Asiya İnkişaf Bankı Azərbaycanın 2024-cü il üçün iqtisadi artım proqnozunu 1,5 faiz artıraraq 2,7 faizə yüksəldib. Bankın “Asiyanın inkişaf perspektivləri” hesabatının sentyabr sayında həmin göstəricinin qeyri-neft sektorunun davamlı inkişafına, dövlət xərclərinin artmasına və investisiya fəallığının güclənməsinə əsaslandığı vurğulanıb.
Hesabata görə, cari ilin birinci yarısında ölkədə qeyri-neft iqtisadiyyatında 6,9 faiz, karbohidrogen sektorunda 0,6 faiz artım qeydə alınıb. Neft hasilatının 4,9 faiz azalması qaz hasilatının 3,4 faiz artması ilə kompensasiya edilib. Nəticədə iqtisadi artım 2023-cü ilin birinci yarısındakı 0,5 faizdən 2024-cü ildə 4,3 faizə qədər sürətlənib. Aqrar sektorda isə əksinə, kənd təsərrüfatı məhsullarının istehsalının aşağı düşməsi səbəbindən artım 3,4 faizdən 0,2 faizə qədər azalıb. Sənaye sektorunda 0,9 faiz artım qeydə alınıb ki, bu da neft-kimya və qida sənayesində istehsalın 7,4 faiz artması hesabına baş verib.
Bankın hesabatında, həmçinin qeyd edilir ki, investisiyaların əhəmiyyətli çoxalması tikintidə artım tempinin 2023-cü ilin birinci yarısındakı 9,2 faizdən bir il sonra 18,4 faizə qədər ikiqat artmasına səbəb olub. Xidmət sahəsində artım 1,6 faizdən 6,1 faizə yüksəlib ki, bu da nəqliyyat sektorunun inkişafı (15,4 faiz artım) ilə dəstəklənib. Bank ekspertləri iqtisadi sahədə müsbət dinamikanın ilin sonuna qədər davam edəcəyini gözləyirlər ki, bu da 2024-cü və 2025-ci illər üçün proqnozların yenidən nəzərdən keçirilməsinə səbəb olub.
Xatırladaq ki, 2023-cü ilin nəticələrinə görə, ölkənin ÜDM artımı 1,1 faiz təşkil edib. Hökumətin proqnozlarına əsasən, 2024-cü ildə ÜDM artımı 4,2 faiz, 2025-ci ildə isə 3,5 faiz səviyyəsində gözlənilir. Hesabat müəllifləri onu da qeyd ediblər ki, cari il iyun ayının sonunda yanacağın inzibati qiymətlərinin artırılması ilə ilin ikinci yarısında inflyasiyanın güclənməsi gözlənilsə də, bu, yanvar–iyun aylarında qiymətlərin sabit qalması səbəbindən baş verməyib. Buna görə də 2024-cü və 2025-ci illər üçün inflyasiya proqnozları aşağı salınıb. Hökumət Azərbaycanda inflyasiyanın 2024-cü ildə 2,7 faiz, 2025-ci ildə isə 4,6 faiz təşkil edəcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, Azərbaycan 1999-cu il oktyabrın 29-da “Asiya İnkişaf Bankının təsisi haqqında Saziş”ə qoşulmaqla bu beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığa başlayıb. Ötən illər ərzində AİB Azərbaycan Respublikası hökumətinin prioritetləri əsasında respublikamızda həyata keçirilən iqtisadi islahatlarda, infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirak edib.
Yeri gəlmişkən, ölkəmizlə bank arasında sıx əməkdaşlığın göstəricisi olaraq bəzi faktları diqqətə çatdırmaq istərdik. Belə ki, 2024-cü il aprelin 1-dək AİB əməkdaşlıq çərçivəsində Azərbaycanda 4,2 milyard dollar həcmində maliyyələşdirmə proqramları reallaşdırıb.
AİB ilə ölkəmiz bu gün birgə biznes əməliyyatları strategiyasını uğurla reallaşdırır. Bu strategiya çərçivəsində bank Azərbaycanla əlaqədar kredit prioritetlərini müəyyənləşdirməyə çalışır. Eyni zamanda, maliyyə qurumu respublikamızla əlaqədar mühüm texniki yardım proqramlarında fəal iştirak edir. Ümumiyyətlə, AİB Azərbaycanla həyata keçirdiyi layihələrdə qarşıya qoyduğu məqsədləri – insanların həyat şəraitinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması, infrastrukturun müasir tələblər səviyyəsinə qaldırılması kimi vəzifələri uğurla yerinə yetirir.
Beynəlxalq maliyyə təşkilatı olan AİB 1966-cı ildə yaradılıb. Əsas məqsədi Asiya məkanında, bütövlükdə Şərq ölkələrində iqtisadiyyatın inkişafına yardım göstərməkdən ibarət olan bankın baş ofisi Filippinin Manila şəhərindədir. AİB-ni maliyyələşdirən 67 üzv-ölkə var ki, onlardan 48-i Asiya və Sakit Okean regionunda yerləşir. Azərbaycan Respublikası 1999-cu il oktyabrın 20-də Asiya İnkişaf Bankına üzvlüyə qəbul olunub. 2004-cü ilin noyabr ayından etibarən isə təşkilatın ölkəmizdə nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycanın AİB-in səhmlərində payı 0,447 faiz təşkil edir.
Respublikamızla AİB arasında səmərəli əməkdaşlıqdan danışarkən, onu da qeyd etməliyik ki, bank tərəfindən ayrılan investisiya əsasən, infrastruktur sahəsinə yönəldilib. Məsələn, elektrik enerjisinin istehsalı, dəmir yolu tikintisi, yol salınması, su və kanalizasiya ilə bağlı çoxsaylı layihələrin gerçəkləşdirilməsi bunun bariz ifadəsidir.