Türk Dövlətləri Təşkilatının “Yaşıl” və Milli Banklar şuraları yaradılacaq

post-img

Türk Dövlətləri Təşkilatı Qazaxıstanın təşkilata üzv dövlətlərin Yaşıl Maliyyə Şurası və Mərkəzi Milli Banklar Şurasının yaradılması təşəbbüsünü dəstəkləyib.

Qazaxıstan Respublikası Baş nazirinin rəsmi informasiya xidmətinin məlumatına görə, bu təşəbbüs oktyabrın 18-də Bişkekdə TDT- yə üzv ölkələrin iqtisadiyyat və ticarət nazirlərinin 13-cü iclasında təsdiq edilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstan rəsmilərinin iştirak etdikləri iclasda əsas müzakirə mövzusu TDT-yə üzv dövlətlərin gələcək əməkdaşlığının gücləndirilməsi və iqtisadi inkişaf məsələləri olub.

İqtisadiyyat və ticarət nazirlərinin Türküstan şəhərində keçirilməsi nəzərdə tutulan növbəti görüşündə Qazaxıstanın bütün TDT ölkələri tərəfindən dəstəklədiyi digər təşəbbüs –TURAN xüsusi iqtisadi zonasının açılışı planlaşdırılıb.

Qeyd edək ki, TDT-nin 2009-cu ildə Naxçıvan şəhərində keçirilən Zirvə görüşündən indiyədək qurum səmərəli bir inkişaf yolu keçib, 160 milyona yaxın insanın yaşadığı böyük bir coğrafiyada və qlobal miqyasda güclü təşkilat kimi tanınıb. Prezident İlham Əliyevin TDT ölkələri ilə bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsini Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri elan edib.

Onu da deyək ki, Azərbaycanla TDT-yə üzv ölkələr arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün son illərdə bir sıra layihələr reallaşdırılıb. Məsələn, Milli Məclisin 4 aprel 2023-cü il tarixli iclasında “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanan saziş təsdiqlənib. Bununla da TDT hökumətlərinin gömrük orqanları arasında malların və nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı məlumat mübadiləsi asanlaşıb. Başqa sözlə, belə bir layihənin icrası nəticəsində təşkilata üzv hökumətlər arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında məlumatların elektron şəkildə mübadiləsi gerçəkləşib, nəticədə sürətli yük daşımaları, o cümlədən yük daşımaların həcmində nəzərəçarpacaq dərəcədə artıma nail olmaq reallaşıb.

“Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” sazişin təsdiqlənməsi isə Orta Dəhlizin praktiki əhəmiyyətinə müsbət təsir göstərməklə yanaşı, regionda baş verən yeni geosiyasi və geoiqtisadi reallıqlar çərçivəsində sözügedən marşrutla Çindən Avropaya quru yolla daşınan yüklərin Qazaxıstan və Azərbaycandan keçərək ötürülməsi reallaşıb.

 

İqtisadiyyat