikinti fəaliyyəti ilə məşğul olan sahibkarlar, o cümlədən tikinti materiallarının istehsalı ilə məşğul olan özəl bölmə subyektləri dövriyyə vəsaitləri üçün müvəkkil banklardan 2 ildən daha uzun müddətə kredit cəlb edə biləcəklər.
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) məlumatında qeyd edilir ki, digər güzəşt isə subsidiyalarla bağlıdır. Belə ki, İKZF sahibkarlıq subyektinin əvəzindən müvəkkil banka 8 faiz bəndi həcmində subsidiya ödəmək səlahiyyətinə malikdir. Eyni zamanda, sahibkarlıq subyektinin investisiya təşviqi sənədi varsa, fond 10 faiz bəndi həcmində subsidiya vermək səlahiyyətinə də sahibdir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bu il fevral ayının əvvəlindən başlayaraq elektron kredit və zəmanət informasiya sistemi fəaliyyət göstərir. Artıq bu portal üzərindən müraciətlər qəbul edilir.
Ölkəmizin işğaldan azad olunan ərazilərində rezident statusu alan sahibkarlıq subyektinə bütün vergi güzəştlərindən istifadə etmək şəraiti yaradılıb. Onlara əmlak, torpaq, mənfəət, fiziki şəxslərə münasibətdə gəlir vergisindən, sadələşdirilmiş, habelə dividendlərə görə vergilərdən azad olmaq imkanı verilib.
Bütün bunlarla yanaşı, idxal edilən texnikaların, texnoloji qurğuların ƏDV-dən, habelə idxal məqsədli texnika, xammal və materialların gömrük rüsumundan azad edilməsi də diqqətdə saxlanılıb. Hazırda məcburi dövlət sosial sığorta üzrə ödənişlərin subsidiyalaşması prosesi gedir və artıq rezidentlər bu imkanlardan istifadə edirlər.