Milli elektron su atlası yaradılır

post-img

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunan “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da Azərbaycanda 2025–2027-ci illərdə coğrafi informasiya sistemləri əsasında elektron su atlasının yaradılmasının planlaşdırılması qeyd edilib.

Strategiyada bildirilib ki, ilkin nəticə coğrafi informasiya sistemləri modelinin qurulması, mövcud xəritələrin elektronlaşdırılması və veb-xəritələşdirmədən ibarət olacaq və bu zaman su və su təsərrüfatı obyektləri, o cümlədən infrastrukturları barədə məlumatların coğrafi informasiya sistemlərinə inteqrasiyası diqqətdə saxlanılacaq.

2024−2027-ci illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyanın”nın həyata keçirilməsi üzrə Tədbirlər Planındakı hədəflərdən biri də yeraltı və yerüstü suların istismar ehtiyatının müəyyən olunmasıdır. Bu fəaliyyət çərçivəsində kompleks hidrogeoloji, hidroloji, geofiziki tədqiqat işlərinin aparılması, hidroloji, hidrogeoloji və meteoroloji monitorinq məntəqələrinin sayının artırılması, məlumatların Elektron su təsərrüfatı informasiya sisteminə inteqrasiyası da planlaşdırılır.

Qeyd edək ki, Azərbaycanda 140-dan çox su anbarı var. Bunların ən böyükləri Kür çayı üzərindəki Mingəçevir (həcmi 15,7 milyard kubmetr), Şəmkir (2,7 milyard kubmetr), Araz çayı üzərindəki Xudafərin (1,6 milyard kubmetr) və Araz (1,3 milyard kubmetr), habelə Tərtər çayı üzərindəki Sərsəng (0,56 milyard kubmetr) su anbarlarıdır. Su anbarlarının ümumi həcmi isə 24 milyard kubmetrə yaxındır.

Su infrastrukturunun yaxşılaşdırılması istiqamətdə aparılan işlər çərçivəsində Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Xudafərin və Qız qalası su anbarları tikilib, Oğuz−Qəbələ−Bakı su kəməri çəkilib, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi inşa edilib, rayon və şəhər mərkəzlərində, eyni zamanda, kənd və qəsəbələrdə içməli su təchizatı, eləcə də tullantı sularının axıdılması ilə bağlı tikinti və yenidənqurma işləri həyata keçirilib. Belə layihələrin icra edilməsi nəticəsində əhalinin içməli su təminatı 67 faizə çatdırılıb, əkin sahələri 1,5 milyon hektara qədər genişləndirilib.

Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşən Suqovuşan, Xaçınçay, Zabuxçay su anbarlarında və 3 su anbarından ibarət Köndələnçay kompleksində bərpa və tikinti işləri aparılıb. Qəbələdə Yengicə su anbarının, Oğuz və Şəki rayonlarının ərazisində isə Əlicançay su anbarının tikintisinə başlanılıb. Bundan əlavə, dağ çayları sularının yığılması üçün relyefə uyğun su anbarlarının yaradılması məqsədilə 6 su anbarı, o cümlədən Həkəriçay (Laçın) və Bərgüşadçay (Qubadlı) su anbarlarının tikilməsi istiqamətində işlərə başlanılıb. Başlanğıcını Mingəçevir su anbarından götürən Şirvan və Qarabağ suvarma kanallarının yenidən qurulmasına başlanılıb. Əlavə olaraq, 20 suvarma kanalının, 1 hidroqovşağın və 1 kollektorun yenidən qurulması planlaşdırılıb.

 

İqtisadiyyat