Ağdam Sənaye Parkının sifarişləri çoxalır

post-img

“Bakı Gəmiqayırma Zavodu” Ağdam Sənaye Parkında fəaliyyət göstərən “BAFCO İnvest” müəssisəsinin istehsalı olan 1360 ədəd xüsusi təhlükəsizlik ayaqqabısı sifariş edib. Aşınmaya davamlı olan bu məhsullar zavodun işçi qüvvəsini istehsal prosesi zamanı potensial təhlükələrdən qoruyacaq, əməyin təhlükəsizliyinə və yerli istehsala öz töhfəsini verəcək.

Xatırladaq ki, “BAFCO İnvest” MMC 2023-cü ilin mart ayında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Sənaye parkının 2,5 hektar ərazisində Almaniyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə müxtəlif təyinatlı çəkmə, tikintidə istifadə üçün nəzərdə tutulan, dəmir ucluqlu və altlıqlı təhlükəsizlik ayaqqabılarının istehsalı həyata keçirilir. İnvestisiya dəyəri 10 milyon manatdan çox olan müəssisədə, ümumilikdə, 120 nəfərin işlə təmin ediləcəyi, işçilərin Ağdamdan və ətraf rayonlardan cəlb olunacağı nəzərdə tutulur.

Zavod ildə 510 min cüt ayaqqabı istehsalı gücünə malikdir ki, bunun da 350 min cütü təhlükəsizlik ayaqqabıları, 160 min cütünü isə poliuretan çəkmələr təşkil edəcək. İstehsal olunan məhsulların 65 faizi yerli, 35 faizi isə xarici bazarlarda satışa çıxarılacaq.

“BAFCO İnvest” MMC sənaye parklarında tətbiq olunmuş idxal, ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər bir milyon manatdan çox vəsaitə qənaət edib.

Xatırladaq ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkı dövlətimizin başçısının 2021-ci il 28 may tarixli fərmanına əsasən yaradılıb. Sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.

Bölgənin coğrafi mövqeyi, insan resursları və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirəcək. Sənaye parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.

Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılır. Bunun nəticəsidir ki, artıq İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parkları arasında Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdədir. Parkda ümumi investisiyalarının məbləği 238 milyon manatdan çox olan 27 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən sənaye parkında, ümumilikdə, 2090 iş yerinin yaradılması nəzərdə tutulur. Artıq indiyədək sənaye parkına 72 milyon manatdan çox investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb.

 

İqtisadiyyat