2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi, təxminən, 30 illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
• Zəngilan rayonunun Mincivan qəsəbəsi və 13 kəndi – Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.
• Azərbaycan Ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində məlumat verib.
• Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. Dövlət başçısı jurnalistin – “Siz ikinci atəşkəsin artıq uğursuz olduğunu, yaxud bitdiyini və döyüşün davam etdiyini deyərdiniz?” sualına cavabında bildirib: “Atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra onlar atəşkəsi pozdular, onlar yenə də bizim dinc şəhərlərimizə hücum etdilər. Bu səhər saat 6-dan 8-ə qədər onlar dinc əhalinin yaşadığı və ən çox ziyan görən Tərtər şəhərinə 100-dən çox raket atıblar. Onlar bizim hərbi mövqelərimizə hücum edirlər. Onlar artıq azad edilmiş əraziləri yenidən geri götürmək istəyirdilər. Bildiyiniz kimi, birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistan ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq. Beləliklə, onlar atəşkəsi pozublar”.
Ali Baş Komandan daha sonra vurğulayıb ki, atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik. Sizə deyə bilərəm ki, onlar ikinci dəfə atəşkəsi pozandan sonra biz Zəngilan şəhərini və bir çox kəndləri azad etdik. Beləliklə, döyüş meydanında nə qədər çox vaxt keçirsə, biz bir o qədər də əraziləri azad edirik. Ona görə Ermənistan hökuməti öz davranışı haqqında ciddi düşünməlidir və əgər atəşkəsin səmərəli olmasını istəyirsə, birincisi, atəşkəsi pozmamaq, ikincisi, artıq işğaldan azad edilmiş əraziləri geri götürməyə cəhd etməmək və işğal olunmuş Azərbaycan ərazilərinin boşaldılması üçün üzərinə ciddi öhdəlik götürməlidir.
• Düşmənin 5-ci, 6-cı, 7-ci dağatıcı alaylarının və 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri canlı qüvvə və döyüş texnikası itirərək geri çəkilməyə məcbur edilib. Çoxlu sayda silah–sursat bölmələrimiz tərəfindən qənimət götürülüb.
• Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri Füzuli və Tərtər istiqamətlərində Ermənistan silahlı qüvvələrinə məxsus üç taktiki pilotsuz uçuş aparatını, Horadiz istiqamətində isə bir pilotsuz uçuş aparatını vurublar.
• Azərbaycanın Müdafiə Nazirliyi artilleriya bölmələrimizin gecə və gündüz atışlarının videogörüntülərini paylaşıb.
• Müdafiə Nazirliyi düşmənin döyüş meydanında atıb–qaçdığı hərbi texnikaların görüntülərini yayıb.
• Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb.
• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 21-i saat 11:00-dək 63 mülki şəxs həlak olub, 292 nəfər xəsarət alıb, 1981 ev, 90 çoxmənzilli yaşayış binası və 386 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
22 oktyabr
• Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.
• Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi işğaldan azad edilib. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində məlumat verib.
• Prezident İlham Əliyev Türkiyə Respublikasının Baş Ombudsmanını qəbul edib.
• Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək mühüm yüksəkliklərdən və bir sıra mövqelərdən geri çəkilməyə məcbur edilib. Düşmənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan var. Hadrut qəsəbəsindən şimalda yerləşən artilleriya bölmələrinə yeni gətirilmiş erməni könüllülər atəş mövqelərini tərk edərək qaçıb. Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayın müdafiə sahəsinə endirilən artilleriya zərbələri nəticəsində düşmən çoxsaylı itkilər verib. 543-cü alayın müdafiə sahəsinə endirilən atəş zərbələri nəticəsində şəxsi heyət arasında xeyli itki olub. 1-ci taborun bir bölüyünün şəxsi heyəti isə döyüşə girməkdən imtina edib.
• Müdafiə Sənayesi Nazirliyinin müəssisələri yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik “İti qovan” pilotsuz uçuş aparatlarının seriyalı istehsalına başlayıb.
• Ermənistan ordusu Oğuz–Qəbələ–Bakı su kəmərini hədəfə alaraq raket atıb.
• Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan ordusunun hərbçiləri döyüşlərdə iştirakdan imtina edir. Yerli sakinlər övladlarının döyüşlərdə iştirak etməsinə etiraz əlaməti olaraq bəzi avtomobil yollarını bağlayıblar. Hadrutdan şimaldakı müdafiə zolağında və Ağdərədəki 5-ci dağatıcı alayın müdafiə sahəsindəki hərbçilərə qohumları və tanışları telefonla zəng edərək onlara silahı yerə qoyub geri çəkilmələri barədə çağırış edir. Düşmən bölmələrində ərzaq, yanacaq və döyüş sursatlarının çatışmadığı barədə də məlumatlar daxil olur.
• Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib.
• Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb.
XQ