Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli fərmanı ilə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları” təsdiq edilib. Bununla da, ölkə ərazisində torpaqların təyinatının dəyişdirilməsi, yəni kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları müəyyənləşdirilib.
Prezident fərmanına əsasən, Nazirlər Kabineti torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciətlərə baxılmanın elektronlaşdırılmasını təmin etmək məqsədilə üç ay müddətində zəruri tədbirlər görməli, sənəddən irəli gələn digər məsələləri həll etməlidir.
Yeni qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə, Meşə Məcəlləsinə, Su Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanuna və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanıb. Bundan əlavə, sözügedən qaydalar torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi mexanizmini müəyyən edir.
Qeyd edək ki, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi ölkə Prezidenti ilə razılaşdırmaqla Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcək. Kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası daxilində əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının bir-biri arasında dəyişdirilməsi halları istisna olmaqla kateqoriya daxilində torpaqların məqsədli təyinatının dəyişdirilməsi Nazirlər Kabinetinin qərarı əsasında mümkün olacaq.
Bütövlükdə, dövlət başçısının təsdiqlədiyi “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nda torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi üçün əsaslar müəyyən edilib. Həmin əsasların bir qismi mövcud qanunların tələblərindən irəli gəlir. Bunlara isə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3-cü maddəsinə uyğun olaraq torpağın alınmasına əsas verən dövlət ehtiyacları, “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Qanuna uyğun olaraq bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilən torpaq sahəsində (su obyektində) elektrik stansiyasının tikintisinə və quraşdırılmasına icazə verilməsi, “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanuna uyğun olaraq torpaq sahəsində inşa edilmiş bina və qurğulara mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və s. daxildir.
Eyni zamanda, ehtiyat fondu torpaqlarından istifadə zərurətinin yaranması, müasir texnologiyaların tətbiqi ilə aqroparkların, fermer təsərrüfatlarının və aqraryönlü digər təsərrüfatların yaradılması məqsədilə başqa kateqoriyaya aid torpaqlardan əkin dövriyyəsinə əlavə torpaqların cəlb edilməsi, qoruyucu meşə zolaqlarının və yaşıllıq zonalarının salınması məqsədilə meşə fondu torpaqlarının tərkibinə əlavə torpaqların verilməsi, meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, habelə ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsinə zərurətin yaranması, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin tərkibinə əlavə torpaqların verilməsi və s. məsələlər də həmin əsaslar sırasındadır.
Yeni qaydalarda torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsinə və məqsədli təyinatının dəyişdirilməsinə dair müraciətlərə baxılmasından imtina halları da öz əksini tapıb. Belə ki, ölkənin makroiqtisadi və ərazinin iqtisadi inkişaf istiqamətlərinə uyğun olmadıqda torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsinə və məqsədli təyinatının dəyişdirilməsinə dair müraciətlərə baxılmasından imtina ediləcək.
Prezident İlham Əliyevin təsdiqlədiyi “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na əsasən Azərbaycanda torpağın kateqoriyasının dəyişdirilməsinə müvafiq rəylər isə Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat nazirlikləri, habelə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən veriləcək.
Elnur FƏRZƏLİYEV,
əmlak məsələləri üzrə ekspert
Dövlət başçısının məlum fərmanı son dərəcə əhəmiyyətli bir sənəddir. Fərmanla təsdiq olunmuş yeni qaydalar ölkə ərazisində torpaqların təyinatının dəyişdirilməsinə imkan yaradacaq. Bu da çoxdan gözlənilən bir addım idi. Belə ki, torpaq sahələri kənd təsərrüfatı təyinatından yaşayış məntəqələri təyinatına keçirildikdən sonra həmin ərazilərdə tikilmiş evlərə və digər obyektlərə çıxarışların verilməsi mümkün olacaq. Bununla belə, yeniliklər bəzi qadağan olunmuş ərazilərdə salınmış yaşayış massivlərinin altında olan torpaq sahələrinə şamil oluna bilməz. Bu da o deməkdir ki, qanunvericiliyin tələblərinə zidd olaraq qadağan edilmiş ərazilərdə tikilmiş yaşayış evlərinə və digər obyektlərə çıxarışlar verilməyəcək.
Eyni zamanda, torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçirilməsinə icazə verilməyən hallar da var. Belə ki, ölkənin makroiqtisadi və ərazilərin iqtisadi inkişaf istiqamətlərinə uyğun gəlmədikdə, nəzərdə tutulmuş məlumatlar olmadıqda və ya qonşu torpaqların qanuni sahiblərinin mövqeyi nəzərə alınmadığı hallarda kateqoriya dəyişikliyindən imtina ediləcək. Bundan əlavə, torpaq sahəsi ərazi planlaşdırılmasına, mühəndis-kommunikasiya sənədlərinə, ətraf mühitin mühafizəsinə və torpaq ehtiyatlarından səmərəli istifadə məqsədlərinə uyğun olmadıqda təyinatının dəyişdirilməsinə icazə verilməyəcək.
Bu qanunun təsdiqinin iqtisadi baxımından da böyük əhəmiyyəti var. Belə ki, indiyədək çıxarışların verilməməsi səbəbindən bu tip əmlakların torpaq və əmlak vergisinə cəlb olunması, sığortalanması mümkün deyildi. Bununla yanaşı, çıxarışı olmayan torpaqlar ipoteka və yaxud hər hansı bir məhkəmə predmetinə çevrilə bilmirdi. Lakin yeni qaydalara əsasən, yaxın gələcəkdə bu tip ərazilərin çıxarışla təmin olunması asanlaşacaq. Beləliklə də, ölkə büdcəsi, eləcə də digər iqtisadi sahələr daşınmaz əmlak sahəsindən də müxtəlif gəlirlər əldə edə biləcək.