Su və qida ehtiyatlarının qorunması və artırılması perspektivi
Dünən Bakı İqlim Fəaliyyəti Həftəsi öz işini davam etdirib. Beynəlxalq iqlim tədbirinin ikinci günündə bir sıra məsələlər müzakirə olunub, geniş fikir mübadiləsi aparılıb, maraqlı təklif və təşəbbüslər irəli sürülüb.
Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev çıxışında iqlim dəyişikliyinin su və qida resurslarına ciddi təsirindən bəhs edib. Onun sözlərinə görə, su resurslarının azalması bir sıra xəstəliklərə gətirib çıxarır. Bununla yanaşı, nazir iqlim dəyişikliyinin kənd təsərrüfatı üzərində də təsirinin hiss olunduğunu vurğulayaraq deyib ki, aqrar sektor Azərbaycan iqtisadiyyatının önəmli hissəsini təşkil edir: “Son illər yağıntıların az olması qida tədarükünü 10 faiz azaldıb. Xəzərdə də su səviyyəsi azalıb və bu sahilyanı zonaya ciddi təsir göstərir. Biz tədbir görməsək, bu fəsadlar artacaq. Qlobal temperatur artıq iki milyon insanın yerdəyişməsinə səbəb ola bilər”.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış edərək aqrar sektoru iqlim dəyişikliyinin birbaşa təsir etdiyi və təhlükə altında olan sahələrdən biri kimi dəyərləndirib. Bu sahədə həyata keçirilən “Harmonia” adlı yeni təşəbbüsün əsas məqsədlərindən birinin iqlim dəyişikliklərinə qarşı davamlılığının artırılmasından ibarət olduğunu vurğulayıb. Qeyd olunub ki, bu təşəbbüs çərçivəsində kənd təsərrüfatının dayanıqlı inkişafı yerli və qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayacaq. Onun sözlərinə görə, “Harmonia” təşəbbüsü, həm də kənd icmalarının imkanlarını genişləndirmək və onların iqlim dəyişikliyinə qarşı davamlılığını artırmaq baxımından olduqca əhəmiyyətlidir: “Lakin biz bu problemləri təhlükə kimi qəbul etmirik, əksinə, onları gələcək nəsillər üçün daha davamlı, səmərəli və müasir kənd təsərrüfatı sistemlərinin yaradılması üçün fürsət kimi qiymətləndiririk. İnnovativ yanaşma və müasir texnologiyalar iqlim dəyişikliyi ilə mübarizədə həlledici rol oynayır. Bununla əlaqədar olaraq Azərbaycan öz suvarma sistemlərini müasirləşdirir, fermerlər üçün suyun daha səmərəli istifadəsi imkanlarını yaradır və bərpa olunan enerji mənbələrinə sərmayə qoyur”.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş elmi işçisi İsmahane Elouafi isə çıxışında Azərbaycanın iqlim dəyişikliyi gündəliyi və mübarizədə öndə gələn ölkələrdən biri kimi dəyərləndirib. Bununla belə, ölkəmizin iqlim dəyişikliyi ilə bağlı bir sıra problemlərlə üzləşdiyini diqqətə çatdıran FAO nümayəndəsinin sözlərinə görə, dünyada su çatışmazlığı 2050-ci ilə qədər daha da kəskinləşəcək. O qeyd edib ki, iqlim dəyişikliyi artıq qlobal səviyyədə su dairələrinin dəyişməsi ilə nəticələnib və bir çox yerlərə su çatmır. Bu səbəbdən də kənd təsərrüfatında ədalətli su keçidləri nəzərə alınmalıdır.
BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisinin rəhbəri Natalia Alonso Cano son zamanlar planetin məruz qaldığı kəskin hava şəraitindən söhbət açıb, yaxın günlərdə Mərkəzi və Şərqi Avropada 22 nəfərin həyatına son qoyan istilik və yanğınları bunun nəticəsi kimi dəyərləndirib. Hazırda iqlim dəyişikliyinin dünyada kənd təsərrüfatına yararlı torpaqların 50 faizinə təsir göstərdiyini vurğulayan BMT rəsmisi deyib ki, qlobal səviyyədə itkilərə qarşı mübarizə aparılmalı və işlər sürətləndirməlidir: “Suyun istifadəsi və resursların paylanması strateji yanaşma olmalıdır. Risklərin idarə edilməsi icmalar səviyyəsində aparılmalıdır. Biz gərək dayanıqlı inkişafa sərmayə qoyaq. Bu insanları, torpaqları, gələcəyi qorumaq deməkdir. COP29 çərçivəsində biz bu həll yollarınl daha da dəqiqləşdirə bilərik. Bu bizim üçün çox yaxşı fürsətdir. Bizə lazım olan siyasi iradədir”.
Tədbirdə, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli, qurumun Torpaqdan İstifadəyə Nəzarət İdarəsinin rəisi Firidun Tağıyev, Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Məsləhətçi Qrupunun icraçı direktoru İsmahane Elouafi və başqalarının mövzu ətrafında çıxışları dinlənilib.
Həftə çərçivəsində, həmçinin “Ədalətli keçid tərəfdaşlığı və investisiyaların stimullaşdırılmasının gündəliyi” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, Azərbaycan energetika nazirinin müavini, COP29-un baş icraçı direktor Elnur Soltanov, SOCAR-ın vitse-prezidenti Əfqan İsayev, “Baker Hughes” şirkətinin birinci vitse-prezidenti Alessandro Bresciani, “AzərEnerji” ASC-nin prezidentinin strateji layihələr üzrə müşaviri Adil Əliyev, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının İnkişaf Səmərəliliyi İdarəsinin baş meneceri Mohammed Alyami, “PAŞA Holdinq”in Strateji idarəetmə departamentinin direktoru Teymur Hüseynov və başqaları iqlim dəyişiklikləri və onların təsiri, emissiyaların azaldılması, eləcə də iqlim maliyyələşməsi ilə bağlı fikir və mülahizələrini bölüşüblər.